Bu yay “Real” üçün böyük təqdimatlar ayıdı. Bir həftə əvvəl Kilian Mbappe “Santyaqo Bernabeu”nun dolu tribunaları önündə publikaya təqdim olundu.
"Football-plus.az" xatırladır ki, sonuncu dəfə belə izdiham Kriştiano Ronaldo Madridə gələndə yaşanmışdı. Bu dəfə isə Endrik – parlaq karyera quracağı gözlənilən 17 yaşlı braziliyalı hücumçu təqdim olundu. Mərasimə 45 min adam təşrif buyurmuşdu. “Santyaqo Bernabeu” vaxtilə heç Vinisius Juniorla Rodriqonu belə həvəslə qarşılamamışdı. Bəs Endrik ətrafında belə səs-küy yaranmasının səbəbi nədi? Vunderkind necə oynayır, yeni mövsümdə ondan nəsə gözləməyə dəyərmi?
16 yaşda 60 milyon avro!
Endrik Brazililia federal dairəsində, ölkə paytaxtının yaxınlığında yerləşən Taquatinqdə - dağlıq ərazidə doğulub. Artıq 8 yaşı olanda ölkənin aparıcı klubları onu izləyirdi, 10 yaşı olanda adı bütün skautların dilində idi.
Bu uşağı gözdən qaçırmaq gerçəkdən mümkün deyildi. Texnika, qol vəziyyətlərindən ustalıqla yararlanmaq, meydanda ağıllı qərarlar – bir çox istedadlı uşaqda bu keyfiyyətlər var. Ancaq Endrik fiziki durumuna görə xüsusi seçilirdi. O, həmyaşıdlarından güclü və cüssəli idi, hədsiz çox qaçır və dərhal da gücünü bərpa edirdi. Bir sözlə, bu adamın genetikası elədi ki, idmançı olmaması cinayət olardı. Belə fikirlər də var idi ki, bir qədər böyüyəndən sonra, həmyaşıdları ona çatandan sonra Endrik artıq parlaq təsir bağışlaya bilməyəcək. Ancaq illər keçdi, forvard böyüklərin futboluna adladı və parlamaqda davam edir.
Endrikin ailəsi əvvəlcə onu “San-Paulu”ya yazdırmaq istəyirdi, ancaq problem var idi. Ailə həmin şəhərdən min kilometr uzaqda yaşadığından futbolçu üçün aylıq məvacib və onun atası Duqlas üçün iş istədi. Ancaq “San-Paulu”nun təklifi gülməli idi – ayda 27 dollar!
Və bu zaman Braziliyanın daha bir təmsilçisi, San-Paulunun ikinci klubu “Palmeyras” üfüqdə göründü. “Palmeyras” Paulista ştatının 26 qat çempionu, Braziliya A seriyasının 12 qat qalibi və Libertadores klubunun 3 qat qalibidi. Onlar Duqlasa stadionda texniki işlərdən birini tapşırıb, 60 dollar maaş yazdılar, Endriki isə akademiyaya götürdülər. Ardından onun anası Sintiya və qardaşı da San-Pauluya köçdü, yeniyetmə ulduzun “artırması” üçün hər cür şərait yaradıldı.
Həmin vaxt Endrikin atası dişləri olmadığından yeməyi çeynəməkdə çətinlik çəkirdi, bu üzdən “Palmeyras”ın yeməkxanasında yalnız sup sifariş edirdi. Komandanın oyunçuları bunun fərqinə vardılar və ona diş düzəltdirdilər. Endrik isə kluba daha artıq dərəcədə vuruldu və tezliklə ilk sponsorluq müqaviləsini bağladı – “Odonto” stomatoloji klinikası ilə.
16 yaşında böyüklər arasında debüt etdi. Artıq ikinci oyunda dubl etdi və “Palmeyras” tarixinə ən “gənc” qolun müəllifi kimi düşdü. İki dəfə ölkə çempionu oldu, müntəzəm qollar vurdu, Paulista ştatının ən yaxşı gənc oyunçusu sayıldı. Qısası, qısa müddətdə Braziliyalının ən böyük istedadlarından biri statusuna yiyələndi.
