Artıq neçə gündü futbolda nəhəng qalmaqal yaşanır.
İş ondadı ki, Amerika Kubokunda qələbəni bayram edən argentinalıların Fransa yığması haqqında mahnı oxumasının videosu sosial şəbəkəyə düşüb. Mahnının məzmunu belədi:
Onlar hamısı Fransa üçün oynayır, ancaq əslən Anqoladandılar!
Nə yaxşı ki onlar qaçıblar...
Anaları Nigeriyadandı, ataları Kamerundan,
Ancaq sənəd üzərində hamısı fransızdı.
Elə həmin videoda Mbappenin qeyri-ənənəvi seksual orientasiyasına da işarə var.
Təbii ki, videoya dərhal reaksiya veriblər. Fransa Futbol Federasiyası (FFF) bəyanat yayıb:
“Federasiyanın prezidenti Filipp Diallo Argentina yığmasının Amerika Kubokundakı qələbəsindən sonra bu komandanın oyunçularının və azarkeşlərinin ifa etdiyi mahnıda Fransa yığmasının oyunçularının ünvanına səslənən yolverilməz irqçi və ayrı-seçkilik xarakterli ifadələri qətiyyətlə pisləyir. İdman və insan hüquqları ilə bağlı dəyərlərlə ziddiyyət təşkil edən bu ifadələrin ciddiliyini nəzərə alan prezident məhkəməyə müraciət etmək qərarına gəlib”.
“Çelsi”nin oyunçusu Entso Fernandes komanda yoldaşlarını ələ verib. Video ilk dəfə məhz onun sosial şəbəkə hesabında görünüb. Məhz Entso hamıdan çox tənə görüb – komanda yoldaşlarından 10-u (əksəri fransızdı) onu izləmədən çıxarıb, klub isə daxili təhqiqat aparmağa qərar verib. Entso üzr istəyərək deyib ki, eyforiyada olub, mahnı onun düşüncələrini əks etdirmir, ancaq bu addım işə yaramayıb.
Argentina yığmasının üzvləri hətta vətəndə də qınanıb. İdman nazirinin müavini Xulio Qarro belə deyib:
“Düşünürəm ki, Argentina Futbol Assosiasiyasının prezidenti kimi, komandanın kapitanı Lionel Messi də bu qalmaqala görə üzr istəməlidi. Bu qalmaqal böyük zəfərdən sonra ölkəmizi pis göstərir”.
Düzdü, nazir ölkə daxilində böyük tənqidlə üzləşəndən sonra mövqeyinə düzəliş edib:
“Mən bu açıqlamanı hökumət adından verməmişəm. Məsələyə insani baxımdan yanaşmışam, diskriminasiyanın istənilən növünün əleyhinəyəm. Bizə bu qədər böyük sevinc bəxş edən, kumirim olan adamın kimdənsə üzr istəməsini heç vaxt istəməzdim”.
Amma bu açıqlama işə yaramayıb – prezident idman nazirini işdən azad edib.
Vitse-prezident Viltoriya Vilyarruel radikal şəkildə futbolçuların tərəfini tutub:
“Argentina syveren və müstəqil ölkədi. Bizim heç vaxt müstəmləkələrimiz və ya ikinci dərəcəli vətəndaşlarımız olmayıb. Biz heç kiməsə öz həyat tərzimizi sırımamışıq. Argentina Remedios del Valle, serjant Kabral, Bernardi de Monteaqudo kimi hindlərin, avropalıların, kreolların və qaradərilililərin təri, kişiliyi hesabına yaranıb. Heç bir müstəmləkəci ölkə bizi mahnıya və ya etiraf etmək istəmədikləri həqiqəti dedidiyimizə görə qorxuda bilməz. Qəzəb hissini simulyasiya etnəyə dəyməz. Messi, hər şeyə görə sağ ol! Argentinalılar həmişə başıucadı! Yaşasın Argentina!”.
Bu qalmaqala xüsusi rəng qatan daha bir məqam var. Yaxınlarda Argentina prezidenti Xavyer Miley fransız həmkarı Emmanuel Makron ilə görüşəcək. Onların həmin mahnını müzakirə edib-etməyəcəyi bilinmir. Ancaq çətin ki bu qalmaqal qarşıdakı görüşə yaxşə fon əlavə edə.