A seriyasında 2024/25 mövsümü start götürdü. İtaliya çempionatının yeni mövsümü ərəfəsində yüksək liqada baş verən dəyişikliklərə və diqqəti daha çox cəlb edən transfer əməliyyatlarına nəzər salacağıq.
Xatırlatma
Əvvəlcə 76 günlük fasilədən sonra başlayan liqanın ötən mövsümünün yekunlarını xatırlayaq. “İnter” aprelin 22-də finişə 5 tur qalmış üç ildən sonra 20-ci dəfə ölkə çempionu olmuşdu. Yeri gəlmişkən, İtaliyada ən çox çempionluq qazanan komandanın “Yuventus” (36) olduğunu yada salaq. Bu planda 3-cü yeri isə 19 skudetto ilə “Milan” tutur.
Yekun turnir cədvəlindəki sıralamaya əsasən “İnter”, “Milan”, “Yuventus”, “Atalanta” və “Bolonya” cari mövsümdə İtaliyanı Çempionlar Liqasında (ÇL) təmsil edəcək. ÇL-də təmsilçi sayının 5-ə yüksəlməsi İtaliya klublarının avrokubokların son mövsümündə bütün ölkələrdən çox əmsal (21,000) qazanmasına görədi. “Roma” və “Latsio” Avropa Liqasına, “Fiorentina” isə Konfrans Liqasına (KL) vəsiqə qazanıb. Uğursuzlara gəlincə, son üç yeri tutan “Frozinone”, “Sassuolo” və “Salernitana” yeni mövsümə B seriyasında başlayacaq. Bu komandaları A seriyasında “Parma”, “Komo” və “Venetsiya” əvəzləyəcək. Əlbəttə, son çempion “İnter”ə mövsümün hər iki oyununda qalib gələn “Sassuolo”nun 2-ci diviziona düşməsi səs-küylü oldu. Əvəzində “Parma” üç ildən sonra A seriyasına qayıdıb.
Məşqçi dəyişiklikləri
Mövsümlərarası dövrdə diqqəti daha çox cəlb edən hadisələr əksər klublarda məşqçi dəyişikliyinin baş verməsi oldu. Yeni mövsümdə A seriyasında çıxış edəcək 20 klubdan yalnız 6-sı əvvəlki çalışdırıcıları ilə mübarizəyə davam edəcək: gözlənildiyi kimi, Simone İnzaqi çempionluğa daşıdığı “İnter” ilə müqaviləsini yeniləyib, onun həmkarlarından Can Pyero Qasperini “Atalanta”, Daniele De Rossi “Roma”, Alberto Cilardino “Cenoa”, Luka Qotti “Leççe” və Fabio Pekkya ən yüksək liqaya çıxardığı “Parma”dakı fəaliyyətini davam etdirəcəklər.