Endrikin 16 yaşı olanda “Palmeyras” onu 60 milyon avro müqabilində “Real”a verməyə razılaşdı. Futbolçunu kəşf etməkdə böyük rol oynayan agent Paulo Roka deyir ki, Madrid nəhəngi yeni Neymarı əldən qaçırmaq istəməyib.
Düzdü, Endriki Neymarla müqayisə etmək hələ tezdi. Neymar 17 yaşında Braziliya liqasında “at oynadırdısa”, Endrik, sadəcə, yaşına uyğun olmayan dərəcədə yetkin və effektli oynayır. Yeniyetmə ulduzun yığmadakı oyununa da birmənalı qiymət vermək çətindi. Vunderkind yazda İngiltərə ilə yoldaşlıq oyununda qələbə topunu (1:0) vurmaqla “Uembli”də qol vuran ən gənc oyunçu statusunu da qazandı. Bir neçə gün sonra isə ispanların qapısına yol tapdı.
Amma Amerika Kubokunda hər şey yaxşı olmadı. Endrik turnirə əfsanəvi 9 nömrəli futbolka ilə yollandı. Kosta-Rikaya qarşı 19, Paraqvaya qarşı 11, Kolumbiyaya qarşı 4 dəqiqə oynadı. Ardından Uruqvayla oyunda start heyətində göründü və axıra qədər oynadı. Amma nə fayda: Endrik turnir boyunca məhsuldar hərəkətlə yadda qalmadı, qapıya cəmi iki zərbə vurdu və topa yalnız 35 dəfə toxundu. Odu ki, yeniyetmənin istedadını hələ şişirtməyə dəyməz – önümüzdə həqiqətən çox istedadlı oyunçu dayansa da, onu indidən “Real”ın yeni ulduzu adlandırmağa dəyməz.
Yaxşı yönləri nədi?
Endriki klassik mərkəz hücumçusu adlandırmaq olmaz. O, daim hərəkətdədi. “Palmeyras”da müntəzəm sağ cinahda oynayıb, ordan mərkəzə meyillənərək topu işlək sol ayağına çevirib və ya bir qədər arxadan oynayan hücumçu mövqeyində qərarlaşıb. Onun üstün yönləri daimi dinamika və bitirici mərhələdəki ustalığıdı. Üstəlik komanda hərəkətlərində də yaxşıdı. Braziliyada deyirlər ki, Endrik üslubuna görə gənc Adrianonu xatırladır. O da möhtəşəm zərbələrə malik güclü solaxay idi.
Endrik müdafiəçiləri fiziki gücü hesabına qabaqlamağa çalışır, ancaq driblinq tətbiq etməyə, uzaq məsafədən zərbə vurmağa da qadirdi. Topa nəzarət baxımından da hər şey qaydasındadı – Endrik həmişə başını yuxarı qaldırıb oynayır, ətrafındakı vəziyyəti dəyərləndirir. O, topa yüngül toxunuşlarla irəliləyə və ya topu hərəkəti isiqamətinə atıb qartal kimi şığıya bilir. Güclü korpus və aşağı ağırlıq mərkəzi ona təzyiq altında olanda da topu qorumaq və hücumun inkişafı üçün düzgün variantlar seçmək imkanı verir.
