Almaniyada keçirilən Avropa çempionatı davam edir.
“Football-plus.az” xəbər verir ki, F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya üz-üzə gəlib. Qarşılaşma "ay-ulduzlular"ın acınacaqlı məğlubiyyəti ilə bitib - 0:3. Görəsən, bu darmadağının səbəbi nə idi? Portuqaliya çox güclü idi, yoxsa Samet Akaydının avtoqolu oyunun qırılma nöqtəsi oldu? Montellanın heyət seçimi nə dərəcədə doğru idi? Bu suallarla Türkiyə futbolu üzrə ekspert Elçin Cəfərova müraciət etdik. Onun "Futbol+"a söylədikləri:
"Montellanın heyət seçimi daha çox müdafiə qabiliyyəti yüksək oyunçulardan ibarət idi. Xüsusilə yarımmüdafiənin sağ və sol cinahlarında oynayan oyunçuların hücuma dəstəklə yanaşı, geri dönərkən cinah müdafiəçilərinə kömək etməsi gözlənilirdi. Matçdan öncə heyət seçiminin düzgünlüyünü vurğulamışdım. Sadəcə, Montella fikirləşirdi ki, Barış Alpər Yılmazı tək hücumçu kimi oynatmaqla, müdafiənin mərkəzini irəli çəkəcək və uzun ötürmələrlə müdafiə arxasına atılan toplarda təhlükəli vəziyyətlər yaradacaq. Amma düşündükləri kağız üzərində qaldı və meydanda tətbiq edilmədi. Çünki Portuqaliya meydanın rəqibə aid hissəsində çox düzgün yerləşmişdi. Lazımi anlarda təzyiq edirdilər ki, bu da türkiyəli oyunçularının planını pozdu. Ona görə də müdafiədən topu oyuna daxil etməkdə ciddi problemlər yaşadılar. Əbdülkərim Bardakçı - Samet Akaydın tandemi fiaskoya uğradı. Ümumiyyətlə, Türkiyə yığmasında ən böyük problem mərkəz müdafiəçiləri ilə cinah müdafiəçiləri arasında yaranan boşluqlardı. Bu illərdi davam edən problemdi. Məhz dayaq yarımmüdafiəni də üçlü müdafiə gücü yüksək olan oyunçulardan ona görə qurmuşdu ki, onlar da müdafiəyə zamanında dönsün. Birinci zona ilə ikinci zona arasında əlaqə itdiyinə, balans pozulduğuna görə komandanın oyun planı alınmadı. 30-cu dəqiqədən sonra sistemsiz oynamağa başladılar. Bütün bunlar da sürətli oynayan, ötürmələrdə dəqiq olan, tempi artıran bir rəqiblə matçda fiasko ilə nəticələndi. Gürcüstanla oyundan sonra da bildirmişdim ki, Samet Akaydın milli səviyyəsində stopper deyil. Sadəcə, Gürcüstana qarşı oyun planı elə idi ki, topu davamlı şəkildə meydanın rəqibə aid hissəsində saxlamalıydın. Matç Türkiyənin diqtəsi altında keçdi. Ona görə də Akaydın rəqibin hücumları fonunda bir qədər normal göründü. Amma müdafiəni daha çox mərkəzə çəkmək istəyərkən Sametin balonu partladı. Bir daha göründü ki, Abdulkərim və Samet çox uğursuz tandemdi. Montellanı tənqid etmək olar. Əlində iki hücumçusu var. Ən azı Cenk Tosun və Semih Kılıçsoyu oynadıb, hücum xəttində topu daha çox saxmağa çalışa bilərdi. Portuqaliyanın müdafiəsinin mərkəzində dəhliz yaratmaq şansı var idi. Amma bunu etmədi. Davamlı gələn toplar Barışa çatmadı və onun da faydalı iş əmsalı aşağı düşdü. Düşünürəm ki, Arda Gülər start heyətində olmadığına görə çox şanslı idi. Bəlkə sevinə bilər. Çünki Arda Gülər oynasa da, oyunun taleyi eyni olacaqdı. Portuqaliyanın düzgün tətbiq etdiyi plan, strategiya, oyunu meydanın rəqibə aid hissəsinə keçirməsi Türkiyənin bütün planını pozdu, beləcə ard-arda gələn qollar məğlubiyyətlə nəticələndi".
GÜNAY SÜLEYMANOVA