Ölkənin potensiallı və gələcək vəd edən futbolçularından biri də Mahir Emreli idi.
Bəli, idi. Artıq onun haqqında keçmiş zamanda danışmağa məcburam. Çünki hazırda çıxış etdiyi Zaqreb "Dinamo”sunda yetərincə forma şansı qazanmaması getdikcə oyun keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Ən azı bunu millinin heyətindəki sonuncu yoldaşlıq görüşlərində görmək mümkün idi. Yəni "Qarabağ”dan tanıdığımız və potensialına bələd olduğumuz Mahirin uzun müddətdi lazımi oyun vaxtı ala bilməməsi, meydanda qısa müddət olması hətta topla davranış vərdişlərini yadırğamasına gətirib çıxarıb.
27 yaşını tamamlayan milli komandamızın hücumçusunun bundan sonra karyerasıyla bağlı hansı qərarı verəcəyi maraqla gözlənilir. Azarkeşlər ondan get-gedə daha yaxşı və üst səviyyəli performans gözlədiyi halda, Mahir eniş yaşayır. Bu da təbii ki, formasını geydiyi "Dinamo”nun heyətində istədiyi qədər meydanda vaxt ala bilməməsiylə bağlıdı. Ancaq belə gerilmənin sonunu yaxşı gözləmirəm. Çünki sonuncu dəfə 2019-cu ildə ailədaxili problemlərə görə hətta soyadını dəyişən Mahirin o dönəm üçün karyerasının zirvə nöqtəsində bir durğunluq yaşandı. Baxmayaraq ki, həmin il Mahir vurduğu 16 qolla premyer-liqanın bombardiri adına yiyələnmişdi. Emreli ölkə çempionatındakı çıxışıyla Avropa klublarının diqqətini cəlb etməyi bacarmışdı. Elə bunun nəticəsi idi ki, özünün də çox istədiyi Avropa həyatına Polşa "Legiya”sında başladı. Burda çıxış etdiyi bir mövsümdə azərbaycanlı hücumçu Avropa həyatı üçün yüksək sayıla biləcək məhsuldarlıqla yadda qaldı. Əsasən də komandasının avrokuboklardakı oyunlarında fəallığıyla seçilirdi.
Burdakı parlaq çıxış ardından Xorvatiyanın "Dinamo”suna transfer olunmaqla bəlkə də potensialına xəyanət etdi. Çünki daha bir mövsümü "Legiya”da və ya Avropanın hansısa nisbətən az tanınmış klubuna keçirsəydi, meydanda 90 dəqiqə şans qazansaydı, indiki duruma düşməzdi. «Dinamo» isə artıq Mahiri, sadəcə, qazanc mənbəyi kimi görür. Necə ki, elə ikinci mövsümündə də onu yaxşı maliyyə qarşılığında "Konyaspor”a icarəyə verdi. Halbuki Mahirin ən böyük hədəfi Avropada qalmaq və orda mübarizə aparmaqdan ibarət idi. Onun Türkiyənin daha adlı-sanlı klublarının birində forma geyəcək gücü var. Lakin nə etmək olar? Bu, onun öz seçimi idi. Sanki Avropada daha tez adından söz etdirməyə çalışdı. Amma mövqe mübarizəsində uduzan Emrelinin özü üçün tərtib etdiyi proqnoz düz çıxmadı. Doğrudu, vaxtsız zədələrin, bəxtsizliyin də rolu az olmadı. Belədə həm mövsümün əvvəlində aldığı xırda, həm də mövsümün ikinci yarısında aldığı ciddi zədələr Mahiri rahat buraxmadı.
Hazırda da futbolçunun "Dinamo”dan ayrılmaq istəyi ilə bağlı xəbərlər həm Xorvatiya, həm də ölkə mediasında geniş yayılmaqdadı. Eyni zamanda onun özünün sabiq komandası "Qarabağ”a keçmək istəməsiylə bağlı məlumatlar da az deyil. Fikrimcə, "Qarabağ”a dönüşü əvvəlki effekti verməsə də, futbolçunun karyerasına yaxşı təsir edəcək. Çünki Qurban Qurbanovun rəhbərliyi altında həm millidə, həm də «Qarabağ”da çıxış edən Mahir hansı perspektivə sahib olduğunu sübut edib. Ancaq bu qədər zamandan sonra Avropada heç bir uğur qazanmadan 27 yaşda ölkəyə qayıtmağın fiasko olduğunu düşünürəm. Çünki bu geridönüş Mahirin Avropada bir neçə mövsüm baş girələdiyini sübut edir. Bəlkə də yenidən Azərbaycana qayıdıb, həm mənəvi, həm də psixoloji cəhətdən toparlanandan sonra Avropaya üz tutmaq olar. Amma dünən 27 yaşını qeyd edən Mahir üçün belə uzunmüddətli layihələr ağlabatan deyil. Avropada gənclərə tələbat yüksəkdi. Mahir də gənc yaşlarında göstərdiyi oyun tərziylə özünə Avropada bir cığır açmağa nail olmuşdu.
Ümumi qiymətləndirdikdə isə düşüncəm dəyişməz qalır. Mahirin yenidən ölkəyə üz tutması, sadəcə, arzulanan karyeranın fiaskoya uğramasıdı. Hesab edirəm ki, onun üçün ən yaxşı variant qitədə oyun tərzinə uyğun, özünü daha parlaq göstərə biləcəyi bir komanda tapmaqdı. Azərbaycan variantı onsuz da həmişə var.
KAMAL SƏFƏR