UEFA növbəti mövsümdən avrokuboklarında yeni qayda tətbiq etməyi planlaşdırır.
Bu haqda “Bild” məlumat yayıb.
Almaniyanın populyar nəşrinin yazdığına görə, bu qaydaya əsasən, avrokubok matçları zamanı hakimlərlə yalnız komandaların kapitanlarının ünsiyyət qurmasına icazə veriləcək. Hazırda belə qayda AÇ-2024-ün matçlarında tətbiq edilir. Bu qayda eyni zamanda Almaniya bundesliqası, 2-ci və 3-cü divizionlarda da qüvvəyə minəcək. Kapitandan başqa digər sahə oyunçuları hakimlərlə ünsiyyətə girərsə, sarı vərəqə alacaqlar. UEFA belə qaydanı hakimə qarşı mümkün hörmətsizliyin, onun ətrafında sıx toplaşmağın qarşısını almaq məqsədilə verib.
Ortaya təbii sual çıxır: kapitan qapıçı olarsa, onda sahə oyunçularından kim hakimə hər hansı fikrini çatdıra bilər? Axı qapıçı hər mübahisəli epizodda öz zonasını tərk etməyə məcbur olmamalıdı. “Bild”in məlumatına görə, hələlik bununla bağlı prosedurlar dəqiqləşməyib.