Paris komandasında yenə sakitlik pozulub. Əlbəttə, bu dəfə də Mbappe üzündən. Əvvəllər PSJ Kilianın klubdan havayı ayrılmasının qorxusunu yaşayırdısa, indi o bir-birinin ardınca qalmaqal yaradır. Artıq azarkeşlər də hadisələrin belə axarından bezib.
“Monako” ilə son turun oyununda (0:0) Kilianı ilk yarıdan sonra ehtiyata göndərdilər. Hər kəs öyrəşib ki, meydandan çıxan oyunçular mübarizənin davamını ehtiyat oyunçular skamyasından izləyir, ancaq fransalı ulduz başqa cür hərəkət etdi.
Kilian əynini dəyişdi, bir neçə selfi etdi və ardından tribunaya – anasının yanına yollandı. Özü də ətrafa pozitiv saçırdı – fürsət düşdükcə gülümsəyir, kameraya göz vururdu. “Renn” ilə əvvəlki oyunda (1:1) da meydanı vaxtından əvvəl – 65-ci dəqiqədə tərk etmişdi. “Opta”nın informasiyasına görə, bu, 2022-nin oktyabrından bəri Kilianın ardıcıl iki oyunda əvəzlənməsi ilə bağlı ilk haldı. Bu tendensiyanı daha bir fakt tamamlayır: Mbappe “Nant” ilə oyuna (2:0), ümumiyyətlə, ehtiyatda başlamışdı, yalnız son 28 dəqiqədə meydana çıxdı. Luis Enrikenin sözlərinə görə, “Monako” ilə oyunda ulduzu heç də zədəyə görə və ya “Real Sosyedad”la cavab görüşünə qorumaq üçün əvəzləməyib: “Bu, yüz faiz məşqçi qərarıdı, komandanın mənafeyi üçün verilib. Kiliansız oynamağı gec-tez öyrənmək lazım gələcək”.
Forvardla bağlı suallar bir-birinin ardınca yağdı və baş məşqçi hətta jurnalistləri acıladı:
“Eyni mövzuda üç sual, üç eynu cavab. Dördüncü dəfə də soruşun. Karyeram boyunca heç vaxt poker etməmişəm, onu ləğv ediblər – xatırlayıram, “Atletiko” ilə oyunda olmuşdu”.
“RMC Sport”un informasiyasına görə, Kilian komanda yoldaşlarına yayda PSJ-dən ayrılacağını xəbər verənə qədər Luis Enrike onunla yaxşı yola gedib. Ardından onlar arasında söhbət olub, baş məşqçi mövqeyini aydın şəkildə çatdırıb: verəcəyim qərarlar komandanı növbəti mövsümə hazırlamağa yönəlib.
Bununla belə, Enrikenin əsas ulduzunun xidmətindən tam imtina etmək niyyəti yoxdu. Mbappe ən azı Çempionlar Liqasının matçlarında oyun vaxtı qazanacaq. Ancaq çempionluq intriqasının minimuma endiyi ölkə çempionatının oyunlarında get-gedə Kilianı meydanda nadir hallarda görməyimiz tam real variantdı.
PSJ-nin ultrası isə artıq Kilianla vidalaşır. Martın 3-də komandanın ev oyunlarını keçirdiyi “Park de Prens” stadionunun önündə “Block Parisii” qruplaşmasının banneri asılıb. Fanatlar Mbappe üçün bu mesajı yazıb: “İyunun 30-nu səbirsizliklə gözləyirik”.
Azarkeşlər sosial şəbəkələrdə Kilianı ironiya ilə PSJ-nin sahibi adlandırır və bildirirlər ki, artıq klubda heç kim onun gələcəyinə təsir edə bilməyəcək: “İndi aydındı ki, Kilian dəqiq gedir”.
Hətta Emmanuel Makron da ölkənin əsas ulduzunu Parisdə saxlamaq cəhdindən əl çəkib. Fransa prezidenti futbolçu yaxınlarda Yelisey sarayına baş çəkərkən təbəssümlə ona “bizi yenə bəlaya salırsan” deyib.
Bir sözlə, Kilianın “Real”a transferi qaçılmazdı. İllərdi futbol dünyasını məşğul edən, hətta açıq demək lazımdı ki, bezdirən transfer dastanında son nöqtə qoyulmaqdadı.
Münasibət
Kristof Düqarri, Fransa yığmasının sabiq oyunçusu:
“PSJ-nin baş məşqçisinin ilk dəfə Mbappeni meydandan çıxarmağa cəsarəti çatdı, çünki futbolçu qaydasında deyil. Düşünürəm ki, Kilianın xarakteri, oyuna münasibəti Luis Enrikenin xoşuna gəlmir. Ancaq məni Enrikenin izahatı şoka salır – mövsümün sonuna üç ay qalıb, baş məşqçi heç nə planlaşdırmır. Komanda Mbappesiz daha yaxşı oynayır? Bunu sübut et. Mbappenin elədikləri qalmaqaldı. O, PSJ-nin, yığmanın kapitanıdı, özünü belə aparmamalıdı. Enrike onu meydandan almaq haqqına malikdi. Selfi, şərəf dövrəsi, bu nə sirkdi, bu nə axmaqlıqdı?”