Tomas Tuxelin istefasından sonra uzun müddət məşqçi axtarışında çətinliklə üzləşən “Bavariya” sonda üstünlüyü Vensan Kompaniyə verdi. Bunu riskli addım saymaq olar.
Düzdü, Kompani futbolçu kimi uzun illər “Mançester Siti”də top qovub və böyük uğurlar qazanıb. Amma məşqçi kimi onun özünü yüksək səviyyədə sübut etdiyini söyləmək hələ çox tezdi. 38 yaşlı mütəxəssis indiyə kimi yalnız “Anderlext” ilə “Bernli”ni çalışdırıb. Onun yeganə uğuru “Bernli”ni 2022/23-də çempionşipin qalibi edərək premyer-liqaya qaytarmasıdı.
Belçikalı mütəxəssisin birdən-birə bu cür meydan oxumaya hazır olub-olmadığını zaman göstərəcək. Hələlik isə Kompaninin budesliqanın rəsmi saytına verdiyi müsahibə ilə tanış olaq.
- Bir məşqçi üçün “Bernli”dən “Bavariya”ya keçmək irəliyə doğru atılmış çox mühüm bir addımdı. Bu təyinat necə baş tutdu? Burda sizi təəccübləndirən nə oldu?
- Əslində mən demək olar, həyatım boyunca böyük addımlar atmışam. Buna qədər çalışdırdığım klublarla müqayisə etsək və bura hardan gəldiyimi nəzərə alsaq, bəli, fərq böyük görünür. Ancaq futbolçu karyeramı və uzun illər harda oynadığımı nəzərə alsaq, bu səviyyənin mühiti, atmosferi mənə tanışdı. Həmin hissləri yaşayıram. Belə böyük klublar hər zaman şansdı. Çünki burda istədiyin hər şeyə nail ola bilərsən. Amma mənim şəxsi təcrübəmə və keçmişdən öyrəndiklərimə əsasən məsələyə bir qədər fərqli baxmaq istəyirəm. Nəticə etibarilə meydana 11 futbolçu çıxır və rəqibin eyni sayda oyunçusuna qarşı mübarizə aparır. Məşqçi yalnız idarə edə biləcəyi şeylərə köklənməlidi. Düzdü, ətrafda başverənlər də önəmlidi. Amma məşçqi bütün hər hər şeyə nəzarət edə bilməz. Məşqçi öz bacardığı işi görməlidi. Çünki onu bu vəzifəyə məhz bu işi görmək üçün təyin edirlər.
- Məşqçi kimi özünüzü necə xarakterizə edərdiz?
- İnandığım bir həqiqət var ki, məşqçi şəxsiyyət kimi necədisə, o cür də işini görməlidi. Ən önəmli məqam məhz budu. Bu illər ərzində bir çox mükəmməl məşqçinin rəhbərliyi altında oynadım. Onların bəzi özəlliklərini mənimsəməyə çalışdım. Amma özüm məşqçiliyə başlayandan sonra gördüm ki, şəxsiyyətimə, xarakterimə uyğun futbol oynatmaq istəyirəm. Mən xaraktercə yaradıcı və cəsur insanam. Dəfələrlə qeyd etmişəm ki, Brüsselin küçələrində böyümüşəm. Mənim belə bir özəlliyim var ki, komandamdan baxımlı futbol tələb edirəm və eyni zamanda baxımlı oynamağa çalışan futbolçulara üstünlük verirəm. Yəni topla başqalarından fərqli şeylər edən oyunçuları nəzərdə tuturam. Digər tərəfdən mən özüm futbolçu kimi aqressiv olmuşam. Bu üzdən fiziki futbolu da bəyənirəm. İstəyirəm ki, komandam üzərində daim çalışsın. Mənim komandam daim rəqibə narahatlıq yaratmalıdı. Məhz buna nail olmağı hədəfləyirəm. Çünki xarakterim belədi.
- Əvvəlki açıqlamalarınızda Xosep Qvardiolanın sizə yaxşı mənada ən çox təsir göstərən məşqçilərdən olduğunu qeyd etmisiz. O da “Bavariya”nı çalışdırıb. Bura gəlməmiş onunla söhbətiniz oldumu?
- Xeyr, gəlməmişdən əvvəl söhbətimiz olmamışdı. Mənim üçün neytral qərar vermək önəmli idi. Ondan sonra isə Qvardiola və başqaları ilə söhbət etdim. Çünki futbolçuları və buranın insanlarını anlamağa çalışdım. Bu, ona bənzəyir ki, mən Münhenə və ya “Bavariya”ya gələrək mümkün qədər çox informasiya toplayıram. Çünki buranın ab-havasına tez uyğunlaşmaq istəyirəm. Dərhal oyunçuları ruhlandırmaq və onlara öz ideyalarımın doğru olduğunu göstərmək istəyirəm.
- Məşqlərdə dronlardan istifadə edirsiz. Eyni zamanda sizin məşqin gedişində, müxtəlif hərəktlər yerinə yetirilərkən yüksək səsli musiqi qoşmağınız barədə də çox yazı dərc olunub. Belə çıxır ki, siz də müasir ideyalara baş vuran məşqçilərdənsiz.
- Mən ilk növbədə düşünməyi xoşlayıram. Sadəcə, emosional şəkildə düşünə-düşünə özünə qapanmağı nəzərdə tutmuram. Bəzi şeylər barədə düşünürəm. Onların rasional olduğunu gördükdə və bizə nələr verə biləcəyini anladıqda həmin fikirləri həyata keçirməyə çalışıram. Bəlkə də kənardan kimlər üçünsə mənim ideyalarım və qərarlarım doğru görünməyə bilər. Amma mən kifayət qədər özüməəmin insanam. Hər qərarımın da doğru olduğuna inanıram. Amma dronlar futbolda yeni bir şey deyil. Onların xidmətindən çoxdan istifadə olunur. Dronların sayəsində məşqdə başverənlərə fərqli gözlə baxmaq imkanım olur. Musiqidən istifadə etmək isə mənə maraqlı gəlir. Havalar isti keçir. Adətən, qışda soyuq və yağışlı havada futbolçular məşqə hazırlığa trenajor zalında başlayırlar. Onlar orda nə edirlərsə, burda da isti havada 80 faiz hallarda həmin şeyləri edirlər. İdman zalında, adətən, musiqi qoşulu olur. Ona görə də futbolçular üçün həmin şərtləri yaratmağa çalışıram. Bu, yenilik kimi səslənir. Amma bu dediklərimdə məntiq var.
- “Bavariya”nın ötən mövsümdəki çıxışını təhlil etmisiz? Yoxsa buna ehtiyac görmürsüz və hər şeyə sıfırdan başlamaq istəyirsiz?
- Az öncə qeyd etdim ki, bura gəlməmiş özümdə neytral fikir formalaşdırmağa çalışdım. Bu, həm də ötən mövsümü təhlil etməklə bağlı idi. Hər şeyi beynimdə təhlil edərək yeni mövsümdə nəyi daha yaxşı edə biləcəyimizə və nələrin yanlış getdiyinə qərar verməyə çalışdım. Mən həm də çalışıram ki, əsas futbolçuların zədələnməsini problemə çevirməyim. Belə məqamlarda başqa futbolçuların reaksiyasını, onların komandaya verəcəyi şeyləri görmək mənə maraqlıdı. Həmin futbolçular uzun illər başqa – daha uğurlu futbolçuların kölgəsində qalıb. Onların hesabına uğur qazanıblar. Ona görə də indi özləri lazımi reaksiyanı göstərməlidi.
- “Bavariya”ya ilə bağlı ötən mövsüm az qala hər gün tənqidi yazılar, fikirlər peyda olurdu. Siz buna hazırsız?
- Az öncə qeyd etdim ki, mən özüm də uzun illər belə mühitdə oynamışam, yaşamışam. Ona görə də tənqidi fikirlərlə, yazılarla çox qarşılaşmışam. Komanda zəif və həssas dönəmdən keçərkən bunların baş verməsi normaldı. Belə məqamlarda əl-ələ vermək, birləşmək və səndən asılı olan şeylərə köklənmək lazımdı. Növbəti oyunda qələbə qazanmağı nəzərdə tuturam. Bu quyudan yalnız istedad və məşqlərdə durmadan çalışmaq sayəsində çıxmaq olar. Futbolçu özünü dünyanın ən vacib insanı saya bilər. Belə şeylərdən uzaq durmaq lazımdı. Futbolçu gərək həm fərdi şəkildə güclənməyə çalışsın, həm də komandaya mümkün qədər çox fayda vermək barədə düşünsün. Təbii ki, “Bayer-04”ün ötən mövsüm 90 xal toplamasını unuda bilmərik. Amma futbolçular etdiklərinə görə peşman olmamalıdılar. Belədə bu cür böyük klub uğur qazana bilər.
