Vaqif Sadıqovdan millinin baş məşqçisiylə bağlı yayılan iddialara CAVAB - Bəs Andrey Şevçenko?

5.01.2024 15:11 2 962
Yığma / Manşet
Xəbər verdiyimiz kimi, yığmanın yeni baş məşqçisini müəyyənləşdirmək üçün yaradılan İşçi Qrupun son iclası dekabrın 26-da keçirilib.

Bəs ötən müddətdə İşçi Qrupun fəaliyyəti ilə bağlı hansı yeniliklər olub? Hətta AFFA-nın baş katibi Sərxan Hacıyev səviyyəsində bu qurumun heç bir baş məşqçi ilə danışıq aparmadığı deyilirsə, Kaxabar Sxadadze, Stanislav Çerçesov, Andrey Şevçenko və Milan Obradoviç kimi mütəxəssislərin adının ölkəmizin əsas komandası ilə yanaşı çəkillməsində maraqlı olan kimdi?

Bu suallara aydınlıq gətirmək üçün AFFA İcraiyyə Komitəsinin, eləcə də İşçi Qrupun üzvü Vaqif Sadıqovla əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:

"Hansısa yenilik yoxdu. Olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Növbəti iclasımızı bu ay keçirməyi planlaşdırırıq. Üzv kimi deyə bilərəm ki, İşçi Qrupun iclaslarının heç birində konkret ad çəkilməyib. Bu barədə xəbərləri kim və hansı marağa görə tirajlayır - bilmirəm. Bəlkə də bizimlə çalışmaq istəyən şəxslərin AFFA-ya baş məşqçi postuna müraciətinə görə bu qənaətə gəliblər. Sadəcə, onu deyə bilərəm ki, hər iki istiqamətdə - həm yerli, həm də əcnəbi - axtarış və dəyərləndirmələr aparılır”.

MİRKAMAL KAZIMZADƏ