Mbappenin “Real”a keçidi ilə bağlı insaydlar artıq neçə il idi ki, hər yay “transfer pəncərəsi”ndə sabit şəkildə dolaşırdı.
“Football-plus.az” xəbər verir ki, madridlilər Kilianı hələ yeniyetmə yaşlarından ağ formada görürdülər ki, iyunun 3-də, nəhayət, bu transfer açıqlandı. Ulduz hücumçu yeni mövsümdən artıq “Santyaqo Bernabeu”nu onu alqışlamağa məcbur edəcək. Əlbəttə, bu transfer illər əvvəl də baş tuta bilərdi. Mbappe ilə “blankos” arasındakı danışıqların xronologiyasını izləməyə dəyər.
“Real”ın təklifindən ilk dəfə 13 yaşında imtina edib
Kilianın 13 yaşı olanda həyatı radikal şəkildə dəyişdi: atasının da çalışdığı, kif qoxulu “Bondi” akademiyasından onu ölkənin ən elit futbol məktəblərindən sayılan “Klerfonten”ə çağırdılar. Bir neçə aydan sonra daha yuxarı yerdən dəvət gəldi – “Real”ın idman direktoru Zinəddin Zidan şəxsən özü məktəbli ilə maraqlandı və baxışa çağırdı. Qeyri-adi şans idi. Madrid superklubunun heyranı olan Mbappe otağının divarlarını “qalaktikos”un ulduzlarının (əsasən də Kriştiano Ronaldonun) plakatları ilə bəzəmişdi.
“Real”dan dəvət futbolçunun 14 yaşının tamamlanmasına az qalmış gəldi. Onun atasına Madriddən zəng edərək bildirdilər ki, Zidan yeniyetməni məşqə çağırır. Təbii ki, Kilian razılaşdı, Madrid klubu onun İspaniyaya səfərini maliyyəyələşdirdi. Madrid hava limanında Mbappeni Zidan özü qarşıladı: “Zidan parklama yerində öz maşınında əyləşmişdi, bizi gözləyirdi, çox yaxşı maşını var idi. Salamlaşdıq, ardından o, mənə məşqə getməyi təklif etdi. Əli ilə qabaqdakı oturacağı göstərərək işarə etdi ki, əyləş. Mən isə sadəcə, dondum və soruşdum: “Ayaqqabımı çıxarım?” Ha-ha-ha! Niyə belə dediyimi bilmirəm. Ancaq bu, Zizunun maşını idi! O, bunun həqiqətən gülməli olduğunu düşündü və dedi:
“Əlbəttə, yox, keç otur”. O, məni məşq meydançasına apardı. Mən isə öz-özümə düşünürdüm: Zizunun maşınındayam. Mən – Bondidən olan Kilian. Bu ki qeyri-realdı. Bəlkə hələ də təyyarədəyəm, yuxu görürəm. Bəzən sən hətta nəyisə arzulasan da, başverənlər yuxuya bənzəyir”.
Belə emosional fona baxmayaraq, “Real”a transferi təxirə salmaq lazım gəldi. Hərçənd Zidan istedadlı məktəbliyə müqavilə təklif etmişdi. Kilianın arzusunun əleyhinə getməsinə və bəlkə də tələsik qərar verməsinə atası yardım etdi. Onlar birlikdə qərar verdilər ki, 14 yaşda evi tərk etmək hədsiz tezdi, bu üzdən “Monako”nun akademiyası üzərində dayandılar. Mbappe məhz burda bir neçə il ərzində dünya səviyyəli ulduz mərtəbəsinə çatdı:
“Enində-sonunda “Real”dan imtina etməli oldum, belə erkən yaşda evi tərk etmək istəmirdim. Düşünürəm ki, Madridə yollanmaqdan bir şey çıxmayacaqdı – maksimum ehtiyat oyunçular skamyasında oturacaqdım. “Monako”nun xeyrinə seçim etdim və bunu düzgün qərar sayıram”.
