Daha bir futbol həftəsini geridə qoyduq.
“Football-plus.az” ötən həftənin marağlı sitatlarını təqdim edir:
Luçano Spalletti, İtaliya yığmasının baş məşqçisi:
“Avropa çempionatı çox vacib turnirdi və bu yarışa hazır olmalıyıq. Çox istəkliyik və bütün İtaliyadan böyük dəstək aldığımızı hiss edirik. Hədəfimiz Almaniyadan qayıdandan (qitə çempionatı bu ölkədə keçiriləcək – R.Y.) sonra bütün italyanların “sizinlə fəxr edirik” deməsinə nail olmaqdı. Güclü oyunçularımız var, onlardan çox yaxşı komanda formalaşdırmalıyıq. Bunu bacarsaq, Avropanın ən güclü yığmalarının səviyyəsinə çatmış olacağıq”.
Luka Modriç, “Real”ın yarımmüdafiəçisi:
“Gələcəyimlə bağlı qərar verilib, amma hələlik bu barədə sizə məlumat verə bilmərəm. Mən həmişə demişəm ki, karyeramı “Real”da başa vurmaq istəyirəm. Bu, mənim arzum, bu, mənim evim, həyatımın klubudu. Mən də Toni Kroos kimi futbolla “Real”da vidalaşmaq istəyirəm”.
Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:
“Ölkəmdən xaricdə işləməyəcəyəm. Bu il İngiltərəyə yollanmaq imkanım vardı, lap yaxında mənim üçün çox yaxşı şans ortaya çıxmışdı. Avropa Liqasındakı uğurumuz yeni çağırış almağıma şərait yaratmışdı. Amma mən İtaliyanı çox sevirəm! Milli komanda? Bu iş üçün lazımi qədər keyfiyyətlərə malik olduğumu düşünmürəm. Avropa Superkuboku matçında hansı komanda ilə qarşılaşmaq istərdim? Ümid edirəm ki, rəqibimiz “Real” olacaq. “Borussiya”ya qarşı heç bir pis fikrim yoxdu. Bir neçə il əvvəl bu komanda ilə Avropa Liqasında qarşılaşmışıq. Amma “Real”la Varşavada avqustun 14-də keçiriləcək Superkubok oyunu bütün variantlar arasında ən nüfuzlusu olacaq”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Futbol mürəkkəb və sadədi. Onu vəsvəsələrlə çətinləşdirməyə ehtiyac yoxdu. Vəsvəsələr xəstəlikdi. Xoşbəxtlikdən, bu, məndə yoxdu. Karyeramı “Real”da başa vuracağam, amma əvvəlcə Çempionlar Liqasında daha bir dəfə qalib olmaq istəyirəm”.
Kilian Mbappe, PSJ-nin hücumçusu:
“Çox yaxında rəsmən yeni klubun oyunçusu olacağam. Bu, bir neçə günə açıqlanacaq. Mən buna çox şadam, xoşbəxtəm. Daha bir neçə gün gözləmək lazımdı. Çempionlar Liqasının finalında hansı komandaya azarkeşlik edəcəyəm? Mən, sadəcə, futbola baxacağam, oyunu bəyənirəm. Qarşıda nə baş verə biləcəyini heç vaxt bilmirsən. Həmişə “bir gün İtaliyaya getsəm, “Milan”ı seçəcəyəm” deyirdim. Uşaqlıqda bu komandanın böyük fanatı idim. İndi də A seriyasını, “Milan”ın oyunlarını izləyirəm”.
Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi:
“Əsas qapıçımız kim olacaq? Ter Ştegenə dedim ki, şadam ki, ikinci dünya səviyyəli qapıçımız var. Manuel Noyer qitə çempionatında əsas qapıçımız olacaq”.
Vadim Şpinev, “Atalanta”nın yarımmüdafiəçisi Aleksey Mirançukun agenti:
“Bir müddət əvvəl bildirdiyim kimi, gələcəyi ilə bağlı qərarı Lyoşa özü verəcək. İndi bu haqda sizə yeni heç bir xəbər verə bilməyəcəyəm. Mirançuk müqavilə ilə “Atalanta”ya hələ bir il də bağlıdı”.
Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
“Mbappenin gələcəyi məndən asılı deyil. O, karyerasını harda davam etdirəcəyinə özü qərar verəcək. Kilian yenicə sona çatan mövsümdə daha çox qol vura bilərdi. Ölkə kubokunun final matçında çox fəal idi. Amma qapıya yol tapa bilmədi. Kilian sehrbaz deyil ki, hər oyunda qol vursun. Avropa çempionatına qalan iki həftə ərzində onunla bağlı nəyisə dəyişmək niyyətim yoxdu. Ona daha çox diqqət yetirməyi düşünmürəm. Amma KİV futbolçunun gələcək karyerası ətrafında həddən artıq ajiotaj yaradır. O, hər gün diqqət mərkəzində olur. Bu isə normal sayılmalıdı. Ona görə ki, söhbət Kiliandan gedir. Mbappe Fransa yığması üçün çox vacib elementdi”.
