Bütün medallar avropalılara çatdı

29.05.2024 20:10 159
İdman
Çexiyada keçirilən hokkey üzrə dünya çempionatı bazar günü başa çatdı.

“Football-plus.az” xəbər verir ki, yarımfinalda İsveçrə Kanadanı, meydan sahibləri isə İsveçi məğlub etdi. Belədə 2018-dən bəri ilk dəfə finalda yalnız Avropa yığmalarının oynayacağı bəlli oldu.

Bazar günü əvvəlcə 3-cü yer uğrunda oyun keçirildi. İsveç Kanadanı məğlub etməklə tarixində 17-ci dəfə DÇ-nin bürünc medallarını qazandı. Kanada isə 2018-ci ildən bəri ilk dəfə mundialı mükafatsız bitirdi. Ümumiyyətlə, “ağcaqayın yarpaqları” ardıcıl 5-ci dəfə 3-cü yer uğrunda oyunda uduzdular. Onlar sonuncu dəfə uzaq 1995-ci ildə mundialın bürünc medalını qazanıblar.

Gözlənildiyi kimi, final oyunu meydan sahiblərinin qələbəsi ilə bitdi. Çexiya 2010-cu ildən bəri ilk dəfə dünya çempionu oldu. Ümumiyyətlə, çexlər 6 dəfə bu titulu qazanıb. Beləcə son 10 ildə ilk dəfə medallar yalnız Avropa yığmalarına qismət oldu. Sonuncu dəfə belə unikal nəticə 2014-cü ildə qeydə alınmışdı, onda Rusiya qızıl, Finlandiya gümüş, İsveç bürünc medalları qazanmışdı. Onu da xatırladaq ki, 88-ci dünya çempionatı gələn ilin yazında İsveçlə Danimarkada keçiriləcək.

Bu arada Beynəlxaql Hokkey Federasiyasının (IIHF) prezidenti Lük Tardif Çexiyadakı turnirin DÇ-nin bütün tarixi ərzində ən çox azarkeş auditoriyası toplayan turnir olmasıyla bağlı fikirlərini bölüşüb:
“Bu fantatik uğur Çexiyanın hokkey ölkəsi olduğunu göstərdi. Bu, finalın nəticəsindən asılı olmayaraq, hokkeyin qələbəsidi. Çexiya ilə İsveçrə arasında möhtəşəm final izləyəcəyimizə əminəm”.


Oxucu soruşa bilər ki, söhbət hansı seyrçi rekordundan gedir? İş ondadı ki, son üç oyun (2-ci yarımfinal, 3-cü yer uğrunda oyun, final) keçirilmədən belə DÇ-də ümumi tamaşaçı sayında rekord qırıldı. 61 oyunu 754226 tamaşaçı izləmişdi ki, bu da hər oyuna orta hesabla 12364 nəfər deməkdi. Əvvəlki rekord da Çexiyada – DÇ-2015-də müəyyənləşmişdi. Onda turnirin 64 oyununu izləmək üçün tribunalara 741690 (hər oyuna orta hesabla 11859) azarkeş toplaşmışdı.

Təbii ki, DÇ ətrafında yalnız xoş hadisələr baş vermir. Məsələn, Latviya yığması qarətə məruz qalıb. Latviyalı hokkeyçilərin yerləşdiyi otel nömrələrindən telefonların enerji daşıyıcıları və 70 avro oğurlanıb. Təşkilatçılar hokkeyçilərdən üzr istəyib. Çexiya polisi qarət faktını araşdırır.

yarımfinal
Kanada - İsveçrə 2:3 Б (0:2, 1:0, 1:0, 0:0, 0:1)
İsveç - Çexiya 3:7 (2:2, 1:3, 0:2)
3-cü yer uğrunda oyun
İsveç – Kanada 4:2 (1:0, 0:1, 3:1)
final
İsveçrə - Çexiya 0:2 (0:0, 0:0, 0:2)