“Qarabağ” Zaqreb “Dinamo”suna 0:3 uduzmaqla futbolsevərləri şoka saldı. Artıq Çempionlar Liqasının qrupundan əlini üzənlər də çoxdu. Hər şeyə avqustun 28-də “Bəhramov”da aydınlıq gələcək.
“Qarabağ”ın sabiq oyunçusu Vild-Donald Gerye “Football-plus.az”ın suallarını cavablayıb.
- “Qarabağ”ın Zaqreb “Dinamo”su ilə oyununu izlədinmi? Fikirlərin maraqlıdı...
- Bəli, oyunu izlədim. Rəqib də yetərincə hazırlıqlı idi. Bu futboldu, bəzən stadionda əlindən gələnin ən yaxşısını etsən belə, istədiyin nəticəni almaya bilərsən. Düşünürəm ki, artıq “Qarabağ” səhvlərini gördü və mütləq Qurban Qurbanov komandası ilə birgə bu səhvlərin üstündə işləyəcək.
- “Dinamo” daha güclü və təcrübəlidi, yoxsa “Qarabağ”ın bəxti gətirmədi?
- “Qarabağ”a göstədiyi əzmə görə təşəkkür edirəm. Düşünürəm ki, komanda irəliləməyə davam edəcəklər. Çox keyfiyyətli idmançılar qol fürsətlərini qaçırdılar. Fikrimcə, konsentrasiya və ya başqa səbəb ilə bağlı deyil, sadəcə, futbolçular üçün həmin gün uğursuz idi. Juninyo qol vurmaq üçün əlindən gələni etdi. Onu günahlandırmaq istəmirəm. Futbolçular da həmin gün uğursuzluqla üzləşdilər. Onlar hesabı bərabərləşdirməyə çalışdılar, lakin alınmadı.
- “Qarabağ”ın Bakıda geridönüş edərək qrupa düşmək ehtimalı nə qədərdi?
- Təbii ki, Qurban Qurbanov bütün səhvləri gördü, stadionda nə baş verdiyini gördü və bunun üzərində ciddi çalışacağına əminəm. O komanda, oyunçuları üçün lazım olan hər şeyi edəcək.
- “Qarabağ”ın Avropada yeni uğurlar qazandığının görəndən sonra “ kaş orda olaydım”, - deyə təəssüflənirsənmi?
- Mən böyük sevinclə günbəgün “Qarabağ”ın necə böyüdüyünü və gücləndiyini seyr edirəm. Çox qürurluyam ki, bu komandanın üzvü olmuşam, tarixində izim var. Həmişə “köhlən atların bütün oyunlarını izləyirəm, dəstəkləyirəm. Bu komanda mənim evimdi. Hətta komandada oynamasam belə , “Qarabağ” harda oynayırsa, onun bütün oyunlarını üzümdə təbəssümlə, fərəhlə izləyirəm, çünki mən də bu ailənin bir üzvü olmuşam.
- Sənin çıxış etdiyin “Qarabağ”la indiki arasında nə fərq var?
- Hələ də “Qarabağ”a münasibətdə çox gözəl duyğularım, pozitiv düşüncələrim var. İstəyir “Barselona” və ya “Real” ol, Bakıya gələndə “Qarabağ” sənə kim olduğunu göstərmək üçün əlindən gələni edir. Çünki biz “Qarabağ” deyəndə, sadəcə, bir ad nəzərdə tutmuruq, bu, böyük bir komandadı. Bu adın arxasında böyük tarix var. Yadımdadı, mən “Qarabağ”da olanda Qurban Qurbanov hamımızın zehninə qazımışdı ki, “Qarabağ” yalnız komanda deyil, həm də Qarabağda zülm görmüş Azərbaycan əhalisini təmsil edir. Bunların hamısı "Qarabağ"ın, sadəcə, komanda adı olmadığını anlamağa kifayət edir. Bu adın arxasında çoxlu hekayə və böyük tarix var. Bu ölkədə tarixən çoxlu faciə yaşanıb. “Qarabağ” oynayanda və qalib gələndə həmin insanların üzünə təbəssüm gətirir. İnanıram ki, Qurban Qurbanov bütün metodlardan istifadə edərək onlara Qarabağın hansı anlama gəldiyini xatırladır, xatırladacaq. Yenə deyirəm , bu bir oyundu. Oyunda udmaq da, uduzmaq da var. Amma inanıram ki, Zaqrebdəki səhvlər Bakıda əsla təkrarlanmayacaq.
RÖYANƏ OĞUZ