- Yeri gəlmişkən, “Bayer-04” ötən mövsümü bundesliqada məğlubiyyətsiz başa vurdu. Bunu təkrarlamaq çətin olacaq. Yeni mövsümdə necə mübarizə gözləyirsiz?
- “Bayer-04”ün ötən mövsümdəki göstəricisini “Bernli”nin başında çempionşipdə oynadığımız mövsümdə əldə etdiyim göstəriciyə bənzədərdim. Demək istəyirəm ki, onların bir daha bunu təkrar edə bilməyəcəyini düşünsək, səhvə yol vermiş olacağıq. Yeni mövsümə çox ciddi hazırlaşmalıyıq. “Bayer-04”ün gələn il də 90, hətta daha çox xal toplamaq potensialı var. Amma biz qarşıya hədəf qoymalıyıq ki, neçə xal toplamalarından asılı olmayaraq, turnir cədvəlində biz onlardan üstün olaq!
- Joao Palyinya, nəhayət, “Bavariya”dadı. Sizcə, o, komandaya hansı keyfiyyətləri aşılaya bilər?
- Bu suala çox asanlıqla cavab verə bilərəm. Onun əsas üstünlüyü müdafiə olunmaq qabiliyyətidi. Oyunu oxumaq bacarığı yüksək səviyyədədi. Bunun sayəsində hər oyunda rəqibin bir çox hücumunun qarşısını kəsməyi, rəqibdən topları “oğurlamağı” bacarır. “Bavariya”nın futbolçusu olmağa imkan verən bütün keyfiyyətlər onda toplaşıb. Yeni futbolçu gələndə hər kəsin ona maraq göstərməsi, onun barədə danışması normaldı. Biz indi Palyinyanın uyğunlaşmasını mümkün qədər tezləşdirməyə çalışırıq. Amma ən böyük arzum onun özünü bu komandanın bir parçası hesab etməsi və “Bavariya”nın maraqlarını öz maraqlarından üstün stutmasıdı. Komandanı belə məsələlərdə ideal səviyyəyə çatdırmağa yardım edə biləcək futbolçulardandı.
- Keyn hazırlıq dönəminə yeni qoşulub. Onunla tətili zamanı söhbətiniz oldumu? AÇ-nin finalındakı məğlubiyyət ona çox pis təsir etdi. Çünki ciddi şəkildə karyerasının ilk titulunu qazana biləcəyinə inanırdı.
- Xeyr, söhbətimiz olmadı. Keyn onsuz da uzun illərdi həm klubda, həm də yığmada kapitan və liderdi. Mənim həyat yoldaşım ingilisdi. Həm o, həm də uşaqlarım İngiltərə yığmasına azarkeşlik edir. Ona görə də Keynə yığmanın kapitanı kimi AÇ-də uğurlar arzulamışdım. Amma finaldakı məğlubiyyətdən sonra o artıq belə desək, özü öz liderinə çevrildi. Həm bu durumun öhdəsindən gəlməli, həm də ətrafındakılara bu baxımdan yardım etməli oldu. Əminəm ki, finalda qeydə alınan məğlubiyyət yeni mövsümdə onun üçün əlavə motivasiya mənbəyi olacaq.
- Sizcə, mövsümün sonunda insanlar “Bavariya”nı hansı sözlərlə xarakterizə edəcək?
- Artıq qeyd etdim ki, böyük komandada yer almağın nə demək olduğunu bilirəm. Burda onsuz da yüksək səviyyəli futbolçular toplaşıb. Onlar komandanın maraqlarını ön plana qoysalar, həqiqətən də əla nəticələr əldə edə bilərik. Mən buna inanıram. Suala gəlincə, ümid edirəm ki, insanlar mövsümün sonunda “Bavariya” haqda danışarkən “dahi komanda” ifadəsini işlədəcəklər. Bu, mənim üçün böyük fəxr olardı.
ƏLİ RAUFOĞLU hazırladı