Bu gün ölkə kubokunun finalında “Qarabağ”la “Zirə” üz-üzə gələcək.
Bu komandalar 2021/22 mövsümünün finalında da qarşılaşmış, qollu bərabərlikdən sonra penaltilərə qədər uzanan görüşdə ağdamlılar sevinmişdi. Ümumiyyətlə, indiki durumda “köhlən atlar” nəinki “Zirə”dən, bütün elita klublarından üstün səviyyədədi. Qurban Qurbanovun yetirmələri bunu həm ölkə çempionatında, həm də Avropa Liqasında sübut edib. Ancaq “qartallar”ın da son görüşlərdəki fəallığı diqqətdən qaçmır. Onlar da mövsümü 2-ci yerdə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb. Maraq doğuran məqamlardan biri də oyunda gərginliyin hansı səviyyədə olacağıdı. Çünki hər iki komanda mövsüm üçün qarşıya qoyulan hədəfə çatıb. Belə ki, “Zirə” gərgin keçən mübarizədən sonra Avropa Liqasına, “Qarabağ” isə sona 8 tur qalmış Çempionlar Liqasına vəsiqəyə və ayrıca çempion tituluna sahib olub. Əlbəttə, hər biri kuboku istəyəcək. Lakin “Zirə”nin artıq Avropa Liqasına vəsiqə qazanandan sonra bu görüşə hansı motivasiya ilə çıxacağı sual altındadı. Doğrudu, qəsəbə təmsilçisi tarixində ilk titulu qazanmağa yaxındı. Amma rəqibin “Qarabağ” olduğunu nəzərə alsaq, bu, çətin görünür. Komandanın final şansını dəyərləndirmələri üçün təcrübəli mütəxəssis Əfqan Talınova tribuna verdik:
“Hər iki komandanın çempionatda məqsədlərinə çatması imkan verir ki, kubok oyununun daha maraqlı olması üçün tərəflər meydana sərbəst çıxsın. “Qarabağ” nüfuzunu qoruyaraq “qızıl dubl” etmək istəyir, “Zirə” isə 2021/22 mövsümündə penalti lotereyasında buraxdığı qollar üzündən düçar olduğu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Fikrimcə, heç matçın penaltilərə qalmasını gözləməyəcəklər. “Qartallar”ın sərbəst çıxış etməsinə imkan yaranacaq. Artıq özlərinə gəliblər və qol vurmaq şansları da yüksəlib. Yəni az qol buraxmalarına baxmayaraq, hücumda fəallaşıblar. Düşünmürəm ki, “qartallar” bütün oyunu müdafiədən oynasın. Səbəbinə gəlincə, Avropa Liqasına vəsiqə qazanmasaydılar, qapalı oyuna daha çox üstünlük verəcəkdilər. Ancaq indi rəqibin güclü olmasına baxmayaraq, əks-hücumlarla hücum futboluna da üstünlük verəcəklər. Fəqət hər iki tərəfin şanslarını dəyərləndirsək, bərabər olduğunu deməzdim. Hardasa 70-in 30-a “Qarabağ”ın xeyrinə olduğunu düşünürəm. Niyə? Çünki “köhlən atlar” da “qızıl dubl” etmək istəyir. Bu mənada Ağdam təmsilçisinin potensialı yüksəkdi. Oyun qarşılıqlı hücumlar şəraitində keçməyəcək. Yəni matçın əks-hücumlar fonunda davam edəcəyini düşünürəm. Lakin hansısa bir tərəfin tez qol vurması bu qarşılaşmanı daha da maraqlı edəcək. Ümumiyyətlə, az qol buraxmaq o deməkdi ki, komanda müdafiədə etibarlı çıxış edir. Ona görə də həm “Zirə”, həm də “Qarabağ” tərəfindən ilk 15 dəqiqə ərzində qol vurulmayacağını düşünürəm. “Köhlən atlar” oyuna nəzarəti götürmək istəyəcək və imkan verməyəcək ki, topa nəzarət rəqibə keçsin. Ancaq “qartallar”da əks-hücumlar son vaxtlar yaxşı alınır. Komanda sürətli hücumlara üstünlük verir. Bu hücumlar zamanı isə önəmli məsələlərdən biri boşluqlardı. Yəni “Qarabağ” rəqibinə nə dərəcədə boşluqlar verəcək ki, onlar da bundan istifadə edə bilsin. Fikrimcə, qəsəbə təmsilçisi ehtiyatlı oynayacaq. Ümumiyyətlə, bizi maraqlı final matçı gözləyir. Belə başa düşürəm ki, “Zirə” Avropa Liqasına qazanmış olduğu vəsiqənin verdiyi sərbəstliyin nəticəsində əməlli-başlı mübarizə aparacaq. Tərəflərin aqressivliyinə gəlincə, düşünmürəm ki, hansındasa bu aşağı olsun. “Qarabağ” “qızıl dubl” etmək istədiyi kimi, “Zirə”də ötən mövsüm penaltilərdə verdiyi kuboku geri qaytarmaq istəyir. Avropa Liqasına vəsiqənin ardından ölkə kubokunu da qazanmaq möhtəşəm nəticə olardı. Bu üzdən də var qüvvələriylə mübarizə aparacaqlar. Adətən, “Qarabağ” tempi artıranda qalan komandalarımız müəyyən çaşqınlıq içində olur. Ağdamlılar nadir hallarda açıq oyuna üstünlük verir. Məsələn, “Sabah”la matçda buna şahidlik etmişik. Avropada sözünü demiş, oturuşmuş komanda rəqib müdafiəsini yarmaqda çətinlik çəkmir. Rəqib boşluq verən kimi “Qarabağ” bundan yararlanır. Dediyim kimi, tərəflərin yüksək təzyiq altında mübarizə aparacaqlarını düşünmürəm. Çünki hər ikisi Avropaya vəsiqəni təmin edib”.
KAMAL SƏFƏR