Azərbaycanlı qapıçıların ortaq fikri: Lunyov 3-cü qolu çıxara bilərdi

18.03.2024 14:30 296
Manşet / Avropa Liqası
Bütün Azərbaycan srağagün gecə saatlarında ekran önündə idi.

“Qarabağ” cavab görüşünün son anlarına qədər intriqanı qorudu. Amma uzatma dəqiqələrində iki qolun qarşısını almaq mümkün olmadı. Adətən, “qapıçı komandanın yarısıdı” deyirlər. Bəs ağdamlıların rusiyalı qapıçısı Andrey Lunyovun buraxılan qollarda günahı var idimi? Yerli mütəxəssislərə tribuna verməmiş Rusiyanın məşhur idman jurnalistlərindən biri, “Sport-Ekspress”in icmalçısı İqor Rabinerin həmvətəninin oyunu haqda bir replikasını nəzərinizə çatdırırıq: “Lunyovun üçüncü qol zamanı nə etdiyini qapıçı məşqçilərindən soruşacam – özüm qərar vermək istəmirəm”. Biz də Azərbaycanın tanınan qapıçı məşqçilərindən ikisinə müraciət etdik.

Hüseyn Məhəmmədov:

“Açığı, 90 dəqiqə ərzində “Qarabağ”ın oyunu pis alınmırdı. Rəqib də çox güclü idi. Belə rəqibə qarşı oynamaq, üstəlik səfərdə 2 qol vurmaq çox möhtəşəmdi. “Qarabağ” əlindən gələn hər şeyi etdi. Qollara gəlincə, hər bir qapıçı üçün elə oyunda gərginlik olması normaldı. Mümkün deyil ki, elə rəqibə qarşı hansısa qapıçıda gərginlik olmasın. Lunyov sərbəst qapıçılardan biridi. Oyun ərzində özünü panikaya salmır, təcrübəsi yüksək səviyyədədi. “Bayer-04”ə qarşı da pis oynamadı. Sadəcə, müəyyən epizodlarda tez qərar verdi. Futbolda belə hallar olur. 1-ci qol usta vuruşu idi. Oyunçu qabağını kəsmişdi. Ona görə də topu görmək ehtimalı az idi. 2-ci qol da gözlənilməz oldu. Lakin 3-cü qolda daha inamlı olsaydı, o topu çıxarmaq olardı. Əslində qol epizodlarının heç birində kobud səhvə yol verməyib. Sadəcə, daha çox kömək edə bilərdi. Səhv etdiyini desək, bu iradı bildirsək, gülünc olar. Futbolda qapıçı kimi oynamış biri olaraq, düzgün analiz etmiş olmaram. Amma yenə də bütün komandaya “əhsən” demək düşür. Ölkəmiz adına böyük iş gördülər. Sizin vasitənizlə bütün “Qarabağ”ın heyətinə öz adımdan təşəkkür edirəm. Gələcək oyunlarda uğurlar arzulayıram".

Xəyal Zeynalov:

“Oyunda səhvlər, düzlər, bir sözlə, hər şey var idi. Deyə bilərəm ki, Lunyov 3-cü qolu dəf edib komandasına kömək edə bilərdi. Lakin alnmadı. Gərginlik son həddə idi. Bizə döyüş kənardan asan görünə bilər. Amma o təzyiqin altında futbol oynamaq asan iş deyil. Həyəcanın olması təbiidi. Lunyovun vaxt öldürməsi lazım olan epizodlarda baş məşqçinin onun necə oynamasını istədiyini bilmirik. Bilmədən danışmaq, məncə, yalnış olar”.

GÜNAY SÜLEYMANOVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul