Yeni mövsümə hazırlığın ilk mərhələsini başa vuran “Turan Tovuz” təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 13-də Türkiyəyə yollandı.
Kurban Berdıyevin yetirmələri hazırlığın 1-ci mərhələsi çərçivəsində Qəbələdə iki sınaq matçı keçirmişdi. “Şəmkir” (13:0) və “Kəpəz” (4:0) üzərində qazanılan böyükhesablı qələbələrdən sonra komanda iyulun 18-i Ankarada ilk yoxlama görüşünə çıxdı. Qızılcahamam bölgəsində son mövsümü Türkiyə superliqasında keçirən “Pendikspor”la keçirilən qarşılaşma qolsuz bitib. Təcrübəli mütəxəssis Berdıyevin ilk yarıda meydana çıxardığı start “11-lik” belə olub:
1. İvan Konovalov, 88. Faiq Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Denis Marandiçi, 15. Emmanuel Hakman, 44. Rüfət Əhmədov, 9. Kristian da Silva, 10. Xəyal Nəcəfov, 23. Aleksandro Serrano, 11. Ayxan Quseynov, 21. Aleks Souza.
Ehtiyat oyunçular:
Sergey Samok, Məzahir Məmmədzadə, Otto Con, Luis Paçu, Sadiq Şəfiyev, Sadiq Quliyev, Tural Bayramlı, Mehman Hacıyev, Veysəl Rzayev, Raul Məmmədov.
Xatırladaq ki, iyulun 26-na qədər “Çam Otel”də məskunlaşacaq tovuzlular 22-də “Adana Dəmirspor”, 25-də “Kocaelispor” ilə hazırlıq görüşü keçirəcək.
Yeri gəkmişkən, “Turan Tovuz”un futbol akademiyasının rəhbərliyində ayrılıq baş verdiyi ilə bağlı mediada məlumatlar dərc olundu. Söhbət akademiyanın baş direktoru vəzifəsini icra edən Rasim Əliyevdən gedir. Deyilənə görə, bir neçə ildi iş başında olan funksionerin fəaliyyəti qənaətbəxş sayılmadığına görə rəhbərlik Əliyevi klubdan uzaqlaşdırıb. Bu xəbərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq:
“Akademiyamızın baş direktoru haqqında deyilənlər yalnız şayiədi. Bilindiyi kimi, iyulun 21-də akademiyamıza seçimlər başlayır. Rasim müəllim də bu prosesin başında duracaq”.
Əliyevlə bu haqda danışmaq istəsək də, zənglərimiz cavabsız qaldı.
KAMAL SƏFƏR