Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova Parisdə keçiriləcək Olimpiya Oyunlarında bəzi yarışlara baxmaq niyyətində olduğunu etiraf edib.
Bildiyiniz kimi, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ötən ilin dekabrında Rusiya və Belarusdan olan idmançıların Yay Olimpiadasına neytral statusda qatılmasına icazə verib, ancaq bu, komanda idman növlərinə aid deyil. Həmçinin Rusiyanın rəmzlərinin 26 iyul – 11 avqust aralığında Parisdə keçiriləcək dördilliyin ən mötəbər turnirində nümayiş etdirilməyəcəyi də bəllidi. Jurovanın bununla bağlı fikirləri:
“Parisdə Olimpiadaya baxacam. Əlbəttə, bütün idman növlərinə və bütün mərhələlərə yox. Ancaq kişilərin 100 metrə qaçışını izləyəcəyim dəqiqdi. Bu, Yay Olimpiadasının praktiki cəhətdən əsas yarışıdı. Basketbol yarışlarının finalına da məmnuniyyətlə baxacam. Məsələləri bir-birinə qarışdırmaq lazım deyil. Həqiqətən də bizi Olimpiadaya buraxmamaları qanunsuzdu. Ancaq başqa ölkələrdən olan böyük idmançılar bunda günahkar deyil. Oyunlara, ümumiyyətlə, baxmamaqla bağlı çağırışlar yersizdi”.
Xatırladaq ki, Jurova 2006-cı il Olimpiadasında 500 metr məsafəyə sürətli konkisürmə üzrə olimpiya çempionu olub.