Türkiyə futbolunda qəribəliklər bitmir.
Aşağı liqalarda artıq bir neçə klubda bu yay gələn və hələ heç bir rəsmi oyuna çıxmayan məşqçilərin istefasına rast gəlinib. İndi də qeyri-adi xəbər 3-cü liqa, yəni 4-cü divizion təmsilçisi ''Karşıyaka''dan gəlib. İzmir təmsilçisi iyulun 24-də yeni transferini açıqlamış və Gençer Cansev ilə rəsmi müqavilə imzalamışdı. Amma bu transferin üstündən 24 saat ötməmiş futbolçu ilə yollar qarşılıqlı şəkildə ayrıldı! 35 yaşlı təcrübəli müdafiəçinin başına gələn bu olay Türkiyə futbol ictimaiyyətində müzakirələrə səbəb oldu.
Sən demə Gençer 2015/16 mövsümündə İzmirin digər təmsilçisi ''Göztəpə''nin şərəfini qoruyarkən ''Karşıyaka'' fanatlarının xətrinə dəyən hərəkətlər edibmiş. Həmin vaxt bu komandalar 1-ci liqada qarşılaşmış və ''Göztəpə'' meydan sahibi olduğu derbidə 2:0 üstün olmuşdu. Oyunda hesabı açan futbolçu olan Cansev final fitindən sonra ''Göztəpə'' bayrağı ilə meydanda dövrə vurmuş və həmin bayrağı meydanın mərkəzinə sancmışdı. Komandalar həmin mövsüm eyni meydanda oynayırdılar. Gençerin ''Karşıyaka''ya transferinin ardından 8 il əvvəlki görüntülər fanatlar arasında yayılmağa başladı. ''Karşıyaka'' fanatlarının rəhbərliyə və futbolçuya etiraz dalğası artmağa başlayınca klubla oyunçunun yolları ayrıldı. Deyilənə görə Gençer özü də hadisələrin bu cür axarından sonra yeni klubunda qalmaq istəmədi.
ƏLİ