PSJ son anda onu “Real”dan qopardıKilian “knyazlar”ın heyətində artıq 18 yaşında Çempionlar Liqasında parlayırdı, bu üzdən yenidən “Real”ın maraq dairəsinə düşməsi təsadüfi deyil. 2016/17 onun üçün “Monako”nun əsas komandasında keçirdiyi ikinci mövsüm oldu: yeniyetmə əvvəlki mövsümdə hələ böyüklərin futboluna öyrəşirdi, bütün turnirlərdə cəmi 496 dəqiqə meydan olmuşdu (1 qol, 2 məhsuldar ötürmə). Əvəzində əsas heyətdə ilk mövsümdə əsl fenomenə çevrildi – bütün turnirlər çərçivəsindəki 46 oyunda 28+14 göstəricisi, ÇL-in pley-offunda 6 qol, turnirin yarımfinalına vəsiqə, əsas yığmada debüt və Liqa 1-in ən yaxşı gənc oyunçusu üçün mükafat.
2017-ci ilin yayında “Monako”da anladılar ki, belə istedadı yüzdəyüz özlərində saxlaya bilməyəcəklər. Yenə “Real” Kiliana əsas iddiaçı sayılırdı, Zidan artıq burda baş məşqçi kimi çalışırdı, hətta ardıcıl iki dəfə Çempionlar Liqasını qazanmışdı. Üstəlik onlar arasında 4 il əvvəlin bitməyən tarixçəsi var idi, axı onda yeniyetmə “ağ şimşəklər”in təklifindən boyun qaçırmışdı. Ancaq Mbappe 18 yaşında da yenidən Florentino Peresin təklifini geri çevirdi və PSJ-nin xeyrinə seçim etdi. Fransa çempionatının inhisarçısı “Real”ın əməkhaqqı təklifini iki dəfə üstələdi (7 milyona qarşı 15 milyon avro). Sonradan aydın oldu ki, “Mançester Siti” də bu transferə can atırmış.
Mbappe 18 yaşında da belə düşünürdü ki, onun Fransadan getməsi üçün hələ çox tezdi. Bu dəfə dəlili fərqli idi – vətəndə nəsə qazanmamışam ki, dünyanın ən yaxşı klublarından birini fəth edə bilim. Nəticədə “transfer pəncərəsi”nin bağlanmasına cəmi bir neçə saat qalmış PSJ ilə “Monako” icarə müqaviləsini razılaşdıra bildi. İcarə müddətinin sonunda parislilər 180 milyon avroya Kilianı transfer etməyi boynuna götürdü. “Maliyyə feyr-pleyi” prinsipinin tələblərini qarşılamaq üçün belə sxem vacib idi – axı elə həmin yay PSJ Neymarı 222 milyona almışdı.
Fransa prezidenti də Kiliana təsir edirdiNəticədə PSJ-də 7 il ləngiyən hücumçu klubu azad agent statusunda tərk etdi. Amma “Real” bütün bu illər ərzində Kilianı “rənglərinə bağlamaq” cəhdindən əl çəkmədi. Mbappenin PSJ ilə ilk müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulmuşdu, müddətin bitməsinə bir il qalmış “Real” yenidən fransalını ələ keçirməyə çalışdı. Avqustda Paris klubunun ofisinə 160 milyon avroluq təklif yetişdi, ancaq onu rədd etdilər, klub prezidenti Nasser Əl-Xelayfi isə az qala futbolçu ilə komanda arasındakı əbədi bağlardan danışdı:
“Biz onu heç vaxt satmayacağıq, o, heç vaxt pulsuz getməyəcək”.
Düzdü, demək olar ki, bütün 2021/22 mövsümü boyunca Mbappenin müqavilə müddəti bitəndən sonra PSJ-də qalacağıyla bağlı heç bir təminat yox idi. Müqavilə müddəti sona yaxınlaşdıqca Kilianın tezliklə azad agent statusu ilə “Real”a keçəcəyi haqda xəbərlərin də sayı artırdı. Amma belə ssenari iki il sonra gerçəkləşəcəkdi – 2022-nin mayında isə futbolçu, hər halda, PSJ ilə müqavilə müddətini uzatdı. Bu hadisə ciddi təzyiq altında baş verdi. Hətta ölkə prezidenti Emmanuel Makron da Kilianı Parisdə qalmağa inandırmağa çalışırdı.
