Nuri Şahinin Dortmund “Borussiya”sının başında necə təsir bağışlayacağı böyük maraqla gözlənilir.
Düzdü, gənc mütəxəssis bu klubu gözəl xatırlayır. Çünki futbolçu kimi karyerasının böyük hissəsini Dortmundda keçirib. Amma məşqçi kimi onun o qədər də böyük təcrübəsi yoxdu. 35 yaşlı mütəxəssis yalnız iki ilə yaxın Türkiyənin ortabab klubu “Antalyaspor”u çalışdırıb. Bu dəfə isə o, Çempionlar Liqasının son finalçısını, dünyada ən güclü azarkeş ordusuna malik olan klublardan birini çalışdıracaq. Şahin bugünlərdə bundesliqanın rəsmi saytına müsahibə verib.
- Öncə Yaponiya turnesi barədə fikirlərini öyrənək. Oraları bəyəndiz?
- Yaponiya çox xoşuma gəldi. Özümü çox rahat hiss etdiyim nadir ölkələrdən biridi. Çünki təmiz, səliqəli, hər baxımdan rahat ölkədi. Oranın mətbəxini də bəyənirəm. Düzdü, ekzotika ilə çox da aram yoxdu. Amma məhz Yaponiyanı bəyənirəm.
- Nə vaxt baş məşqçi olmağa qərar verdin?
- 2015-ci il mənim üçün dönüş anı oldu. Həmin vaxt ağır zədə aldım və gələcəkdə məni nəyin gözləyəcəyini bilmirdim. Yürgen Kloppun “Borussiya”da dönəmi başa çatmış və Tomas Tuxelin dönəmi yenicə başlamışdı. Əslində onların ikisi də məşqçi kimi məni heyran etməyi bacardı. Zədəli olduğum günlərin birində Tuxel taktika lövhəsində bizə bəzi şeyləri izah etməyə başladı. Onu izləmək mənə çox maraqlı gəldi. Bizdə məşq bazasında videosessiyalar olurdu. Tuxel orda bizə Con Terri və Karles Puyolun videolarını göstərərkən bu, diqqətimi çəkdi. Tuxel hər şeyi o qədər ətraflı və coşqulu şəkildə izah edirdi ki, onu tər basmışdı. Şəxsən mənim üçün çox maraqlı və maarifləndirici toplantılar idi. Məndə məşqçiliyə maraq məhz həmin günlərdə başladı.
- Karyeranda bir çox önəmli məşqçilərin başçılığı altında oynamısan. Başqa məşqçilərdən də nəsə götürmüsən, yoxsa sənə elə ən ciddi təsir edən Kloppla Tuxel olub?
- Bəli, çox düzgün qeyd etdiz.Mənə bir sıra önəmli məşqçilərin başçılığı altında oynamaq qismət olub. Təbii ki, hər birindən nəsə götürməyə çalışmışam. Sadəcə, mənə daha çox təsir edən iki məşqçinin adını çəkməyimi istəsəz, əvvəlcə Kloppu, sonra Tuxeli qeyd edərdim. Klopp belə desək, tam komplekt bir məşqçidi. Tuxelin isə detallara sevgisi başqa səviyyədədi. Onun dönəmində hər oyundan sonra mən hiss edirdim ki, nəsə yeni bir şey öyrəndim.
- Sənə tanış bir yerdə, amma fərqli bir roldasan. “Borussiya”nın başında ilk həftələrdə nələr hiss etdin?
- Mən burda ilin əvvəlindən məşqçilər korpusundaydım. Yəni hissiyyat baxımından ciddi fərq yoxdu. Yeganə fərq odu ki, indi bütün məsuliyyət mənim üzərimdədi. Köməkçi olduğum dönəmdə işə yanaşma tərzim necə idisə, indi də elədi. Amma indi bütün çətin qərarları mən özüm qəbul edirəm. Qərarlarım düzgün olduqda oyunçularla problem yaşamayacam. Amma bəzən çətin qərar zamanı hansısa futbolçu mənə “sən köməkçi olanda hər şey başqa cür idi” deyə bilər. İndiki işim məhz bu cürdü. İlk gündən futbolçulara dedim ki, ünsiyyət baxımından heç nə dəyişməyəcək. Yalnız qərarlar dəyişəcək.