Bununla belə, Endrikin əsl istedadı rəqibin cərimə meydançasında üzə çıxır – gözəl qol duyumu, nə vaxt və hansı zonaya açılmaqla bağlı aydın təsəvvürü var. 173 santimetr boyla “ikinci mərtəbə”də də özünü inamlı hiss edir və başla dəfələrlə qol vurub. Ümumiyyətlə, Endrikin ayaqları yaşına uyğun olmayan dərəcədə güclüdü, tullanmaq, start sürəti, dözümlülük də bundan irəli gəlir. Müdafiə əməliyyatlarında da pis deyil – müdafiəçilərə pressint tətbiq edəndə tənbəl deyil. Bu məqam Endriki yalnız topla oynamağı xoşlayan Neymardan fərqləndirir. Əlbəttə, “Real”ın yeni futbolçusu bütün bu vərdişləri təkmilləşdirməlidi ki, top-futbolçu səviyyəsinə qalxsın. Bir çox gənc oyunçu kimi, o da topu özündə saxlamağa, təşəbbüsü üzərində götürməyə meyillidi, halbuki bəzən oyundaşlarla da oynamaq olar. Ancaq savadlı məşqçinin əlinin altında olarsa və taktiki vərdişlərini inkişaf etdirərsə, həqiqətən ən möhtəşəm ulduz səviyyəsinə yüksələ bilər.
“Real”da ondan nə gözləməli?
Hələ ki “Real”ın start heyətində Endrik üçün yer görünmür – hədsiz gərgin rəqabət var. Bəlkə də Karlo Ançelotti yeni mövsümdə 4-3-3 sxeminə dönərək, zərbə “üçlüy”ünü Vinisius, Mbappe və Rodriqodan formalaşdıracaq. Endrik bunların hər birinə səviyyə və təcrübə baxımından uduzur, ancaq onun ən böyük üstünlüyü universallıqdı. Hücumun istənilən mövqeyində görünə və istənilən futbolçunu əvəz edə bilər. Ançelotti lap əvvəldən braziliyalı vundekindin başqa komandaya icarəyə verilməsinin əleyhinədi, ona rotasiya oyunçusu kimi bel bağlayır. Odu ki, gənc braziliyalı uzun mövsümün gedişində mütləq oyun vaxtı qazanacaq.
Yaşını nəzərə alsaq, təzyiqin öhdəsindən gələ biləcəkmi? Gəlməlidi. Səbəb mentallığı ilə bağlıdı. “Palmeyras”da olarkən məşqçi korpusu ilə danışmaqdan utanmırdı, həlledici oyunlar ərəfəsində komandaya qələbə qazandıracağını vəd edirdi. Vətənində qələbə qazana bilməyəndə bərk qəzəblənirdi, bir dəfə isə həyəcan keçirdiyinə görə start heyətində oynamaq istəməyən komanda yoldaşını sakitləşdirə bilmişdi.
“Palmeyras”da lap əvvəldən yeniyetmənin yetlinliyi və öz gücünə inamı diqqəti cəlb edib, bunlar onun sürətli tərəqqisini şərtləndirən səbəblərdi. Bu keyfiyyətlər məişət səviyyəsində də özünü göstərir. Maraqlıdı ki, Endrik hələ 15 yaşı olanda sponsorla danışıqlarda iştirak edir, sövdələşəşmənin detallarına diqqət yetirirdi. Rocer Federer, Rafael Nadal və Kriştiano Ronaldonu özünə ideal sayır.
Əlbəttə, istedadlı futbolçu ilə bağlı qəribəliklər də var. Məsələn, Endrik artıq bir ilə yaxındı 22 yaşlı model və inflyuenser Qabrieli Miranda ilə görüşür, bu xanımla qarşılıqlı münasibətlər haqda müqavilə imzalayıb. Müqavilə tərəfləri bir-birinə hörmət və anlayış ilə yanaşmağa, müntəzəm sevgi etirafları etməyə məcbur edir. Futbolçuya GTA oyununda virtual qız götürmək qadağandı. Amma futbolçunun ailəsində bu məsələyə skeptik yanaşırlar. Məsələn, futbolçunun anası bir dəfə sosial şəbələdə ailənin ümumi fotosunu qoymuşdu, həmin şəkildən Mirandanı kəsib çıxarmışdılar.
İstənilən halda, Endrik tam futbola köklənməlidi. Onun möhtəşəm göstəriciləri var, ancaq 17 yaşında Avropaya köçmək, özünü göstərmək də asan deyil. Özü də İspaniya çempionu və Çempionlar Liqasının qalibi olan bir komandanın heyətində buna nail olmaq ikiqat çətindi.