Artıq 2023-cü ilin yayında Kilian elan etdi ki, müqavilə müddətinin daha birilliyə uzadılmasının mümkünlüyü ilə bağlı bənd işə düşməyəcək. Demək olar ki, bu açıqlama ilə azad agent kimi gedəcəyini dedi. Belə də oldu: Mbappe, nəhayət, son 12 ildə daim onu “ovlamağa” çalışan "Real"a qoşuldu. Artıq “Santyaqo Bernabeu”da dünyanın ən güclü hücum xətlərindən biri formalaşıb. Fransalı ulduz özü isə “blankos”un kiçik fanatlarının kumirinə çevriləcək.
Xatırladaq ki, 2017-ci ildən bəri PSJ-nin şərəfini qoruyan Mbappe bu müddətdə keçirdiyi 308 oyunda 256 qol vurub və 108 məhsuldar ötürmə verib.
Yeri gəlmişkən...Mbappe Madrid klubunda geyəcəyi forma nömrəsini müəyyənləşdirib. 25 yaşlı fransalı ulduz 9 nömrəli forma ilə çıxış edəcək. Luka Modriç paytaxt klubundan ayrılandan sonra isə “10 nömrə” Kiliana çatacaq. Xatırladaq ki, əvvəllər “Real”ın 9 nömrəli formasını Mbappenin həmvətəni Kərim Benzema geyirdi.
Reaksiyalar
Kilian Mbappe, “Real”ın oyunçusu:
“Arzum çin oldu. Arzularımın komandasına qoşulacağıma görə çox xoşbəxt və qürurluyam. İndi nə qədər həyəcanlı olduğumu heç kim təsəvvür edə bilməz. Madridista, sizlə görüşü səbirsizliklə gözləyirəm. Qeyri-adi dəstəyinizə görə sağ olun. PSJ-də xoşbəxt olmadığımı deməzdim, bu, məni müdafiə edən adamların üzünə tüpürmək olardı, mən həmişə xoşbəxt idim. Nələrsə məni məyus edirdi. Ancaq mənim kimi oyunçu bunu büruzə verə bilməzdi. Ona görə ki, mən liderəm, məni izləyirdilər, bu üzdən maksimum dərəcədə pozitiv olmağa çalışırdım. Baş məşqçi, oyunçular və klub əməkdaşları məni dəstəkləyirdi. Xoşbəxt olmadığımı demək yaramaz hərəkət olardı. Ancaq elə adamlar və şeylər var idi ki, məni xoşbəxt olmağa qoymurdu.
Düşünürəm ki, sifətimdən xoşbəxt olduğum görünür. Mövsümün sonunda az oynadım. Hər kəs bunun səbəbini bilir. Yox, bu, AÇ ərəfəsində özünə bəraət qazandırmaq cəhdi deyil. Ən yaxşı formama dönmək istəyirəm. Düşünürəm ki, xoşbəxt adam bədbəxtlə müqayisədə daha yaxşı oynayır.
Mövsümün əvvəlində çətin sınaqdan keçdim. Mənə açıq-aydın anlatdılar ki, PSJ-də oynamağa imkan verməyəcəklər. Dedilər ki, müqavilə müddətitini uzatmasan, oynamayacaqsan. Bunu birbaşa üzümə, sərt şəkildə dedilər. Məni idman direktoru Luiş Kampuş və Luis Enrike xilas etdi, onlar olmasaydı, meydana çıxmayacaqdım. Öz işini hamıdan yaxşı təhlil edən adam kimi hesab edirəm ki, son mövsümdə imkanlarımdan aşağı səviyyədə oynadım. Ancaq oynamaq faktının özü belə qürurlanmaq üçün əsas idi.
Ən azı qarşıdakı beş mövsümdə “Real”ın oyunçusuyam. Bu, böyük sevincdi. Özümü qurtulmuş kimi hiss edirəm. İdealım Kriştianonun, Ramosun, Kasilyasın mesajları məni duyğulandırdı. “Real”dakı bütün adamlara, xüsusən də Florentino Peresə minnətdaram”.