- Az öncə məşqçilik sahəsində sənin üçün rol-model olan insanları qeyd etdin. Amma yəqin ki, öz yolunla irəliləməyə çalışacaqsan.
- Hər gün inkişafa can atmalısan. Klopp “Liverpul”da məhz bunu edirdi. Qvardiola isə “Mançester Siti”də sanki hər il özünü yenidən kəşf edir. Mən məşqçilikdə inkişaf mərhələsini bitirdiyimi söyləsəm, düzgün olmaz. Amma bu iş üçün artıq yetişdiyimi və öz ideyalarımın olduğunu düşünürəm. Məsələn, Yaponiya turnesini götürək. Özüm üçün indidən bəzi şeyləri dəqiqləşdirdim və artıq gələn dəfə ora yollananda nələri fərqli edəcəyimi bilirəm. Futbolçu kimi Amerikaya da, Asiyaya da çox yollanmışam. Bu turnelərə futbolçu və məşqçi kimi yollanmaq arasında böyük fərqlər var.
- AÇ-2024-ü izlədinmi? “Borussiya”nın oyunçuları necə təsir bağışladılar?
- Düzdü, hər oyuna əvvəldən sona qədər baxmadım. Amma bir çox qarşılaşmaları izləyə bildim. Evdə sənin sevginə və köməyinə ehtiyac duyan iki körpə uşaq olanda hər oyuna baxmaq mümkün deyil. Bizim komandanı təmsil edənlər pis təsir bağışlamadılar. Qollar vurdular və oynamaq şansı qazandılar. Bu isə heç də az əhəmiyyət daşımır. Amma məşqçi kimi mənim üçün ən önəmlisi onların ciddi zədə almadan qayıtması oldu. Eləcə də Covanni Reyna da Amerika Kubokundan zədəsiz qayıtdı. Artıq onların hamısı bizimlə məşq edir.
- Çempionlar Liqasının finalındakı məğlubiyyət ötən mövsümlə bağlı təəssüratları bir qədər korladı. Bununla belə, 2023/24-dən hansı müsbət məqamları qeyd edərdin?
- İlk növbədə ötən mövsüm göstərdi ki, “Borussiya” ən yüksək səviyyədə istənilən rəqiblə başabaş mübarizə aparmağa qadirdi. “Real”a qarşı finalda layiqli futbol sərgilədik. Hətta bəzi anlarda onları üstələdik. İstənilən halda ÇL-dəki performansımız irəliyə doğru atılmış böyük bir addımdı. 1/8 finalda Eyndhovendəki oyundan sonra Edin Terziç bu komandanın finala qədər irəliləyə və hətta titul qazanmağa qadir olduğuna inanan bəlkə də yeganə şəxs idi. Biz də sonradan, hər oyundan-oyuna buna inanmağa başladıq. Həmin inam indi bizim üçün də dərs olmalıdı. Məşqçilər korpusunda və heyətdə müəyyən dəyişikliklər baş verib. Üstəlik hazlılıq dönəminə Taylandda çox pis start verdik. Amma nə olur-olsun, uğurlu sonluğa inanmaq lazımdı.
- “Borussiya”da hədəflərin və planların nədi?
- Hər məşqçinin işə yanaşma, baxış tərzi fərqlidi. Mən insani keyfiyyətlərə önəm verirəm. Mənim üçün bu klubda yer alan hər kəsin səhər tezdən bura böyük həvəslə gəlməsi, üzərində durmadan işləməsi və bu prosesdən zövq alması çox önəmlidi. Bura klubun işçiləri də, aşpazları da, futbolçuları da daxildi. Məhz bunun təməlini düzgün qoymalıyıq. Çünki hər şey məhz belə məqamlardan başlayır. Bu sadaladıqlarım zəncirvari şəkildə bir-birindən asılıdı və komandanın nəticiələrində böyük rol oynayır. Heyətimizdə onsuz da istedadlı futbolçular az deyildi. Bu yay heyəti başqa istedadlarla da gücləndirmişik. Ona görə də yeni mövsümün startını səbirsizliklə gözləyirəm.
ƏLİ RAUFOĞLU hazırladı