Peşəkar Futbol Liqası dünən yaydığı məlumatla “İrəvan”ın 1-ci liqadan uzaqlaşdırıldığını təsdiqlədi.
Əslində AFFA-nın Lisenziya Komitəsi mayın 27-də bu kluba lisenziya verməyəndə hər şey aydın idi. Böyük pafosla təqdim olunan, Qərbi Azərbaycan İcmasının təmsilçisi kimi qələmə verilən klub, sən demə, sabun köpüyü imiş.
Bəs hadisələrin bu yerə qədər inkişaf etməsinin günahkarı kimdi? Bu sualı qalmaqalın ilk çağlarında “İrəvan”dan ayrılan, klubun yaradıcılarından olan Alı Alıyevə ünvanladıq. Sabiq vitse-prezidentin fikirləri:
"İrəvan"ın 1-ci liqadan kənarlaşdırılması doğru addımdı. AFFA düzgün qərar verdi. Ancaq çox pis xəbərdi, bizə təsir etdi. Çünki "İrəvan" adı siyası cəhətdən fərqli təhlil edilə bilərdi. Gərək "İrəvan" da “Qarabağ”ın “yerişini yeriyəydi”, dəstək qazanaydı. Mən ora vitse-prezident dəvət edildiyim üçün komandaya məşqçinin, futbolçuların gətirilməsində də yaxından iştirak etdim. Sonradan görəndə ki, düzgün idarəçilik yoxdu, məsləhət verəndə də tərsinə edirlər, bir ay sonra yolumu ayırdım. Qurduğum klub 23 xalı qısa zamanda topladı, komanda həmin gedişlə premyer-liqaya yüksələ bilərdi. 27 xaldan 23-nu mən cəlb etdiyim futbolçular yığdı. Zahid Niyazəliyevin bacardığı bundan artıq olmayacaqdı”.
Alı bəy “İrəvan”ın düşdüyü vəziyyəti həm də AFFA-nın nəzarətsizliyi ilə bağladı:
“Məsələyə real yanaşsaq, AFFA-nın da günahı var. Orda bu işlərə nəzarət edənlər nə işlərə baxırdı ki, klubda bu qədər yeyinti oldu?! Niyə baxmırlar, nəzarət etmirlər?! Bir dəfə futbolçular maaşlarını ala bilmədiyinə görə meydana çıxmadılar. Federasiya baxmalıydı kı, rəhbərlik səhv edir, pulu paylamır, mənimsəyir və s. AFFA həmin anda klubun yaninda olmalıydı, nəzarətdə saxlamalıydı. Zahid Niyazəliyev iki vur ikini bilmirsə, federasiya klubun idarəçiliyinə kömək etməliydi. Yeri gəlsə, məsləhət də verməliydi. Başa düşə bilmədilər ki, "İrəvan" adı nə deməkdi. Son illər federasiyada peşəkarlar qalmır. Vaxtilə bütün polisləri, təqaüdçüləri federasiyaya toplamışdılar. İndi isə jurnalistlər o yerdədi. Şəxsən mən "Qəbələ"nin elitadan kənarlaşdırılmasının əleyhinəydim. Gərək komanda sayı artırılaydı. O cür akademiya qurublar. Zəif oynadılar, nə oldusa, belə duruma düçdülər. “İdman prinsipi” deyirlər, guya aşağıdan-yuxarı və ya əksinə yerini dəyişən komandalarda prinsiplər tamdı?! Fuad Musayevin dönəmində iradları deyən biri kimi həmişə mübarizə aparmışıq. Ramiz Mirzəyevin dönəmində də nə çətinliklər, əyriliklər görürdümsə, onu üzlərinə deyirdim. İndi AFFA-da bu çatışmazlıqları üzə deyəcək kimsə var?! Federasiyanin tutduğu mövqe düzgün deyil. “Köhnə yurdun qədrini təzə yurdda bilərlər" deyimi burda yerinə düşür. Fuad Musayevin dönəmində futbola daha çox maraq vardı, azarkeşlər də stadiona çox gəlirdi. Ramiz Mirzəyevin fəaliyyət illərində bir qədər zəiflədi. Rövnəq Abdullayevin vaxtında yerə sərdilər, indi də bilinmir... Yeni prezident güclü təşkilatçı ola bilər, amma ona yol göstərənlər kimdi”.
RÖYANƏ OĞUZ