PSJ-yə yaxın mənbənin “Le Parisien” nəşrinə dedikləri:
“Kilian belə danışmaqla çox aşağı hərəkət etdi. Nasser Əl-Xelayfinin heç vaxt heyətlə bağlı ən kiçik diqtəsi belə olmayıb. Luis Enrike də bu haqda danışıb. Bununla belə, Mbappe nəsə danışır və adamlar onun dediklərini həqiqət kimi qəbul edirlər”.
Marselo, “Real”ın sabiq oyunçusu:
“Çempionlar Liqasında 16-cı qələbə yaxınlaşır...”
Kriştiano Ronaldo, “Real”ın sabiq oyunçusu:
“Bernabeu”nu “yandıracağın” günü səbirsizliklə gözləyirəm”.
Devid Bekhem, “Real”ın sabiq oyunçusu:
“Bu, yalnız “Real” yox, bütün İspaniya üçün xüsusi məqamdı. Düşünürəm ki, Kilian xüsusi oyunçu və xüsusi adamdı. Ona və “Real”a görə sevinirəm. Kilian böyük futbolçu, böyük şəxsiyyətdi və indi də böyük kluba qoşuldu”.
Təqdimat iyulda olacaq“Real” Mbappeni publikaya iyulun ortalarında təqdim edəcək. “L'Equipe” qəzetinin yaydığı xəbərə görə, bu hadisə iyulun 15-i və ya 16-da baş verəcək. Amma Fransa yığmasının Avropa çempionatındakı nəticəsinə görə təqdimat tarixi dəyişə bilər. Mərasimdə 80 min azarkeşin iştirakı gözlənilir.
Nə qazanacaq? “The Telegraph” xəbər verir ki, Mbappe imza parası kimi “Real”dan 150 milyon avro alacaq. Elə həmin qaynaq iddia edir ki, 25 yaşlı forvardın bir mövsüm üçün maaşı 15 milyon avro olacaq ki, bu da PSJ-dəkindən azdı. 150 milyon avro həcmində olan imza parası 5 il ərzində ödəniləcək. Fransalı ulduz imic hüquqlarının satışından da faiz əldə edəcək.
Maraqlıdı...Mbappe iyunun 3-ü axşam saatlarında “Real”a keçidinin elan olunacağını Fransa prezidenti Emmanuel Makrona da demişdi. Prezident AÇ-2004-ə hazırlaşan Fransa yığmasının düşərgəsinə baş çəkərkən ulduzla da söhbətləşib.
Harda qalacaq?Bu çapda futbolçunun keçidi ilə bağlı istənilən məqamın diqqət mərkəzində olması təbiidi. Məsələn, Kilian Madriddə harda yaşayacaq? “La Razon” nəşri mayın 21-də Mbappenin elit La-Morelexa rayonunda malikanə aldığını yazmışdı – guya həmin mülk ona 18 milyon avroya başa gəlib, qonşuluqda Riçard Gir və Serxio Ramos kimi məşhurlar yaşayır. Kilian ona görə bu rayonu seçib ki, “Real”ın məşq bazası cəmi 5 dəqiqəlik məsafədə yerləşir. “Real”yönlü “OK Diario” nəşri isə bir həftə sonra fərqli informasiya yaydı: Kilian La-Finka rayonunda ev alıb:
“Madridin ən baha rayonlarından sayılan La-Finkadada dəbdəbəli malikanə. Ərazisi 3000 kvadrat metr, tikililərin sahəsi 1100 kvadrat metr olan qəsr. Evdə hər biri sanitar qovşaqla təmin olunan 8 yataq otağı, qapalı hovuz, sauna, trenajor zalı da var. Bu mülkün özəlliyi həm də ondan ibarətdi ki, özünün xüsusi qolf meydançası var”.
Mülkün əvvəlki sahibinin Qaret Beyl olduğunu nəzərə salsaq, qolf meydançası ilə bağlı məsələ aydındı. Nəşr xəbər verir ki, əfsanəvi uelsli son ana qədər bazarlıq edib, Mbappedən 13 milyon avro istəyib. Sonda tərəflər 11 milyonun üzərində dayanıb. Yəqin ki, Kilian Beylin endirimini xoş qarşılayıb.