Toni Kroos fikrini dəyişib.
"Football-plus.az" xəbər verir ki, 2021-ci ildə Almaniya yığmasındakı karyerasını başa vuran futbolçu yenidən milli formanı geyəcək. “Real”ın yarımmüdafiəçisi bunu jurnalistlərə özü açıqlayıb. Onun fikrini dəyişməsi bundestimə nə verə bilər? İndi bu haqda fikir yürüdəcəyik.
O, futbolçu kimi təqaüdə hazırlaşır
Aydın məsələdi ki, yanvarın 4-də 34 yaşı tamam olan futbolçu artıq karyerasının qürub çağına qədəm qoyub. Toninin bu mərhələni planauyğun şəkildə keçməsi diqqətdən yayınmır. O, sonuncu dəfə Almaniya yığmasının sıralarında AÇ-2020-də görünüb. Koronavirus pandemiyasına görə 2021-ci ildə keçirilən qitə çempionatı almanlar üçün uğursuz alınmışdı: bundestim 1/8 finalda İngiltərədən iki cavabsız top buraxmışdı. Bu, artıq komanda üçün nəhəng turnirlərdə ardıcıl ikinci zərbə idi. Kroos belə vəziyyətdə beynəlxalq karyerasını səssiz-səmirsiz başa vurmaq və yalnız klubdakı çıxışına köklənmək qərarına gəldi.
Yarımmüdafiəçi onda artıq 31-i arxada qoymuşdu. Buna baxmayaraq, “Real”ın start heyətində oynamağı hələ də istəyirdi. Bu da var ki, artıq İspaniya nəhəngində nəsildəyişmə prosesi başlamışdı. Rəhbərlik əvvəlcə Kazemironu “Mançester Yunayted”ə yollayıb Orelyen Çuamenini transfer etdi. Komandada bu dəyişikliklə mərkəz xəttin yeni mənzərəsi formalaşdı: fransalı yarımmüdafiəçi tədricən Federiko Valverde ilə birgə daha çox oynamaq şansı qazanmağa başladı. Perspektivdə bu mövqedə Eduardu Kamavinqanın möhkəmlənməsi də nəzərdə tutulmuşdu.
Kroosun müqaviləsi isə qüvvədən düşmək üzrə idi. Nəticədə rəhbərlik həm onunla, həm də daha bir veteran Luka Modriç ilə yenidən anlaşmağı lazım bildi. Amma indi hər iki yarımmüdafiəçi start heyətinin “dəmir-beton oyunçusu” sayılmır, onlar yalnız paltardəyişmə otağının liderləridi. Alman futbolçu vəziyyətin bu şəkildə dəyişməsinə razılaşdı. Bəs alternativ variant necə idi? Komandanı dəyişmək niyyəti yoxdu, bunu məşqçilər korpusu da istəmir. Hər halda “Real”ın qalib mentallığını daşıyan futbolçuya ehtiyacı var. Məhz bu amil Tonidə Səudiyyə Ərəbistanına yollanmaq fikrini oyatmadı. Üstəlik, DÇ-2014-ün qalibi Yaxın Şərqə daha çox pul qazanmaq niyyəti ilə üz tutan bir çox yüksək səviyyəli həmkarlarını kəskin tənqid etməsi ilə də gündəmə gəldi:
“Karyerasının çiçəklənən dövrünü yaşayan futbolçular çıxışını Avropanın top-klubunda davam etdirmək imkanına malik olsalar da, ora yollanırlar... Sonra isə orda müəyyən hədəflərinin olduğunu deyirlər. Amma iş yerini yalnız pula görə dəyişdikləri gün kimi aydındı. Bəli, belələri daha çox qazanmaq üçün Avropanı tərk edir və bununla futbola qarşı çıxırlar. Bu andan hamımızın bildiyi və sevdiyi futbol üçün hər şey çətinləşir”.
Bilindiyi kimi, hazırda “Real”ın orta xətti tamamilə komplektləşib. Bu mövqedə yeni sistemi formalaşdıran Cud Bellingem kimi fitri istedada malik oyunçu möhkəmlənib. Kroos isə öz planını həyata keçirir: almaniyalı “Real”ın karyerasında sonuncu klub olmasını istəyir. Gənclərə istiqamət verir və meydanda olanda ümumi mənzərəni korlamır.
Bundestimin son illəri qaranlıq keçibAlmaniya yığması 2014-cü ildən sonra qitə və dünya futbolunda dominant mövqeyini itirib. Bunun bir sıra səbəbləri var: liderlər yaşa dolub, heyətdə gəncləşdirmə prosesi ləng gedir və komanda üçün yeni top-hücumçu tapılmayıb. Bundestimdə sistemlə bağlı problemlərin həlli də indiyədək mümkün olmayıb.
Komanda DÇ-2018-də İsveç, Meksika və Koreyanın da mübarizə apardığı qrupdan pley-offa çıxa bilmədi. Özü də qrupda sonuncu yeri tutdu. Bundestim mundiallar tarixində ilk dəfə belə uğursuzluq yaşadı. AÇ-2020-də 1/8 finala çıxsa da, ev sahibi İngiltərə qarşısında aciz qaldı. Britaniyalıların yeni futbolçu nəsli yetişmişdi. Onlar “alman maşını” ilə müqayisədə gənc və təravətli idilər. Almanlar növbəti zərbəni Qətərdə aldılar. DÇ-2022-nin qrup mərhələsi də onlar üçün fiasko ilə nəticələndi. Yaponiya ilə ilk oyunda 1:2 hesabıyla uduzdular. İspaniya ilə növbəti matç heç-heçə (1:1) sona çatdı və həlledici oyunda Kosta Rika 4:2 hesabıyla məğlub edildi. Bundestimin 4 xalla 1/8 finala vəsiqə qazanacağı gözlənilirdi. Lakin Yaponiya gözlənilmədən İspaniyanı da məğlub edib (2:1) Almaniyanı oyundankənar vəziyyətə saldı. Ardıcıl iki mundialda fiasko!
Məsələ həm də bundestim üçün növbəti böyük turnirin evdə keçiriləcəyinə görə ciddi xarakter alıb. Avropada bəzi yığmalar hələ bu yaya təyin olunan qitə birinciliyinə son vəsiqələri qazanmağa çalışarkən, Almaniya öz problemlərini yoluna qoymaq istəyir. Zarafat deyil, dünyanın ən titullu yığmalarından biri son 10 ildə nəinki heç nə qazanmayıb, bu, azmış kimi, tarixinin bir sıra antirekordlarına “nail olub”. Yerli futbol başbilənləri növbəti fiasko ilə bir neçə aydan sonra evdə qarşılaşmaq istəmirlər. Bu səbəbdən baş məşqçi vəzifəsində növbəti dəyişikliyi zəruri hesab etdilər. Amma bu da var ki, komandanın bəzi aparıcı üzvləri 2022-ci illə müqayisədə bir qədər də yaşa dolublar.
Uğurlu çıxışa ümid var?Vurğulanası bir amil də var. Son vaxtlar bundestimin bəxti püşkdə də gətirmir. Son mundial komanda üçün başqa ssenari üzrə də cərəyan edə bilərdi. Məsələn, İspaniya imkanlarına görə Yaponiyaya qalib gəlməli idi, lakin Kosta Rikaya uduzan (0:1) asiyalılar Avropadan olan ikinci rəqibini də məğlub etdi.
Almanları indi keçmişdə qalan deyil, qarşıda baş verə biləcək hadisələr düşündürür. Komandaya 2006-21-ci illərdə rəhbərlik edən Yoahim Lövün miras qoyduğu sistemi davam etdirmək üçün ona Hans-Diter Flik xələf seçildi. Lakin yeni çalışdırıcı düşdüyü vəziyyətdən azı normal şəkildə baş çıxara bilmədi. Almaniya Futbol İttifaqının rəhbərliyi Qətərdəki uğursuzluğa baxmayaraq, “Bavariya”nın sabiq çalışdırıcısına etimadını davam etdirirdi. Ancaq qitə çempionatı yaxınlaşdıqca vəziyyətin düzəlmədiyini görüb Fliklə vidalaşmağa qərar verdi.
Onun yerinə isə Yulian Naqelsmann təyin olundu. O, ölkə futbolunun son illər yetişdirdiyi ən istedadlı məşqçilərdən sayılır. Hazırda 36 yaşı olan mütəxəssis ötən ilin əvvəlində “Bavariya”dan ayrılandan sonra işsiz idi. Amma ölkə futbol ictimaiyyətində belə gedişin riskli olduğunu düşünənlər də var. Naqelsmann əsasən milli komandada işləmiş sələfləri ilə müqayisədə çox gənc və təcrübəsiz olduğu üçün tənqid edilir. Bəli, bunlar doğru faktlardı. O, 2021-ci ildə “Bavariya”ya dəvət alana qədər top-ifaçılarla və daimi təzyiqin olduğu şəraitdə işləməyib. Milli komandadakı vəziyyət də buna bənzəyir. Münhendəki fəaliyyəti heç iki il də çəkmədi. Amma ilk mövsümdə böyük təzyiqə tab gətirərək komandanı növbəti çempionluğa daşıya bildi.
İctimaiyyətin daim artan təzyiqinə bundestimdə də sinə gərə bilər. Kroosun bu kampaniyada gənc mütəxəsisə yalnız kömək edəcəyi ehtimal olunur. Onu bundestimə qaytaran məhz Naqelsmanndı. Amma dəvət etməzdən əvvəl yığmanın digər üzvlərinin fikrini öyrənməyi lazım bilib: “İlk növbədə bir sıra futbolçularla telefon əlaqəsi quraraq onların Toni ilə bağlı mövqeyini öyrəndim. Kiminsə onunla hər hansı probleminin olub-olmadığını bilmək istədim. Əksinə, hamısı Toninin gəlişinə sevinəcəyini bildirdilər. O, düşündüyümüz komandaya əla uyğun gəlir, yarımmüdafiə xəttində bağlayıcı rol oynaya bilər. Toni bizə böyük təcrübəsi ilə fayda verəcək. Klubunda xüsusi rola malikdi: gənc oyunçuları istiqamətləndirir, onlara necə yaxşı oynaya biləcəkləri ilə bağlı məsləhətlər verir ”.
Beləliklə, Kroos Almaniya yığmasının bu ay keçirəcəyi yoldaşlıq oyunlarda iştirak edəcək. Bundestim martda iki dəfə Fransa ilə, sonra isə Niderlandla qarşılaşacaq. 2010-21-ci illər ərzində milli formada keçirdiyi 106 matçda 17 qol vuran və 19 məhsuldar ötürmə edən Toninin dönüşü hamı üçün müsbət haldı. Milli komanda onun simasında təcrübəli yarımmüdafiəçini yenidən qazanacaq. Səbəbkar isə bundestimdə qapını bərk çırpmaq üçün qazandığı şansdan maksimum yararlanmağa çalışacaq.
Səbəbkardan sitat“Martdan yenidən milli formanı daşıyacağam. Niyə? Ona görə ki, bunu məndən komandanın baş məşqçisi xahiş edib. Mən hazıram. Fikrimcə, bu yay keçiriləcək Avropa çempionatında çoxlarının düşündüyünün əksinə, çox yaxşı nəticə əldə edə bilərik”.