Niderlandın köklü klublarından olan ''Vitess'' çox sərt bir cəza ilə üzləşib.
Niderland Kral Futbol İttifaqından verilən açıqlamada qeyd olunub ki, müstəqil şəkildə fəaliyyət göstərən Lisenziya Komitəsinin qərarı ilə klubun 18 xalı silinib! Sən demə ''Vitess'' uzun müddətdi lisenziya tələblərinə cavab vermir. Cəza məhz bununla bağlıdı. Bu qərarla razılaşmaq istəməyən arnemlilərin apellyasiya verəcəyi gözlənilir. Amma problem tək bununla bitmir. Ölkənin iqtisadiyyat nazirliyinə daxil olan məlumatdan sonra ''Vitess'' ilə rusiyalı oliqarx Roman Abramoviç arasındakı münasibətlər araşdırılmağa başlanıb. Şayiələrə inansaq, nazirliyin əlinə bəzi faktlar keçib. Həmin faktlara görə Abramoviç klubla bağlı qəbul edilən qərarlarda iştirak edirmiş. Ən əsası ortada Abramoviçin əli ilə ''qara pulların yuyulması'' ilə bağlı ciddi şübhələr var. Bu məsələdə araşdırma davam edir. ''Vitess'' onsuz da cari mövsümü çox bərbad keçirirdi. Erediviziyada 30 turdan sonra 4 qələbə, 5 heç-heçə, 21 məğlubiyyətlə 17 xal toplayan Arnem təmsilçisi sonuncu pillədə qərarlaşıb. 18 xallıq cəza qüvvəyə mindikdən sonra komandanın aktivində - 1 xal olacaq. Onu da bildirək ki, yaxın keçmişdə - 2018-19-cu illərdə rusiyalı mütəxəssis Leonid Slutski də bu klubu çalışdırmışdı.
ƏLİ