Ötən həftəsonu Türkiyədə bələdiyyə seçkisi keçirildiyindən superliqada 31-ci turun oyunları həftiçinə salınıb.
"Football-plus.az" xəbər verir ki, Çərşənbə axşamına təsadüf edən ilk oyun günündə 4 oyun baş tutdu. Autsayder “İstanbulspor”u darmadağın edən “Çaykur Rizəspor” son 4 turda 3-cü qələbəsini qazandı. Yüksəlişdə olan və bu dəfə səfərdə “Qaziantep”ə heç bir şans verməyən “Alanyaspor”un məğlubiyyətsiz seriyası 7 oyuna çatdı. “Antalyaspor”la “Ankaragücü”nün duelində isə qalib müəyyənləşmədi.
Günün daha bir oyununda “Qalatasaray” Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor”u qəbul etdi. Hataylıları “Cim-Bom” üçün prinsipial rəqib saymaq olardı. Çünki bu mövsüm “Aslan”ı Türkiyə çempionatında yalnız bu komanda məğlub etməyi bacarıb. İlk dövrədəki oyunda “Hatayspor” sürpriz şəkildə 2:1 hesabı ilə üstün olmuşdu. Okan Buruk son dönəmlərdə nadir hallarda start heyətində oynayan Zaha ilə Ziyeşə bu dəfə ilk dəqiqələrdən şans verdi. Amma onlar qeyri-adi bir şeylə yadda qalmadılar. Son çempion oyuna erkən qolla başladı. İkardi artıq 12-ci dəqiqədə künc zərbəsi zamanı başla fərqlənərək ardıcıl 3-cü turda qol vurmağı bacardı. Düşünmək olardı ki, meydan sahibləri qalan dəqiqələrdə rahat şəkildə üstünlüyünü artıracaq. Amma belə olmadı. Qoldan dərhal sonra İkardi gözəl fürsəti boşa verdisə, Mertensin zərbəsi tirə tuş gəldi. Sonradan “Hatayspor” adlı-sanlı rəqibndən çəkinməyərək əks-hücumlarda Musleraya ciddi problemlər yaratmağa başladı. Qonaqlar hətta 58-ci dəqiqədə Strannberqlə qol da vurdular. Amma uzun sürən VAR araşdırmasından sonra qol ofsayd üzündən qeydə alınmadı. Daxili çempionatda belə oyunlarda nəticəni qorumağı bacardığını çoxdan sübut edən “Qalatasaray” qalan müddətdə nə özü fərqləndi, nə də rəqibə fərqlənmək imkanı verdi. Beləliklə, “Qalatasaray” parlaq oyun sərgiləməsə də, superliqada ardıcıl 12-ci qələbəsini qazanaraq ən azı bu həftəni də zirvədə bitirməyi rəsmiləşdirdi. 31 oyuna 84 xal turnirin yeni rekordudu. Maraq üçün bildirək ki, XXI əsrdə cəmi üç dəfə Türkiyə çempionu 84 xal həddinə çatıb. Bu mövsüm isə “Qalatasaray” bunu sona 7 tur qalmış bacardı!
31-cu tur
Qalatasaray – Hatayspor 1:0
İkardi, 12.
Qalatasaray: Muslera, Barış Alpər Yılmaz (Tete, 84), Nelsson, Əbdülkərim Bardakcı, Kön, Kərəm Dəmirbay (Berkan Kutlu, 84), Torreyra, Ziyeş (Kaan Ayhan, 68), Mertens (Vinisius, 88), Zaha (Kərəm Aktürkoğlu, 67), İkardi.
Antalyaspor – Ankaragücü 1:1
Ərdoğan Yeşilyurt, 40 – Əfqan Bəkiroğlu, 64.
Qaziantep – Alanyaspor 0:3
Ahmed Hassan, 6; 72. Oğuz Aydın, 32.
İstanbulspor – Çaykur Rizəspor 0:4
Olavoyin, 4. Minçev, 44; 64. Akintola, 90.
Sivasspor – Fatih Karagümrük 1:0
Manay, 89.
