Tur cümə günü artıq heç bir hədəfi qalmayan klubların oyunları ilə start götürdü.
“Football-plus.az” xəbər verir ki, “Sivasspor” sonuncu pillədəki “İstanbulspor”u asanlıqla yendi. Şahruddinin son anlarda zədə alaraq əvəzləndiyi matçda isə “Adana Dəmirspor” səfərdə “Antalyaspor”a uduzdu. Beləliklə, Adana təmsilçisi mövsümü cəmi bir səfər qələbəsi ilə tamamladı. Həmin qələbə də aşkar autsayder “İstanbulspor” üzərində qazanıldı.
Şənbə günü keçirilən 7 oyundan beşi bərabərliklə yekunlaşdı. Superliqada buna qədər XXI əsrdə heç vaxt bir oyun günündə 5 heç-heçə qeydə alınmamışdı! “Beşiktaş” “Hatayspor”la qarşılaşmada iki dəfə hesabda geri düşsə də, 1 xal qazanmağı bacardı. Abubakar son saniyələrdə penaltidən fərqlənməklə 8 aylıq susqunluğa son qoydu. “Qartal” bu mövsüm ev oyunlarının cəmi 53 faizində (10/19) qalib gələ bildi. Komandanın sonuncu dəfə bundan daha pis göstəricisi (47 faiz) 2012/13-də olub. Günün mərkəzi oyunu “Fatih Terim”də keçirildi. Əla formada olan “İstanbul BŞ” “Trabzonspor”u yenəcəyi təqdirdə 3-cü pilləyə yüksələcəkdi. Amma Abdulla Avcının komandası başakşəhərlilərin 5 oyunluq qələbə və 11 oyunluq qol seriyasına son qoydu. Türkiyədə ilk mövsümü olmasına baxmayaraq, çox yaxşı performans sərgiləyən Onuaçu 15-ci qolunu vurdu. 1526 dəqiqəyə onun hesabında 15 qol, 4 məhsuldar ötürmə olduğunu nəzərə alsaq, nigeriyalı forvard hər 80 dəqiqədən bir qolun vurulmasında yaxından iştirak edir! “Fatih Karagümrük” “İstanbulspor”un ardından elitadan düşməsi rəsmiləşən ikinci komanda oldu. Tolunay Kafkasın kollektivi Qaziantepdə son anlarda iki qol buraxaraq dramatik şəkildə məğlub oldu. İstanbul təmsilçisi “xilaskar” 16-cı pillədə qərarlaşan “Ankaragücü”dən cəmi 3 xal geridə olsa da, şəxsi oyunlardakı uğursuz nəticələr üzündən elitada qalmaq şansını itirdi. Beləliklə, 2020-də 36 illik fasilədən sonra elitaya yüksələn “Fatih Karagümrük”ün superliqa macərası cəmi 4 il davam etdi. “Pendikspor” son tura “Fatih Karagümrük”dən geridə, yəni 19-cu pillədə daxil olsa da, bu komandanın qurtulmaq şansı davam edir. Çünki “Pendikspor” şəxsi oyunlarda “Ankaragücü”dən üstündü.
Turun, ikinci dövrənin və bəlkə də mövsümün ən vacib oyunu bazar günü keçirildi. Gözlənildiyi kimi, “Cim-Bom” fanatları “Rams Park”da möhtəşəm ab-hava yaratmışdılar. Camiə tək derbiyə yox, həm də çempionluğa hazırlaşmışdı. Axı yanvardan bəri xal itirməyən, öz meydanında bir ildən çoxdu qalib gələn komandaya çempion olmaq üçün 1 xal qazanmaq kifayət edirdi. Üstəlik “Fənərbaxça” bu oyuna ciddi itkilərlə çıxmışdı. Yəni oyundan öncə hər şey Okan Burukun komandasının xeyrinə idi. İlk dövrədəki derbidə olduğu kimi, yenə gərginlik ən yüksək həddə çatdı. Futbolçular arasında az qala hər xırda epizodda münaqişə yaşanırdı. Ona görə də sarı vərəqələrin “havada uçuşması” təəccüblü olmadı. Amma 22-ci dəqiqədə hakim Arda Kardeşler oyunun ab-havasına qapılaraq çox kobud səhvə yol verdi. Torreyra Ciku ilə mübarizədə açıq-aşkar rəqibə ikinci sarı vərəqə aldırmaq üçün özünü yerə atdı. Hakim isə onun “toruna düşərək” qayda pozuntusunun belə olub-olmadığı dəqiq bilinməyən epizodda Cikuya ikinci sarı vərəqə göstərdi! Amma qəribədi ki, bu olay oyunun gedişinə təsir etmədi. “Fənər” matça elə köklənmişdi ki, komandanın qalan müddətdə azlıqda oynadığı, demək olar, bilinmədi. “Qalatasaray” sanki oyuna “istənilən halda 1 xal qazanıb çempion olacağıq” ab-havası ilə çıxmışdı. Komanda heyrət doğuracaq dərəcədə zəif və məzmunsuz bir futbol sərgilədi. İlk yarının sonlarına yaxın Barış Alpər Yılmaz başla qol vurmağa yaxın oldu və onun zərbəsi qapının üstündən keçdi. Bu, “Qalatasaray”ın oyunboyu yaratdığı yeganə təhlükəli vəziyyət oldu. Təkcə bir faktı vurğulayaq ki, “sarı-qırmızılar” 2014-cü ildən bəri ilk dəfə superliqada bir ev oyununu “çərçivə”yə zərbə endirmədən tamamladı! “Qalatasaray” ilk yarı ilə müqayisədə fasilədən sonra fəallaşsa da, yenə Livakoviçin qapısı önündə, demək olar, heç bir təhlükə yaranmadı. Görüşdə yeganə qol 71-ci dəqiqəyə təsadüf etdi. Şimanskinin asmasından sonra Muslera çıxışda səhvə yol verdi. Bunu gözləməyən Kön topu istədiyi kimi uzaqlaşdıra bilmədi və Çağlar Söyüncü boş qapını dəqiq nişan aldı. Beləliklə, “Qalatasaray” bütün seriyalarının qırıldığı bu vacib oyunda fanatları önündə şok bir məğlubiyyətlə üzləşdi. “Fənərbaxça” xalını 96-ya yüksəldərək şəxsi xal rekordunu yenilədi. Amma İsmayıl Kartalın komandasının çempionluq şansı hələ də çox cüzidi. Son turda “Qalatasaray”ı Konya səfəri gözləyir. Düzdü, “Konyaspor” hələ elitada qalmağı rəsmiləşdirməyib. Amma komandaya 1 xal qazanmaq kifayət edəcək. “Fənər”in çempion ola bilməsi üçün isə “Qalatasaray” mütləq uduzmalıdı. Superliqada məğlubiyyətsiz seriyası 26 oyuna yüksələn “Fənər” bu mövsüm əzəli rəqibləri ilə keçirdiyi 4 qarşılaşmadan 3 qələbə, 1 heç-heçə ilə ayrılaraq 10 xal topladı. Komandanın sonuncu dəfə belə göstəricisi 2008/09-da Luis Araqonesin dönəmində olmuşdu. Bundan başqa, “Fənər” Kartalın başçılığı altında “Qalatasaray” və “Beşiktaş”a qarşı keçirdiyi ardıcıl 9-ci derbidə məğlub olmadı!
37-ci tur
Qalatasaray – Fənərbaxça 0:1
Çağlar Söyüncü, 71.
Qalatasaray: Muslera, Kaan Ayhan, Nelsson (Zaha, 80), Sançes, Kön (Kərəm Aktürkoğlu, 73), Torreyra, Kərəm Dəmirbay (Berkan Kutlu, 74), Ziyeş (Tete, 84), Mertens (Vinisius, 84), Barış Alpər Yılmaz, İkardi.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Çağlar Söyüncü, Oostervolde, Fərdi Kadıoğlu, Ciku, Fred, Mərt Hakan Yandaş (Kinq, 65), Şimanski, Tadiç (Bonuççi, 89), Batşuayi (Ceko, 83).
Beşiktaş – Hatayspor 2:2
Fernandeş, 50. Abubakar, 90+7-p. – Massanqa, 26. Dele-Başiru, 55.
Beşiktaş: Ərsin Destanoğlu, Svensson, Talha Sanuç, Kolli, Masuaku, Əl-Musrati (Muçi, 65), Efe Tıknaz (Salih Uçan, 46), Raşitsa (Mustafa Həkimoğlu, 84), Oksleyd-Çemberleyn, Semih Kılıçsoy (Abubakar, 71), Cenk Tosun.
İstanbul BŞ – Trabzonspor 0:1
Onuaçu, 45+2.
Trabzonspor: Uğurcan Çakır, Menye, Mendi, Densvil, Ərən Elmalı, Umut Günəş, Berat Özdəmir, Visça (Orşiç, 90+1), Bardi, Funtas (Fernandes, 82), Onuaçu (Enis Destan, 72).
Antalyaspor – Adana Dəmirspor 2:1
Mendosa, 30-öz qapısına. Mərt Yılmaz, 74 – Aymbetov, 65.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev (Dəniz Dönmezer, 90), İsmayıl Çokçalış, Qravilyon, Dorukhan Toköz (İzzət Çelik, 84), Abdulsamet Burak, Atal, Maestro (Yusuf Barasi, 55), Mişu, Tayfun Aydoğan (Ozan Dəmirbağ, 90+3), Aliui (Aymbetov, 46), Mendosa.
