Bu gün ölkə kubokunun finalında “Qarabağ”la “Zirə” üz-üzə gələcək.
Bu komandalar 2021/22 mövsümünün finalında da qarşılaşmış, qollu bərabərlikdən sonra penaltilərə qədər uzanan görüşdə ağdamlılar sevinmişdi. Ümumiyyətlə, indiki durumda “köhlən atlar” nəinki “Zirə”dən, bütün elita klublarından üstün səviyyədədi. Qurban Qurbanovun yetirmələri bunu həm ölkə çempionatında, həm də Avropa Liqasında sübut edib. Ancaq “qartallar”ın da son görüşlərdəki fəallığı diqqətdən qaçmır. Onlar da mövsümü 2-ci yerdə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb. Maraq doğuran məqamlardan biri də oyunda gərginliyin hansı səviyyədə olacağıdı. Çünki hər iki komanda mövsüm üçün qarşıya qoyulan hədəfə çatıb. Belə ki, “Zirə” gərgin keçən mübarizədən sonra Avropa Liqasına, “Qarabağ” isə sona 8 tur qalmış Çempionlar Liqasına vəsiqəyə və ayrıca çempion tituluna sahib olub. Əlbəttə, hər biri kuboku istəyəcək. Lakin “Zirə”nin artıq Avropa Liqasına vəsiqə qazanandan sonra bu görüşə hansı motivasiya ilə çıxacağı sual altındadı. Doğrudu, qəsəbə təmsilçisi tarixində ilk titulu qazanmağa yaxındı. Amma rəqibin “Qarabağ” olduğunu nəzərə alsaq, bu, çətin görünür. Komandanın final şansını dəyərləndirmələri üçün təcrübəli mütəxəssis Aslan Kərimova tribuna verdik:
“Düşünürəm ki, yaxşı, kubokun finalına layiq oyun izləyəcəyik. Şansları dəyərləndiririksə, düşünmürəm ki, “Zirə”nin motivasiyası “Qarabağ”dan daha üstündü. Təbii ki, “Zirə” titulu qazanmaq istəyir. Amma eynilə “Qarabağ”da titulu qazanıb, bu mövsüm “qızıl dubl” etmək istəyir. Yəni “Zirə” nə qədər yaxşı çıxış edib, kuboka sahib olmaq istəyirsə, “Qarabağ” da eyni niyyətdədi. Dolayısıyla hər iki komandanın əzmkarlığına şübhə etmirəm. Əlbətttə, kağız üzərində və ümumi götürəndə “Qarabağ” bu qarşılaşmanın favoriti sayılır. Çünki bu mövsüm həm Avropa Liqasında, həm də çempionatda göstərdiyi oyun və sona 8 tur qalmış çempionluğu elan etmələri onları “Zirə” qarşısında daha üstün saymağımıza əsas verir. Lakin bir məqamı da unutmaq olmaz ki, bu, kubok oyunudu, yəni çempionat matçlarına heç bənzəmir. Prinsipial görüşlərdə komandanın ümumi potensialı yox, həmin gün oyuna nə qədər çox hazır olub-olmaması daha vacibdi. Çünki oyunçuların çempionatın yükünü nə dərəcədə üzərlərindən ata bilib-bilmədikləri bu oyunda bəlli olacaq. Bütün bu amillər fonunda “Qarabağ”ın futbolçuları Avropa Liqasında gərgin mübarizə şəraitində çıxış etdilər və bu qədər stressin ardından sonra yenə eyni əzmlə, şücaətlə kubokun finalına çıxmaq məcburiyyətindədilər. Eləcə də “Zirə”nin çempionatın son turuna qədər avrokuboklara vəsiqə qazanıb-qazanmayacağı bəlli deyildi. Çünki sonuncu matçda məğlub olsaydılar və “Neftçi” heç-heçə etsəydi, nəticə etibarlə “qartallar” 5-ci yeri tutmuş olacaqdı. Ona görə final qarşılaşmasında onların da üzərinə böyük yük düşəcək. Bu komandalar bir mövsüm əvvəl də finalda üz-üzə gəlmişdilər. Həmin oyun da qollu bərabərliklə yekunlaşmışdı. Yalnız penaltilərdə kubokun qalibi müəyyənləşdi. Bu dəfə də belə ehtimal var. “Köhlən atlar”ın hücum xətti “Zirə” ilə müqayisədə daha güclüdü. Yəni heyətlərindəki ən gənc futbolçunun belə qol vurmaq bacarığı çox yaxşıdı. Nəriman Axundzadəni nəzərdə tuturam. Ondan əlavə mövsümün bombardiri olan Olavio Juninyo da var. Ona görə də bu məsələ qəsəbə təmsilçisini sıxıntıya sala bilər. Amma “Zirə” də rəqibiylə ilk görüşlərə nisbətən müdafiə xəttini gücləndirib. Xüsusən də qapıçı və mərkəz müdafiəçisi mövqeyində olan futbolçuları çempionatı həddən artıq yaxşı səviyyədə keçirdilər. Təsadüfi deyil ki, çempionatda ən az qol buraxan komanda “Zirə”di. Sadaladığımız bütün bu amillər qarşılaşmanın gərgin keçəcəyinə işarədi. Amma “Qarabağ”ı final matçında qələbəyə yarım addım daha yaxın hesab edirəm. “Zirə” nə edə bilər? Düşünürəm ki, “qartallar”ın çıxış yollarından biri müdafiənin çox konsentrasiyalı oynamasıdı. Yəni Ağdam təmsilçisinə qarşı çox da irəlidə mübarizə aparmamalıdılar. Hesab edirəm ki, “2 nömrə” kimi oynamağa çalışacaqlar. Belədə isə son turları da nəzərə alsaq, “Qarabağ” öndə oynayarkən müdafiədə çox kobud səhvlər baş verir. “Qartallar”ın da həmin kobud səhvləri dəyərləndirmək şansları var. Təbii ki, “Zirə”nin də iti əks-hücumları olduğunu yaddan çıxarmayaq. Məncə, bu fürsətdən istifadə edə bilərlər. Fəqət bunlar hamısı nəzəri fikirlərdi. Oyun bizə nə göstərəcək - şəxsən mənim üçün maraqlıdı”.
KAMAL SƏFƏR