Kayserispor – Kasımpaşa 0:2
Da Koşta, 22. Hayradinoviç, 58.
Fənərbaxça – Adana Dəmirspor 4:2
Ciku, 17. Ceko, 51. Tadiç, 70. Dursun, 85 – Balotelli, 25. Barasi, 80.
Konyaspor – Trabzonspor 1:3
Nzonzi, 79 – Trezeqe, 19. Visça, 59-p. Funtas, 89.
“İstanbul BŞ” – “Beşiktaş”, “Samsunspor” – “Pendikspor” oyunları bu gün keçiriləcək.
1. Qalatasaray 31 27 3 1 69-20 84
2. Fənərbaxça 31 26 4 1 83-27 82
3. Trabzonspor 31 16 4 11 54-41 52
4. Beşiktaş 30 14 4 12 40-36 46
5. Kasımpaşa 31 13 7 11 55-55 46
6. Çaykur Rizəspor 31 13 6 12 40-47 45
7. İstanbul BŞ 30 12 6 12 38-35 42
8. Antalyaspor 31 10 12 9 36-34 42
9. Alanyaspor 31 10 12 9 41-42 42
10. Sivasspor 31 10 11 10 37-43 41
11. Adana Dəmirspor 31 9 12 10 48-43 39
12. Samsunspor 30 10 6 14 35-41 36
13. Kayserispor (-3) 31 10 9 12 36-45 36
14. Ankaragücü 31 7 13 11 37-40 34
15. Hatayspor 31 7 12 12 36-41 33
16. Konyaspor 31 7 12 12 32-45 33
17. Qaziantep 31 8 7 16 34-47 31
18. Fatih Karagümrük 31 7 9 15 34-39 30
19. Pendikspor 30 7 8 15 34-61 29
20. İstanbulspor (-3) 31 3 7 21 22-59 13
Bombardirlər: Ceko (Fənərbaxça) - 19, İkardi (Qalatasaray) – 18, Manay (Sivasspor) – 16.
Növbəti turun oyunları aprelin 12-15-i aralığında keçiriləcək: Adana Dəmirspor – Kayserispor, Hatayspor – İstanbulspor, Alanyaspor – Qalatasaray, Beşiktaş – Samsunspor, Ankaragücü – Qaziantep, Pendikspor – İstanbul BŞ, Çaykur Rizəspor – Antalyaspor, Fatih Karagümrük – Fənərbaxça, Trabzonspor – Sivasspor, Kasımpaşa – Konyaspor.
Faktlar
* “Qalatasaray”ın Türkiyə çempionatında evdəki qələbə seriyası 19, məğlubiyyətsiz seriyası 33 oyuna yüksəldi (31 qələbə, 2 heç-heçə).
* Okan Buruk Mirça Luçeskunu geridə qoyaraq “Qalatasaray” tarixində superliqada evdə ardıcıl ən çox (19) qələbə qazanan məşqçiyə çevrildi!
* “Qalatasaray”da 500-cü rəsmi oyununu keçirən Muslera bu mövsüm superliqada iştirak etdiyi oyunların 50 faizində (30-dan 15-də) qol buraxmayıb. Bu baxımdan o, Türkiyədə ən yaxşı mövsümünü keçirir.
* Barış Alpər Yılmaz “Qalatasaray”da 100-cü rəsmi oyununu keçirdi. O, bu matçlarda 8 qol, 10 məhsuldar ötürmə ilə fərqlənib.
* İkardi superliqada indiyə qədər keçirdiyi 51 oyunda 54 qolun vurulmasında (40 qol, 14 məhsuldar ötürmə) yaxından iştirak edib. 2010-cu ildən bu yana Türkiyə çempionatında yaxından iştirak etdiyi qolların sayı keçirdiyi oyun sayından çox olan başqa futbolçu yoxdu!
* “Hatayspor” İkardinin superliqada qapısına yol tapdığı 17-ci fərqli komanda oldu. Son 2 mövsümdə Türkiyə çempionatında heç bir futbolçu bu qədər komandaya qol vurmayıb.
Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: