Xəbər verdiyimiz kimi, “Barselona” Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə “Napoli”ni 3:1 hesabıyla məğlub etməklə növbəti mərhələyə adladı.
"Football-plus.az" xəbər verir ki, kataloniyalılar bu qələbəyə ilk növbədə hücumda əla oyun göstərməklə nail oldu. Ancaq oyunun əsas qəhrəmanlarından biri də qəfil komandanın əsas mərkəz müdafiəçisinə çevrilən 17 yaşlı Pau Kubarsidi. Yeniyetmə ulduz Osimheni “yedi”, yaşına uyğun olmayan inamlı oyun göstərdi və bu matçın ən yaxşısı sayıldı.
2007-ci il yanvarın 21-də Xavi La Liqa çərçivəsində “Ximnastik”lə oyunda 90 dəqiqə meydanda oldu, “Barselona” inamlı qələbə qazandı (3:0). Bu, ulduz yarımmüdafiəçi üçün İspaniya çempionatında 229-cu oyun idi. Ertəsi Kubarsi dünyaya gəldi. 17 il sonra mərkəz müdafiəçisi Xavinin rəhbərliyi altında azarkeşlərin qəlbini fəth edir. Onun haqqında çoxdan potensial ulduz kimi danışırdılar, “Barsa B”nin baş məşqçisi Rafael Markes futbolçunu hələ əsas komandada debüt etməmiş tərifləmişdi:
“Pau məni təəccübləndirir, hərçənd biz artıq onun keyfiyyətlərinə bələdik. Çox gənc olsa da, özünü təcrübəli oyunçu kimi aparır”.
Bəlkə də gənc istedada ünvanlanan standart kompliment kimi səslənir, hər il onlarla belə tərif eşidirik. Ancaq zaman göstərdi ki, Pau gerçəkdən istənilən avansı haqq edir. İndi artıq Xavi özü Paulun yaşına uyğun gəlməyən dərəcədə yetkin olduğunu vurğulayır:
“Kubarsi hazır oyunçudu. Onun yaşının neçə olduğuna əmin deyiləm. Veteran kimi oynayır, müdafiədə aqressivdi, ötürmə verə bilir, təkbətək mübarizələrdə uduzmur. Mən Paudan çox razıyam. Çox toparlanmış haldadı, məsuliyyətlidi, güclü mentallığı ilə seçilir. Hansısa oyunda top itirdiyini xatırlamıram. Düşünürəm ki, “Barsa”nın yeni erasının təcəssümü olacaq”.
Qvardiolanın marağıMarkes və Xavi bir yana, bu uşağı hətta Pep Qvardiola da istəyir! “Siti” Kubarsini o hələ “City Football Group”a daxil olan “Jirona”nın akademiyasında top arxasınca qaçarkən ələ keçirməyə çalışıb, ancaq ispaniyalı yalnız “Barsa”nı arzulayırdı. 2024-cü ildəki uğurlu oyunun fonunda Qvardiolanın marağı gücləndi. Kataloniya nəhənginin prezidenti Xuan Laporta, heç olmasa, bu dəfə uzaqgörən adam kimi davrandı və İspaniya mediasının yazdığına görə, artıq müdafiəçi ilə müqavilə müddətini uzadıb.
Paunun əsas komandada debütü məcburiyyətdən olub, Kristensenin zədəsi üzündən “Betis”lə oyunda start heyətində görünüb. Və dərhal elit səviyyədə oyun göstərib. Kubarsi həmin gündən bəri yalnız bir dəfə İspaniya çempionatının oyununda ehtiyatda qalıb, ehtiyat oyunçular skamyasını isə növbə ilə Arauxo, Kristenesen və xüsusən də İnyiqo Martines “isidir”.
Yeniyetmə artıq indidən komandaya o qədər çox şey verir ki, məhz o, müdafiədə prioritet variant sayılır. Danimarkalının zədələnməsi bəlkə də sağda oynamağı xoşlamayan Kundeyə ümid verdi. Ancaq Xavi heyətə məhz Kubarsini qoydu. Yəqin ki, həm də bu səbəbdən fransalının yayda “Barselona”dan ayrılmaq istədiyi haqda şayiələr yayıldı.
Ötürmə ustasıOyundaşları da Paunun hərəkətlərinə heyrandı. “Frants Bekkenbauer Kubarsi” – Joao Kanselo sosial şəbəkədə onun haqqında belə yazıb. Arauxo isə müdafiənin mərkəzindəki həmkarından ötürmə gözləyir: “Mənə ara ötürməsi ver”. Xaçvari bağlarını müalicə edən Qavi hələ Kubarsi ilə birgə oynamasa da, jurnalistlər önündə oyundaşını fəal şəkildə müdafiə edir. Həmkarlarımızdan biri “Qranada” ilə oyundakı simulyasiyaya görə Paunun üzərinə hücum edib və ona “yazıq” deyib. Qavi eyni şəkildə cavab verib:
“Yazıq sən özünsən. Ağıllı ol”.