Ruud Qullit, Niderland yığmasının sabiq yarımüdafiəçisi:
“Borussiya”nın “Real”a qalib gələrək sürpriz edəcəyini düşünürəm. Fikrimcə, ilk qolu “Real” vuracaq, hesabı Vinisius açacaq, sonra Malen meydana çıxacaq və cavab qolunu vuracaq. Əsas vaxt 1:1 hesabı ilə nəticələnəcək. Əlavə vaxtda isə Roys “Borussiya”ya qələbə gətirəcək”.
Massimo Franki, “Tuttosport” qəzetinin jurnalisti:
“Kvaratsxeliya çox istedadlı oyunçudu. Amma son mövsümdə imkanlarından aşağı səviyyədə çıxış etdi. Halbuki İtaliyada keçirdiyi ilk mövsümdə parlaq oyun sərgiləmişdi. Lakin ikinci mövsümü bir qədər zəif keçirdi. Bu səbəbdən Xviçaya görə 100 milyon ödəmək (bəzi mənbələr PSJ-nin “Napoli”yə belə təklif irəli sürdüyünü iddia edir – R.Y.) riskdi”.
Mats Hummels, Dortmund “Borussiya”sının müdafiəçisi:
“Baş məşqçinin (Yulian Naqelsmannı nəzərdə tutur – red.) komandanın mart ayında keçirdiyi təlim-məşq toplanışında olan heyətə üstünlük verdiyini anlayıram. Amma Avropa çempionatında iştirak etməmək istənilən halda mənim üçün məyusedici faktdı. Ona görə ki, mən Almaniyanın ən yaxşı 5 müdafiəçisi sırasındayam və öz gücümə minəm. Bəlkə də, martdakı toplanışda yığmada olsaydım, qarşıdakı turnirdə iştirak edərdim. Baş məşqçiyə hətta qitə çempionatında ehtiyat oyunçular skamyasında oturub şansımı gözləməyə hazır oduğumu da dedim. O, mənim milli komandaya münasibətimi dəqiq öyrəndi. Amma səhv etmirəmsə, onu başqa amillər qayğılandırırdı”.
Nasser Əl-Xelayfi, PSJ-nin prezidenti:
“Ona (komandanı tərk edən Kilian Mbappeni nəzərdə tutur – R.Y.) ən yaxşı arzularımı diləyirəm. O, 7 il ərzində komandamızda fövqəladə işlər görüb. PSJ-yə gələrkən 18 yaşında idi. Artıq böyük oğlan və dünyada ən yaxşı futbolçudu. Onun klub üçün etdikləri ilə qürur duyuram. Qarşıda nə baş verəcəyini heç vaxt dəqiq proqnoz verə bilməzsən. Bəlkə də, bir gün Fransaya qayıdacaq. Onun ambisiyalarına bələdəm, karyerasında yeni mərhələyə başlamaq istəyirdi. Yeni təcrübə qazanmaq üçün başqa liqada oynamaq niyyətində idi. Artıq ona bu imkan yaradılıb”.
Coşua Kimmix, “Bavariya”nın yarımmüdafiəçisi:
“Bu, təkcə məndən asılı deyil. Klub nə istəyir? Düşünürəm ki, nə vaxtsa müzakirələr aparılacaq. Vəziyyətim qeyri-müəyyən deyil. Müqaviləmin müddətinin sona çatmasına hələ bir il var. İndi qarşıda bizi Avropa çempionatı gözləyir. Bütün diqqətlər bu turnirə yönəlib. Yığmamaız son bir neçə böyük turniri o qədər də yaxşı keçirməyib və belə gedişə son qoymaq istəyirik”.
Quido Fienqo, “Əl-Nəssr”in idman direktoru (Kriştiano Ronaldonun iş yerini dəyişə biləcəyi ilə bağlı xəbərə reaksiyası):
“Ronaldonun qanı artıq sarıdı. O, növbəti mövsümdə də işə bizimlə birlikdə davam edəcək”.
Canluici Buffon, “Yuventus”un sabiq qapıçısı:
“Artıq 3-4 ildi “Yuventus”da işləmirəm. Bu səbbdən klubdakı məsələlərin detalları haqda fikir söyləyə bilmərəm. Amma bəzi mövzularda ehtimal irəli sürə bilərəm. Rəhbərliyin yeni mövsümə Tyaqo Motta ilə başlamaq niyyəti yeni inkişaf kursunu qəbul etməsi ilə bağlıdı. Motta ambisiyalıdı. Fikrimcə, ona komandada müəyyən qədər vaxt verilməlidi. Antonio Konte Neapolda işləyəcək? Məncə bu, ən münasib vaxtda reallaşa biləcək ideal ittifaq ola bilər. Konte “Napoli”də ehtiyac duyduğu emosiyaları tapa bilər. Klubun isə indiki məqamda onun kimi əsl liderə çox ehtiyacı var”.
Ueyn Runi, “Plimut”un baş məşqçisi:
“İngiltərə qarşıdakı Avropa çempionatında qalib gələ bilər. Məncə, qitənin digər aparıcı komandaları artıq bizdən çəkinməyə başlayıblar. Ona görə ki, İngiltərə əvvəlki turnirlərdə kifayət qədər güclü təsir bağışlayıb. Əsas rəqiblər yığmamızdan heç vaxt bu qədər çəkinməmişdilər. İndi onlar böyük təlaş içindədilər”.
Didye Deşam, Fransa yığmasının baş məşqçisi:
“KİV Mbappenin gələcək karyerası ətrafında həddən artıq ajiotaj yaradır”