Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ilk oyunda “Sumqayıt”a qalib gələn (2:1) “Fehervar” evdə meydana üstünlüklə çıxacaq.
“Football-plus.az” xəbər verir ki, Macarıstan təmsilçisinin kapitanı Aron Çonqvay “sportal.hu”ya verdiyi müsahibədə bu görüşdə də qalib gəlmək istədiklərini bildirib:
“Qələbə qazanmaq istəyirik! Öndə olmağımız müsbət haldı, lakin bu, məqsədimizi, yəni ilk ev matçımızda qalib gəlməyimizi dəyişmir. Azarkeşlərimizə göstərmək istəyirik ki, belə matçlarda üstünlük təşkil edə bilərik ki, bu da bizim üçün müsbət ola bilər. Çətin matç gözləyirəm. “Sumqayıt” çox güclü komandadı. Rəqib meydana qələbə üçün çıxacaq. Amma biz buna hazırıq. Qalib gələcəyimizə əminəm”.
Xatırladaq ki, “Fehervar” - “Sumqayıt” matçı Bakı vaxtı ilə saat 21.00-da start götürəcək.
KAMAL SƏFƏR