“Futbol+” olaraq, braziliyalının şərəfini qoruduğu “Krasnodar”ın baş məşqçisi Murad Musayevlə əlaqə saxladıq. Mütəxəssis futbolçunun düşərgədə olduğunu və məşqlərdə iştirak etdiyini dedi. Bundan sonra klubun sosial şəbəkə hesablarında şəkillər yayıldı, Borgesin həqiqətən düşərgədəki varlığına əmin olduq. Bununla yanaşı, Kadinin “Krasnodar”la müqaviləsində sərbəstqalma bəndinin olduğu iddia edilir.
Son bilgilərə görə, “köhlən atlar” Rusiya klubuna rəsmi təklif göndəribsə, braziliyalı legioner də Azərbaycana qayıtmağa razılıq verib. 27 yaşlı futbolçu Ağdam təmsilçisinin 3 illik müqavilə təklifinə “hə” deyib. Hətta Musayev də bu transferin gerçəkləşməsinə etiraz etmir. Problem isə təzminatla bağlıdı.
Ruslar gərək maliyyə şərtlərində güzəştə getsin ki, braziliyalı “Qarabağ”a dönsün. Kuluarlarda gəzən söz-söhbətə görə, Kadini 5 milyon avroya sıralarına qatmış “Krasnodar” indi həmin məbləğin yarısını istəyir. Ümumiyyətlə, ruslar 500 min, 1 milyon avro kimi məbləğləri yaxın buraxmır. Halbuki danışıqların ilk mərhələsində elə də yüksək məbləğlərdən bəhs edilmirdi.
Yuxarıda qeyd olunanları əsas gətirərək “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərova bu sualları ünvanladıq: Kadi Borgeslə danışıq gedirmi? Belə variant varsa, transfer niyə gecikir? Keçidin reallaşmasına mane olan amillər hansıdı? Klub rəsmisindən həmçinin futbolçunun “Krasnodar”la müqaviləsində olduğu iddia edilən sərbəstqalma bəndiylə bağlı informasiya aldıq:
“Bəli, həm biz, həm də azarkeşlərimiz Kadini istəyir. Xüsusilə tərəfdarlarımızın sabiq oyunçumuza olan sevgisinə bələdik. Hazırda fərqli durum var. Sözün açığı, prosesin irəliləyib-irəliləməsi “Qarabağ”dan asılı deyil. Yoxsa bu haqda rahat danışa bilərdik. Təəssüf ki, problem Kadiylə yox, klubuyla bağlıdı. Yəni futbolçu özü də “Qarabağ”ı istəyir. Sadəcə, “Krasnodar”ın məsələyə baxışı fərqlidi ki, buna hörmətlə yanaşırıq. Sərbəstqalma bəndiylə bağlı məlumat isə həqiqəti əks etdirmir. Müqavilədə belə bənd yoxdu. Ümumiyyətlə, elə məbləğ yoxdu ki, ödəyib Kadini sıralarımıza qataq və məsələ həll olunsun. Yenə deyirəm, problem klubun baxış bucağıyla bağlıdı. Belədə etiraf edim ki, transferin reallaşması qəliz məsələyə çevrilir”.
Xatırladaq ki, Kadi ötən ilin yanvarında “Krasnodar”la müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkib. “Transfermarkt”a görə, 28 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 2,5 milyon avrodu.
KƏNAN BAHADIR




