Ayxan Abbasov demişkən, nəhayət, "Şamaxı" Misli premyer-liqasının yeni mövsümündə ilk ev oyununu keçirdi.
Vurğunun nədən qaynaqlandığını bilirik. Bəli, əlamətdar matçın 5-ci tura təsadüf etməsi "Sabah" və "Qarabağ"ın avrokuboklarda uğurlu çıxışına töhfə vermək istəyi ilə bağlı idi.
Bəs bu qarşılaşmada ab-hava necə idi?
Matçın start fitinə qədər tribunalarının əksəriyyəti dolan stadionda əvvəldən sona kimi azarkeş səs-küyü qulaq batırdı. Xüsusilə "şirlər"in yaratdığı qol vəziyyətləri tərəfdarlarını ruhlandırır, komanda isə hücumların sayını artırmaqla bir növ təşəkkür edirdi. Bu yöndə "Forza Neftçi" ilk hissədə çox passiv idisə, ikincidə ara-sıra dəstək verməyə başladı. Matçı tribunadan izləyən Cenk Sümərlə Yens Anderssonun bir-birinə soyuq münasibəti də qeyd olunmalı məqamdı...
Tamaşaçılar sırasında xalq artisti İlham Namiq Kamal da var idi. Düzü, incəsənət adamı o qədər soyuqqanlı idi ki, "Neftçi" yoxsa "Şamaxı" azarkeşi olduğunu büruzə vermədi. Amma onun bakılı olduğunu nəzərə alsaq, cavabı təxmin etmək çətin deyil.
Matç başlayanda meydan sahiblərinin azarkeşlərinin hələ 2022/23 "futbol ili"ndə dəfələrlə şahidlik etdiyimiz ənənəsinə sadiq qaldığını gördük. Onlar milli çalğı alətlərimizdən tütək və balabanın ifasında şüarlar səsləndirərək komandanı irəli atılmağa səsləyirdi. "Şir" elinə qayıtdı" pankartının açılması da ilk ev oyunu ab-havasına rəng qatmışdı. Baxmayaraq ki, "Sektor 56" tribunalarda yox idi.
Belədə azarkeşlərin canfəşanlığı komandanın özünü həqiqətən evində hiss etməsiylə nəticələndisə, rəqibin də şəraitin təsiri altında olduğu sezilirdi. Bunu dərk edən Roman Qriqorçuk kollektivini ruhlandırmaq üçün dəfələrlə çağırışlar etdi. Lakin nə jestləri, nə hücum cəhdləri zamanı alqışları, nə də meydanın kənarından həm qışqırmaqla, həm də əl hərəkətləriylə çatdırdığı mesajlar “ağ-qaralar"ı qola qovuşdurmadı.
Əlbəttə, "Şamaxı" ilk ev oyununda qələbə qazansa, günü daha ləzzətli keçirə bilərdi. "Şamaxı" premyer-liqaya, premyer-liqa Şamaxıya gəldi. "Neftçi" isə hələ özünə gəlməyib...
KƏNAN BAHADIR