“Kəpəz” premyer-liqanın yeni mövsümünə uğursuz başlamaqla azarkeşlərini məyus etdi. İlk 5 turda 5 məğlubiyyətlə üzləşən baş məşqçi Adil Şükürov çıxış yolunu istefa verməkdə, klub rəhbərliyi isə bu vəzifəyə Azər Bağırovu gətirməkdə gördü.
Yeni çalışdırıcının müsahibəsini təqdim etmişdik. Mütəxəssis “Futbol+”ə demişdi ki, özünə, daha doğrusu, “sarı-göylər”i premyer-liqada saxlaya biləcəyinə inanır və vəzifəsinin nə dərəcədə ciddi olduğunu dərk edir. Əlbəttə, belədi. “Kəpəz” əvvəlki əzəmətini itirsə də, kökü futbolumuzun tarixinə bağlı olduğundan uğursuzluqlar həm imici, həm də gələcəyi üçün böyük təhlükədi. Bəs komandanı elitada saxlamaq üçün nə etmək lazımdı? Kollektivin sabit nəticələr qazanmasına mane olan başlıca amillər hansılardı? Azər Bağırov düzgün seçimdimi?
Bu suallarla təcrübəli, özü də gəncəli mütəxəssis Yunis Hüseynova müraciət etdik:
“Azər Bağırova uğurlar arzulayıram. Gənc və bacarıqlı mütəxəssisdi. İnanıram ki, “Kəpəz”i premyer-liqada saxlaya biləcək. Açığı, komandanın belə durumda olması mənə xoş təsir bağışlamır. Bilindiyi kimi, kollektiv bir neçə ildi premyer-liqada qalmaq üçün mübarizə aparır. Gəncə təmsilçisinin normal büdcəsi var. Əməkdaşlarının hər dəfə sayt və televiziya vasitəsilə maddi problemləri qabartması, vəziyyəti bununla əlaqələndirməsi düzgün deyil. Mənə elə gəlir ki, AFFA-nın ayırdığı 3 milyon “Kəpəz”in uğur qazanması üçün yetərlidi. Yeni mövsümdə fərqli heyət qurdular. Legionerlər də bahalı deyil. Niyə pul çatmasın ki?! İndi Gəncədə möhtəşəm stadion tikilir. Təbii ki, azarkeşlər həmin idman qurğusunda premyer-liqa oyunlarını izləmək istəyir. Amma oyun baxımından komandanın çox zəif olduğu, hədəflərlə uyğunlaşmadığı hiss olunur. Baxmayaraq ki, “Kəpəz” indi yüksək pillələr uğrunda mübarizə aparmalıydı. Gəncə futbolu həmişə irəlidə olub. Bu bölgədə çox yaxşı futbolçular yetişib. Azarkeşləri də mükəmməldi. Sadəcə, klub rəhbərliyi tərəfindən görülən işlər doğru istiqamətdə olmalıdı. Məncə, bu vəzifələrdə futbolu bilən adamlar çalışsaydı, komanda bu vəziyyətdə olmazdı. Buna fikir verilməlidi. Gəncə təmsilçisinin bu hala düşməsinə icazə vermək olmaz. Rəhbərlik işinə çox ciddi yanaşmalıdı”.
Yunis bəy yeni baş məşqçini gözləyən problemlərdən də bəhs etdi:
“Azər Bağırovun işi çox çətin olacaq. İndi onun komandanı premyer-liqada saxlayacağına ümid etməkdən başqa nəsə edə bilmərik. Yenə deyirəm, çətin məsələdi. “Kəpəz”də dəyişiləsi çox şey var. Adil Şükürovun istefasına qədər komanda qol vura bilməmişdi. Onun gedişindən sonra əhval-ruhiyyə bir qədər fərqli oldu. “Sabah”la oyunda iki qol vurdular. Belə durum ötən mövsüm də yaşanmışdı. Azər Məmmədovun istefasından sonra komanda “Araz-Naxçıvan”a qalib gəlmişdi. O başqa məsələ ki, “Sabah” oyuna tam köklənə bilməmişdi. Rəqib matça ciddi yanaşsa, “Kəpəz” qol vura bilməzdi. Yenə də kollektivdə ruh yüksəkliyi hiss olunurdu. Ümumiyyətlə, əsas problemi klub rəhbərliyində görürəm. Komanda düzgün idarə olunmalıdı. İndi ölkə futbolunda hamı gəncəlilərin düşdüyü durumu müzakirə edir. Hər kəs hər şeyi bilir. Əvvəl buna mane olmaq lazımdı. Başqa klublarda yaşananlar bu qədər gündəmə gəlmir. Deməli, idarəçilikdə ciddi problemlər var. Belə məsələlər birbaşa rəhbərlikdən asılıdı. Kollektiv daxilində başverənlər “içəridə” qalmalıdı. Azər Bağırov da çox ciddi işlər görməlidi. Yəqin ki, heyətdə dəyişikliklər edəcək. Xüsusilə oyun tərzi və taktiki gedişlər üzərində çalışmaq lazımdı. Hər məşqçinin futbolçu seçimi baxımından öz üslubu var. Bu heyət Azər bəyin istəyi ilə qurulmayıb. Yenə də o, hara gəldiyini yaxşı bilir. Düşünürəm ki, hər məşqçi “mənim komandam” ifadəsini işlətməsə, yaxşı olar. Yeni baş məşqçi heyəti dirçəltməyə çalışmalı və premyer-liqada qalmaq uğrunda mübarizə aparmalıdı. Azər bəyin konkret hansı məqamlar üzərində çalışmalı olduğunu desəm, düz çıxmaz. Onsuz da dəyişiləsi çox şey var. Klub rəhbərliyinin uzun müddətdi ki, idarəçilikdə zəif təsir bağışladığını unutmamalıyıq”.
KƏNAN BAHADIR