İstanbulspor – Sivasspor 1:3
Vəfa Temel, 81 – Xarisis, 17. Turqunboyev, 43. Koyta, 54.
Qaziantep – Fatih Karagümrük 3:1
Ərtuğrul Ərsoy, 47. Yevtoviç, 90. Monteyro, 90+9 – Markao, 67.
Samsunspor – Alanyaspor 1:1
Muandilmaci, 60 – Oğuz Aydın, 14.
Kayserispor – Konyaspor 2:2
Mane, 32; 77-p. – Sonər Dikmən, 36. Nzonzi, 74.
Çaykur Rizespor – Kasımpaşa 0:0
Ankaragücü – Pendikspor 0:0
1. Qalatasaray 37 32 3 2 89-25 99
2. Fənərbaxça 37 30 6 1 93-31 96
3. Trabzonspor 37 20 4 13 65-48 64
4. İstanbul BŞ 37 17 7 13 51-41 58
5. Beşiktaş 37 16 8 13 51-45 56
6. Kasımpaşa 37 15 8 14 60-64 53
7. Alanyaspor 37 12 15 10 52-49 51
8. Sivasspor 37 13 12 12 45-53 51
9. Çaykur Rizəspor 37 14 8 15 48-56 50
10. Antalyaspor 37 12 12 13 43-48 48
11. Adana Dəmirspor 37 10 14 13 52-55 44
12. Samsunspor 37 11 10 16 41-49 43
13. Kayserispor (-3) 37 11 12 14 43-55 42
14. Qaziantep 37 11 8 18 49-57 41
15. Konyaspor 37 9 14 14 39-50 41
16. Ankaragücü 37 8 16 13 44-48 40
17. Hatayspor 37 8 14 15 43-52 38
18. Fatih Karagümrük 37 9 10 18 46-51 37
19. Pendikspor 37 9 10 18 42-72 37
20. İstanbulspor (-3) 37 4 7 26 27-74 16
Bombardirlər: İkardi (Qalatasaray) – 23, Ceko (Fənərbaxça) – 20, Manay (Sivasspor) – 18, Tiam (Kayserispor/Pendikspor) – 17.
Sonuncu turun oyunları mayın 24-26-sı aralığında keçiriləcək: Konyaspor – Qalatasaray, Fənərbaxça – İstanbulspor, Pendikspor – Qaziantep, Hatayspor – Çaykur Rizəspor, Sivasspor – Kayserispor, Trabzonspor – Ankaragücü, Kasımpaşa – Beşiktaş, Alanyaspor – Antalyaspor, Adana Dəmirspor – İstanbul BŞ, Fatih Karagümrük – Samsunspor.
Turun rəqəmi
1 – “Fənərbaxça” bu mövsüm səfərdə ideala yaxın performans sərgilədi. İstanbul nəhəngi rəqib meydanlarında keçirdiyi 19 oyundan 16 qələbə, 3 bərabərliklə ayrılaraq 51 xal topladı. Bununla da “Fənər” bir mövsümdə səfərdə həm ən çox qələbə qazanan, həm də ən çox xal toplayan komandaya çevrildi. Ən əsası “Fənər” turnirin tarixində bir mövsümü səfərdə uduzmadan tamamlayan ilk komandadı!
Turun ulduzu
Çağlar Söyüncü (Fənərbaxça) – düzdü, qeyri-adi bir qol vurmadı. Qapı önündə topu boş qapıya göndərməklə bəlkə də karyerasının ən asan qolunu vurdu. Amma bu qol necə vurulmasından asılı olmayaraq, “tarix kitablarında” daim öz yerini tutacaq. Çünki “Qalatasaray”ın bütün seriyalarına son qoyan və komandaya çempionluğu doğma fanatları önündə rəsmiləşdirməyə imkan verməyən bir qol oldu. Səfərdə “Qalatasaray”a qol vuran “Fənər”in son mərkəz müdafiəçisi 2008-in noyabrında Dieqo Luqano olmuşdu. Səfərdə “Qalatasaray”a qol vuran “Fənər”in sonuncu yerli futbolçusu isə 2014-ün oktyabrında Alpər Potuk olmuşdu. Bundan başqa, bir neçə gün sonra 28-ci doğum gününü qeyd etməyə hazırlaşan Söyüncü karyerasında ilk dəfə ardıcıl iki çempionat oyununda fərqlənməyi bacardı. Türkiyə yığmasının üzvü ötən tur “Kayserispor”un da qapısına yol tapmışdı.
Turun sitatı
Dursun Özbək, “Qalatasaray”ın prezidenti: