Yığmanın Canni de Byazinin gedişindən sonra boş qalan baş məşqçi postu hələ də sahibsizdi.
Komanda iyunda keçiriləcək yoldaşlıq oyunlarına da Arif Əsədovun rəhbərliyi altında çıxacaq. Baxmayaraq ki, federasiya mayın sonuna qədər bu məsələnin həllini tapacağını bildirmişdi. Boş qalmış post üçün layiqli namizədlərin axtarılıb-tapılması istiqamətində isə hələ də bitib-tükənməyən çalışmalar gedir. Baş məşqçi axtarışına görə yaradılan İşçi Qrupun bu istiqamətdə hansısa addım atmasıyla bağlı heç bir xəbər yoxdu. Daha doğrusu, yox idi. Ta ki aprelin 2-də keçirilən Hesabat-seçki Konfransında AFFA-ya prezident seçilən Rövşən Nəcəf bu barədə artıq müəyyən siyahının tərtib olunduğunu və danışıqlar getdiyini deyənə qədər. Dekabrın 15-də yaradılan İşçi Qrupun aprelin 2-nə qədər olan bütün fəaliyyəti isə məxfiliyini qorudu. Buna baxmayaraq, ictimaiyyətə yenə də informasiya sızdırıldı ki, nə olur-olsun, millinin yeni çalışdırıcısı da əcnəbi olacaq. Maraq doğuran məqamlardan biri isə İşçi Qrupun bu müddət ərzində gördüyü işlərin ictimaiyyətə ətraflı şəkildə açıqlanmamasıdı. Belədə namizədlərin kimlər olduğunu bilər, buna uyğun hər kəs fikrini bölüşərdi. Bu başqa məsələ ki, sadə vətəndaşların fikirləri rəhbərlik üçün nə dərəcədə önəmlidi?
Nə isə, hələ də boş qalan postla bağlı heç bir xəbər yoxdu. Görünən odu ki, ya İşçi Qrupun fəaliyyəti yetərli deyil, ya da rəhbərlik burdakıların seçimlərinə güvənmir. Əks təqdirdə məşqçinin adı çoxdan elan olunmalıydı. Mediada isə gündən-günə yeni adlar çəkilir: Şenol Günəş, Rza Çalımbay, Vladimir Vayss, Ştefan Kuntz... Dəqiq olan bir məqam var ki, millinin baş məşqçisi əcnəbi olacaq. İndiyə qədər millidə işləmiş heç bir əcnəbi mütəxəssisin bu ölkənin futboluna xeyir vermədiyi aşkardı. Yığmanı da həmişə autsayderlər sırasında görmüşük. Yalnız Robert Proseniçkinin vaxtında qısa müddətdə yığmanın baxımlı oyun sərgilədiyinə şahidlik etdik. “Yaxşı işlər zaman alır” deyirlər. Yeni AFFA rəhbərliyi də nisbətən güvən yaradır. Buna baxmayaraq, bir aydan artıqdı siyahı tərtib olunub, danışıq gedir, amma ortada bir şey yoxdu. Daha təyin ediləcək şəxsin yerli, yoxsa əcnəbi olması barədə düşüncələr də əvvəlki aktuallığını itirib.
Bəs bu qədər zaman sərf edəndən sonra yığmaya gətiriləcək şəxs uğursuz olarsa, onda necə olacaq? Bunun günahkarı AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayevin dönəmində yaradılmış İşçi Qrup olacaq, yoxsa yeni AFFA rəhbərliyi?
Yığmaya nə vaxt baş məşqçi gələcək, komandanı Millətlər Liqasına necə hazırlayacaq? Düzü, bu yığmaya lap Pep Qvardiolanı gətirsən belə, istədiyin nəticəni ala bilməyəcəksən. Bunun üçün müəyyən zaman lazımdı. Ona qədər isə iş-işdən keçmiş olacaq. Hər halda, ümid edək ki, işə məsuliyyətli yanaşan bir mütəxəssis tapa biləcəklər...
KAMAL SƏFƏR