Amerika Kubokundan sonra ciddi insident baş verib. Amma arzuolunmaz hadisənin rəqib azarkeşlər arasında yaşandığını düşünməyin.
Bilindiyi kimi, ABŞ-də keçirilən turnirin finalında Kolumbiyaya 1:0 hesabı ilə qalib gələn Argentina yığması ardıcıl 2-ci, ümumilikdə isə 16-cı dəfə çempion olmaqla Uruqvayı (15) arxada qoyaraq yeni rekord müəyyən etmişdi. Matçdan sonra qeyri-adi hadisə baş verib.
Kolumbiya Futbol Federasiyasının (KFF) prezidenti Ramon Xesurun oğlu ilə birlikdə həbs olunub. Onlar ailənin digər üzvləri ilə birlikdə mükafatlandırma mərasimində iştirak etmək üçün meydana çıxmağa cəhd ediblər. Lakin akkreditasiyaları olmadığı üçün polislər Xesurinlərin qazona ayaq basmasına imkan verməyiblər. Ata və oğlu buna ciddi şəkildə etiraz edib və asayiş qoruyucularına müqavimət göstəriblər. Nəticədə hər ikisi həbs olunublar.
KFF-nin prezidenti ilə oğlu sonradan girov qoymaqla sərbəst buraxılsalar da, məhkəmə qarşısına çıxacaqlar.