Bu matçdakı qələbə haqqımız deyildi. Həqiqətən də mövsümün ən pis oyununu sərgilədik.
"Football-plus.az" xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen Basketbol Liqasında "Sabah"a 63:94 hesabı ilə uduzduqları final seriyasının ikinci matçı barədə danışarkən deyib.
Mütəxəssis qarşılaşmada xarakter göstərə bilmədiklərini bildirib:
"Bu görüşdə konsentrasiya aşağı oldu. Sanki oyunçular pley-offda mübarizə apardıqlarını unutdular. Çünki heç nəyə ilk oyunda yekun vurulmur. Hər zaman dediyim kimi pley-off seriyasında enişli-çıxışlı performans ola bilər. İkinci matçda da bunu artıqlaması ilə yaşadıq. Məni ən çox əsəbiləşdirən də bu haldır".
Murat Dikmen basketbolçularından daha çox mübarizə gözlədiyini söyləyib:
"Yekunda qalib gəlmək və məğlub olmaq normal hadisələrdi. Artıq final seriyasının üçüncü qarşılaşmasına hazırlaşacağıq. Ümid edirəm ki, bu dəfə göstərə bilmədiyimiz xarakteri üçüncü görüşdə ortaya qoyarıq".