Kubarsi hansı yönlərinə görə bu qədər yaxşıdı? Aşağı-yuxarı hər yönünə görə. Birincisi, müdafiəçi üçün ən üstün keyfiyyətə malikdi, həm yerdə, həm da havada yaxşı müdafiə olunur. Hər oyunda bir sarı vərəqə də almadan çoxlu topalma və təhlükəni uzaqlaşdırma – müdafiəçi deyil e, qızıldı! “Malyorka” ilə oyunda Pau 194 santimetrlik Muriqiyə göz verdi, işıq vermədi. İkincisi, Kubarsi hücumların qurulmasında da yaxşıdı. İspaniyalı ayağında top olarkən top almağa çalışan obrazından pis deyil ki, yaxşıdı. Kubarsi “Barselona”nın bütün hücumlarına qoşulur, oyundaşlarından geri qalmır. Özü də vacib deyil ki, bunu driblinqlə, yoxsa ötürmə ilə edir. Arauxonun ara ötürməsi istəyini unutmamısız ki?! Bu istək boşuna deyil. Pau hər oyunda orta hesabla 88 ötürmə verir, ötürmələrin dəqiqlik faizi isə 90-a bərabərdi. Müdafiəçi ötürmə sayına görə dünyanın ən yaxşılarındandı. Xavi bir dəfə boşuna demədi ki, Kubarsi ötürmə səviyyəsinə görə “Barselona”nın ən yaxşı müdafiəçisidi. Belə görünür ki, bu heç də mübaliğə deyil.
Kubarsi hər oyunda 4 dəfədən artıq topu rəqibin cərimə meydançasına göndərir, onlarla uzun ötürmə verir. Və unutmaq lazım deyil ki, biz illərin təcrübəsindən yox, yanvarda 17 yaşını tamamlayan futbolçudan danışırıq.
Maliyyə böhranına minnətdar olmaq lazımdıƏlbəttə, belə keyfiyyətlərə malik futbolçu İspaniya yığmasına tam uyğun gəlir. Bəzi futbolsevərlər artıq narahatdı ki, Kubarsi Pedrinin taleyini təkrarlayacaq. Pedrini 2021-ci ildə o dərəcədə bezdirdilər ki, yarımmüdafiəçi hamının gözü önündə yeniyetmədən dayıya çevrildi və zədələr üzündən tam bir təqvim ilini buraxdı. Qarşıdan Olimpiada və futbol üzrə Avropa çempionatı gəlir, odu ki, Pauya səbr və dözümlülük arzulayırıq.
Çox güman, “Barselona” böyük problemlərlə üzləşməsəydi, Kubarsi uzun müddət əsas komandaya həsrət qalacaqdı. Klubun maliyyə durumu haqda yüzlərlə yazı qələmə alınıb, belə yazıların janr diapazonu komediyadan trillerə qədər dəyişir. Sərt böhran şəraitində yardım üçün akademiyaya müraciət etmək, məktəbliləri irəli çəkmək lazım gəlir.
“Klubun maliyyə durumu üzündən bu gənc oyunçulara bel bağlamalıyıq. Heç kimi transfer edə bilmirik. Ancaq bizdə Balde, Qavi, Kubarsi, Lamin, Kasado var. Düşünürəm ki, bunların hər biri hazırdı” – Xavi Paunun debütündən sonra belə demişdi. Düzdü, Qavi bu siyahıda artıq veteran kimi görünür. Yarımmüdafiəçi “Barselona”nın fəaliyyətdə olan oyunçuları arasında oyun sayına (111) görə 6-cı pillədə qərarlaşıb. Cəmi 19 yaşında!
Çox güman, dünyanın heç bir başqa top-klubunda gəncləri oynatmaqla bağlı belə uzunmüddətli və real ehtiyac olmayıb. Transfer qadağası ilə üzləşəndə “Çelsi” də eyni problemi yaşamışdı, ancaq o müvəqqəti sanksiya idi. “Barselona”nın problemlərinin nə vaxta qədər uzanacağını isə heç kim bilmir.
“La Masiya” ildə, heç olmasa, bir-iki dəfə Kubarsi səviyyəsində, potensialında futbolçu versə, kataloniyalıların bossları heç nədən çəkinməz. Perspektivli uşaqları saxlamaq, onlarla savadlı müqavilə bağlamaq lazımdı. Və onda biz İspaniya futbol tarixinin ən yüksək dərəcəli antoqonizmini görəcəyik: Florentino Peresin “qalaktikos”unun 3-cü axını “Barsa”nın tineycerlərinə qarşı. Əsl ideloji rəqabət, qarşıdurma!
Veteran kimi oynayır, müdafiədə aqressivdi, ötürmə verə bilir, təkbətək mübarizələrdə uduzmur. Hansısa oyunda top itirdiyini xatırlamıram.
Xavi, “Barselona”nın baş məşqçisi