Cari avrokubok mövsümünə 4 komanda ilə başlayan Türkiyənin hazırda yeganə təmsilçisi qalıb.
Bilindiyi kimi, “Fənərbaxça” Konfrans Liqasının 1/8 finalının cavab oyununda evdə Belçika təmsilçisi “Yunion”a minimal hesabla uduzsa da, ilk görüşdə səfərdə əldə etdiyi 3:0-lıq mükəmməl qələbə sayəsində adını 1/4 finala yazdırdı.
Oyundan sonra əmsallar cədvəlində Türkiyənin hesabına xal gəlməsə də, qardaş ölkə hazırda həmin cədvəldə 38,100 xalla 9-cu pillədə qərarlaşıb. 8-ci pillədəki Belçika (47,600) ilə aradakıı fərq böyük olsa da, “sarı-lacivərdlilər”in sayəsində növbəti mərhələdə bu fərq bir qədər azala bilər. Bu baxımdan “Fənər”in məhz Belçika təmsilçisini mübarizədən kənarlaşdırması yerinə düşdü.
İndi Türkiyə kimi bu ölkənin də yalnız bir klubu (Brügge) yola davam edir. Ən xoş xəbər isə odu ki, Türkiyənin ən yaxın izləyicisi Şotlandiya avrokuboklarda yoluna davam edən yeganə təmsilçisini (Reyncers) də itirdi. Türkiyə bu mövsüm indiyə qədər 11,500 əmsal toplayıb. “Fənərbaxça”nın bundan sonra qazanacağı xallarla Türkiyə ötən mövsümdəki rekordunu (11,800) yeniləyə bilər. Bir əsas məqamı da xatırladaq. Gələn mövsüm Türkiyə yenə Çempionlar Liqasına 2 klub göndərəcək və avrokuboklarda 5 komanda ilə təmsil olunacaq! Bu mövsümü superliqanın çempionu kimi bitirən komanda gələn mövsümə ÇL-in təsnifatının pley-offundan, 2-ci pillədə bitirən komanda isə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bundan başqa, Türkiyə kubokunu qazanan kollektiv də yenidən Avropa Liqasında çıxış edəcək və mübarizəyə təsnifatın pley-offundan başlayacaq.
Əsas xəbər odu ki, Türkiyə praktiki cəhətdən əmsallar cədvəlində mövsümü ilk “10-luq”da bitirməyi rəsmiləşdirib. Bu da o deməkdi ki, gələn mövsüm Türkiyə çemionu olan kollektiv 2025/26-da ÇL-də mübarizəyə birbaşa qrup mərhələsindən, 2-ci yeri tutan isə 3-cü təsnifat mərhələsindən başlayacaq. KL-də bonus xallar yarımfinaldan sonra əlavə olunur. Yəni bu mövsüm 4,500 xalla Türkiyəyə ən çox əmsal qazandıran klub olan “Fənərbaxça” KL-də yarımfinala yüksəlsə, Türkiyəyə 0,250 bonus xalı yazılacaq.
Yeri gəlmişkən, bir pis xəbəri diqqətinizə çatdıraq. “Fənərbaxça” fanatlarının Belçikada özünü yaxşı aparmaması kluba baha başa gəlib. Bilindiyi kimi, “Union”a qarşı səfərdəki ilk oyunun əvvəllərində qonaqlar üçün ayrılmış tribunadan meydana petardlar atılmış və oyun bir neçə dəqiqəliyə dayandırılmışdı. UEFA-nın Nizam-İntizam Komitəsi bunun artıq neçənci dəfə təkrar olunduğunu nəzərə alaraq, İstanbul nəhənginə 3 səfər oyunu üçün azarkeş cəzası verib. Yəni komanda avrokuboklarda növbəti üç səfər oyununda azarkeş dəstəyindən məhrum olacaq! Bundan başqa, “sarı-lacivərdlilər”ə 80 min avro cərimə kəsilib.
ƏLİ