Yayda 14 (!) məşqçinin postu ilə vidalaşmasının müxtəlif səbəbləri olub. İlk növbədə əvvəlki çempionun Françesko Kaltsona ilə yolları ayırmasını vurğulayaq. Daha doğrusu, “Napoli”nin başına fevralda müvəqqəti təyinat alan 55 yaşlı mütəxəssisin imzaladığı müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. Kaltsona artıq sıralarına qayıtdığı Slovakiya yığmasına Avropa çempionatında başçılıq edib. Onun boşaltdığı vəzifəyə Antonio Konte təyinat alıb. Skudettoya 4 dəfə sahib çıxan 55 yaşlı mütəxəssis üç ildən sonra vətəninə qayıdıb. “Milan”ın ardıcıl iki mövsümü titulsuz başa vurması Stefano Pyolinin baş məşqçi vəzifəsindən istefaya göndərilməsini qaçılmaz edib. Komandanı 2022-ci ildə çempionluğa daşıyan 58 yaşlı məşqçiyə Paulu Fonseka xələf seçilib. Portuqaliyalının 2019-21-ci illərdə “Roma”da işlədiyini xatırladaq. Son mövsümün bürünc mükafatçısı “Yuventus”da Massimiliano Alleqrinin ikinci məşqçilik dövrü çempionatın finişinə iki tur qalmış başa çatmışdı. Turinlilərlə 5 dəfə skudettoya və 5 dəfə ölkə kubokuna nail olan 57 yaşlı mütəxəssisin yerini “Bolonya”nı sürpriz şəkildə ÇL-ə çıxaran Tyaqo Motta tutub. İtaliya yığmasının sabiq yarımmüdafiəçisinin əvvəlki komandasına isə “Fiorentina”nı ardıcıl iki dəfə KL-in finalına daşıyan Vinçentso İtalyano təyinat alıb. Onun Florensiya klubundakı postunu “Montsa”nı tərk edən Raffaele Palladino tutub. Montsalılar isə baş məşqçi problemini “skuadra adzurra” ilə D-2006-nın qalibi olan Alessandro Nesta ilə yoluna qoyublar. İqor Tudorun martda təyinat aldığı “Latsio”nu tərk etməsi gözlənilməz oldu. Deyilənə görə, xorvatiyalı Roma klubundan rəhbərliyin inkişaf siyasətindən narazı qaldığı üçün ayrılıb. Ona xələf seçilən Marko Baroni paytaxtda işləməyə razılıq verdiyi üçün “Verona”dan ayrılıb. Baroninin yerinə Paolo Zanetti layiq bilinib. “Torino”da daha bir xorvatiyalı İvan Yuriçin üçillik fəaliyyəti sona çatıb. Rəhbərlik ona “Venetsiya”nı A seriyasına çıxaran Paolo Vanolini xələf seçib. Venetsiyalıları yeni mövsümdən Eusebio Di Françesko çalışdıracaq. Onun yüksək liqada iş təcrübəsinin olması yeni komandası üçün müsbət amil kimi dəyərləndirilir. Digər dəyişikliklərə gəlincə, “Udineze”də Fabio Kannavaronu Kosta Runyaiç, “Kalyari”də karyerasını 72 yaşında başa vuran Klaudio Ranyerini Davide Nikola, Nikolanı “Empoli”də Roberto D’Aversa, uelsli Osian Robertsi isə “Komo”da onun köməkçisi Fransesk Fabreqas əvəzləyib.
Liqanın itkiləri və qazancı kimlərdi?
Hələ ki, yay “transfer pəncərəsi” açıqdı və avqustun sonuna qədər komandaların sıralarında dəyişikliklər baş verəcək. Artıq arxada qalan iki ayyarımdan artıq müddətdə diqqəti cəlb edən bir sıra keçidlər baş tutub. Sözsüz, A seriyasının itkiləri sırasında son mövsümün kəşflərindən sayılan müdafiəçi Rikkardo Kalafyorinin “Bolonya”dan “Arsenal”a satılmasını ilk növbədə vurğulamalıyıq. Son üç ildə “Milan”ın formasını geyən fransalı dünya çempionu Olivye Jiru “Los Anceles”ə keçib. “Latsio”nun heyətində A seriyasında 169 qol vuran daha bir təcrübəli hücumçu Çiro İmmobile isə azad agent kimi “Beşiktaş”a yollanıb.
İtaliyanın elit liqasının qazandığı oyunçuların siyahısına nəzər salarkən gözqamaşdıran futbolçuların sayının azlığı diqqətdən yayınmır. Bu baxımdan yalnız birinin adını çəkmək olar. Uzun fasilədən sonra A seriyasına qayıdan “Komo” fransalı dünya çempionu Rafael Varan və ispaniyalı qapçı Pepe Reyna ilə güclənib. Daha bir ispaniyalı əlcək sahibi David De Xea “Fiorentina”ya qoşulub. İspaniya yığması ilə bu yay qitə çempionu olan hücumçu Alvaro Morata isə “Milan”a keçib. 31 yaşlı sabiq “Yuventus”lu iki ildən sonra yenidən İtaliyada top qovacaq.