Səudiyyə Ərəbistanının futbol klubları 2023-cü ilin yayında zəmanənin ən parlaq oyunçularına yüzlərlə milyon avro xərcləməklə bazarı silkələdi.
“Football-plus.az” xəbər verir ki, Gözlənildiyi kimi, ulduzların heç də hamısı bu ölkənin çempionatının özəlliklərindən razı qalmadı, Cordan Henderson kimi bəziləri artıq burdan ayrılıb. Gəzən şayiələrə inansaq, Kərim Benzema ilə Roberto Firmino da indiki durumundan narazıdı. Ancaq məyus olanlar sırasında daha bir gözlənilməz ad – Neymar da var.
Ağlasığmaz əməkhaqqı, az oyun
“Əl-Hilal” bu transferi gerçəkləşdirərkən puluna qızırqalanmadı. PSJ braziliyalı ulduza görə 90 milyon avro qazandı – bu, həm Səudiyyə Ərəbistanının liqası (ərəblər daha çox azad agentlərlə anlaşmağa üstünlük verirdi), həm də parislilər üçün rekorddu. Futbolçunun ayağının altına bir mövsüm üçün ya 150 (insayder Fabritsio Romanonun məlumatı), ya da 200 (Sky Sports) milyon avro səpdilər ki, ikiillik müqaviləyə imza atsın.
Belə yüksək əməkhaqqı Neymarı dünyanın ən yüksək ödənişli futbolçularından birinə çevirdi, braziliyalı bir müddət qazandığının haqqını verdi – çempionatın üç turunda iki məhsuldar ötürmə verdi, yerli Çempionlar Liqasında keçirdiyi iki oyunda qol vurdu. Ancaq 2023-cü ilin oktyabrında ulduz xaçvari bağlarını qırdı, diz qapağını zədələdi. Həkimlərin proqnozu çox qanqaraldıcı idi (elə belə də qalır) – forvard növbəti mövsümün startından tez yaşıl meydana qayıtmayacaq. Beləliklə, Neymarın əlində ikiillik müqavilə və ağlasığmaz maaşı var. Amma ən azı bir mövsümü buraxmalı olacaq. “Əl-Hilal” üçün bu fiasko və böyük maliyyə itkisidi, yanvarda hətta klubun braziliyalı ilə müqaviləni pozmasıyla bağlı xəbər yayılmışdı. Ancaq Romano dərhal bu xəbəri təkzib etdi, bildirdi ki, müqavilə qüvvədədi, forvarda əməkhaqqı ödənilir, onu, sadəcə, birmövsümlük heyətdən çıxarıblar ki, klub legioner limitinə (iştirak ərizəsinə maksimum 8 legionerin adı salına bilər) əməl edə bilsin. Belə düşünmək olardı ki, Neymarın sakit oturması lazımdı, axı müqavilə müddətinin yarısında “dincəlsə” də, ona çatası bütün pulları alacaq. Belə vəziyyətdə futbolçunun üzərinə düşən iş boşa verilən 10 ayı kompensasiya etmək üçün növbəti mövsümü qeyri-adi səviyyədə keçirməyin yollarını düşünmək idi. Amma yox, belə görünür ki, Neymarın düşüncələri başqa yerdədi.
Şayiələr Neymarı həftə ərzində üç kluba “göndərdi”
Uzun müddət braziliyalı üçün mümkün variantlarla bağlı heç bir xəbər-ətər yox idi, ancaq martda bir-birinin ardınca şayiələr yayılmağa başladı. Məsələn, İspaniyanın “Sport” nəşri xəbər verdi ki, Neymar “Əl-Hilal”dan gələn il üçün “Barselona”ya icarəyə verilməsini xahiş edib. Buna aid heç bir təsdiq tapılmadı, bir müddət sonra elə həmin “Sport” xəbər yaydı ki. belə sövdələşmə mümkün deyil – “Barselona”nın, sadəcə, pulu yoxdu. Həqiqətə uyğun görünür.
İkinci şayiə bilərəkdən ortaya atılmışdı. Neymar martın sonunda birhəftəliyə Mayamiyə uçdu, futbolçunun zəngin mədəni proqramı var idi. Braziliyalı basketbola, tennisə, hətta beysbola da baxmağa getdi. Həftənin ortasında isə Devid Bekhemlə görüşdü. Təbii ki, belədə dərhal “Barselona”dakı əfsanəvi “üçlüy”ün (Messi – Suares - Neymar) yenidən formalaşmasıyla bağlı söhbətlər başladı. “İnter Mayami”nin prezidenti Bekhem görüşün ertəsi Neymarla birgə şəklini yaydı və altında da bu sözləri yazdı: “Mayamiyə xoş gəlmisən, dostum (yalnız şam yeməyi üçün)”. Bu isə o demək idi ki, MSN-in bərpası ilə bağlı xoş xəyallara dalmağa dəyməz.
Bekhem hətta istəsəydi də belə, Neymarı klubunun rənglərinə bağlaya bilməzdi. “İnter”in əməkhaqqı cədvəli ulduzların maaşına görə dolub-daşır, klub bəzi oyunçularını satmağa məcburdu. MSN-in bərpası, sadəcə, mümkün deyil – MLS-də sərt maliyyə qanunvericiliyi hökm sürür. Bəlkə də həqiqətə ən yaxın olan şayiə aprelin 1-də yayıldı. Həmin gün Neymar doğma “Santos”un Paulista Liqasının finalında “Palmeyras”la oyununu izləmək üçün stadiona yollandı. “Balıqlar” qalib gəldi, deyilənə görə, Neymar oyundan sonra paltardəyişmə otağına baş çəkərək, “Santos”un futbolçularına bildirib ki, 2025-ci ildə bu komandaya qoşulacaq.
“Santos”un prezidenti Marselo Teyşeyranın fevralda danışıqların getməsi faktını nikbinliklə təsqidlədiyini nəzərə alsaq, bu versiya daha realist görünür. Onun dediklərinə diqqət yetirək: