Tur cümə günü “Samsunspor”un “Çaykur Rizəspor”u darmadağın etməsi ilə start götürdü.
"Football-plus.az" xəbər verir ki, Markus Gisdol Samsun təmsilçisində möcüzəvi işlər görür. Almaniyalı mütəxəssis komandanı 1 xalla qəbul etmişdisə, hazırda samsunluların 33 xalı var. Bu müddətdə yalnız “Qalatasaray” (51), “Fənərbaxça” (46) və “Trabzonspor” (34) Gisdolun “Samsunspor”undan daha çox xal toplayıb!
Şənbə gününün ilk matçında “Ankaragücü” Kayseri səfərində 2 top öndə olsa da, sonda heç 1 xal da qazana bilmədi. Paytaxt təmsilçisinin çalışdırıcısı Əmrə Belözoğlu istefa verəcəyinə işarə vursa da, rəhbərlik onu fikrindən daşındıra bildi. “İstanbul BŞ” Antepi iki cavabsız qolla fəth etdisə, “Konyaspor” evdə “Hatayspor”u darmadağın etdi. Çox çətin dönəmdən keçən və hələ də düşmə zonasında qərarlaşan Konya təmsilçisi bu mövsüm ilk dəfə evdə 2 oyunluq qələbə seriyası yaxaladı. Günün əsas oyununda “Fənərbaxça” son 6 turda cəmi 1 dəfə uduzan “Kasımpaşa”nı qəbul etdi. İsmayıl Kartalın son həftələrdə zəif oyuna görə tənqid olunan Şimanskini 2-ci turdan bəri ilk dəfə ehtiyatda saxlaması diqqəti çəkdi. Onun yerinə oynayan Mərt Hakan Yandaş da sonuncu dəfə məhz elə 2-ci turda start heyətində peyda olmuşdu. İstanbul nəhəngi ilk yarını çox istəkli keçirsə də, qol vura bilmədi. Cengiz 1 metrdən topu boş qapıya göndərə bilmədisə, Cekonun fasilə ərəfəsində vurduğu qol ofsayd üzündən qeydə alınmadı. Son həftələrdə hesabda geri düşməyə vərdiş edən “Fənərbaxça” bu dəfə də ilk qolu buraxan tərəf oldu. 58-ci dəqiqədə künc zərbəsi zamanı başla fərqlənən ekvadorlu mərkəz müdafiəçisi Poroso “Ülkər”ə toplaşanları şoka saldı. Amma qonaqların sevinci uzun çəkmədi. Cəmi 6 dəqiqə sonra Mərt Hakan cərimə zərbəsini mükəmməl yerinə yetirərək ona bəslənən ümidləri boşa çıxarmadı. Kartalın qalan dəqiqələrdə Sərdar Dursun və Batşuayini də meydana buraxmasıyla “Fənər” bütün komanda ilə irəli atıldı. Bir epizodda Batşuayi qapıçını da keçdikdən sonra topu boş qapıya göndərə bilmədi. “Fənər” fanatlarının ümidi tükənmək üzrə olduğu bir məqamda komanda penalti qazandı. Əlavə olunmuş dəqiqələrdə cərimə meydançasına asmalardan biri zamanı top Yunus Əmrə Gedikin əlinə dəydi. Hakim epizodu monitordan izlədikdən sonra “nöqtə”ni göstərdi. Qapıçı Batşuayinin zərbəsini dəf etsə də, belçikalı ulduz dönən topu dəqiq tamamladı. “Fənər”in bu mövsüm hesabda geridə olduğu matçlarda hamıdan çox (16) xal qazanan komandadı.
Bazar gününün ilk matçında “Sivasspor” “Pendikspor”u darmadağın etdisə, “Alanyaspor” “Fatih Karagümrük”lə səfər oyununun son anlarında qazandığı şübhəli penalti ilə məğlubiyyətdən qurtuldu. “Trabzonspor” bir ara məğlubiyyətləri sıralayırdısa, indi də qələbələri sıralayır. Özü də qol buraxmadan. Ardıcıl 3-cü turda fərqlənən Trezeqe “Adana Dəmirspor”la görüşdə qaradənizlilərə qələbə qazandırdı. 2021/22-nin çempionu bu mövsüm ilk dəfə 3 oyunluq qələbə seriyası yaxaladı. Şahruddinin ötən turdakı zəif perfromansından və fasilədə əvəzlənməsindən sonra bu dəfə yenə start heyətində oynaması diqqəti çəkdi. Qələbəsiz seriyası 11 oyuna çatan Adana təmsilçisində başqan Murat Sancak oyundan sonra şok qərarla istefa verdiyini açıqladı. Bundan başqa, komanda Adanaya qayıdarkən hava limanında klub rəsmisi Gökhan Göktürklə mübahisə edən Balotelli qeyri-müəyyən müddətə əsas heyətdən kənarlaşdırıldı! “Beşiktaş” isə parlaq futbol sərgiləməsə də, gözlənildiyi kimi, autsayder “İstanbulspor”la səfər oyununda ciddi problem yaşamadı. Mövsümün kəşfi Semih Kılıçsoy vacib qollar vurmaqda və ulduzunu parlatmaqda davam edir. 18 yaşlı forvard bu mövsüm superliqada 948 dəqiqə meydanda olub və artıq 9 qol vurub ki, bu da orta hesabla hər 105 dəqiqəyə 1 qol deməkdi. Bu, XXI əsrdə superliqada hesabında ən azı 5 qol olan yerli futbolçular arasında ən yaxşı göstəricidi! Bundan başqa, yeni transfer Muçi də Türkiyə karyerasında qol hesabını açdı. Bu görüşdə bir sıra ilklər yaşandı. Belə ki, “Beşiktaş” Fernando Santuşun başçılığı altında ilk dəfə səfərdə qalib gəldi, ilk dəfə səfərdə qol vurdu, ilk dəfə ardıcıl 2 qələbə qazandı. Ən əsası komanda son 4 turda qapısını toxunulmaz saxlamaqla “Qalatasaray”la derbi ərəfəsində yaxşı formada olduğunu göstərdi. Amma cəzalı duruma düşən Fenrandeşlə Zaynutdinov derbini buraxmalı olacaq.
27-ci tur
Qalatasaray – Antalyaspor 2:1
Kərəm Aktürkoğlu, 12-p.; 45+1 – Van De Streek, 33.
Qalatasaray: Muslera, Barış Alper Yılmaz, Sançes, Nelsson, Kön, Kərəm Dəmirbay (Berkan Kutlu, 80), Torreyra (Əbdülkərim Bardakcı, 87), Tete (Kaan Ayhan, 46), Mertens (Eyup Aydın, 88), Kərəm Aktürkoğlu, Vinisius (Zaha, 70).
Fənərbaxça – Kasımpaşa 2:1
Mərt Hakan Yandaş, 64. Batşuayi, 90+6 – Poroso, 58.
Fənərbaxça: Livakoviç, Fərdi Kadıoğlu, Çağlar Söyüncü, Ciku, Oostervolde, Mərt Hakan Yandaş (Zayts, 90+1), İsmayıl Yüksək, Cengiz Ündər (Sərdar Dursun, 61), Kruniç (Şimanski, 60), Tadiç, Ceko (Batşuayi, 77).
İstanbulspor – Beşiktaş 0:2
Semih Kılıçsoy, 23. Muçi, 54.
Beşiktaş: Mərt Günok, Onur Bulut, Nəcip Uysal, Kolli, Masuaku (Zaynutdinov, 88), Əl Musrati, Fernandeş (Amarti, 88), Raşitsa (Gezzal, 77), Muçi, Cenk Tosun (Salih Uçan, 62), Semih Kılıçsoy (Abubakar, 77).
Trabzonspor – Adana Dəmirspor 1:0
Trezeqe, 21.
Trabzonspor: Uğurcan Çakır, Menye, Mendi, Densvil, Ərən Elmalı, Berat Özdəmir, Umut Günəş, Visça (Pepe, 63), Bardi (Kərəm Şən, 90+1), Trezeqe (Funtas, 84), Enis Destan (Onuaçu, 63).
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, Atal (Mişu, 34), Semih Gülər, Qravilyon, Məhəmmədi, Muanza, Əmrə Akbaba (Rodriges, 61), Yusuf Sarı (Yusuf Barasi, 75), Mendosa, Yusuf Ərdoğan (Aymbetov, 75), Balotelli (Nani, 61).
Samsunspor – Çaykur Rizəspor 3:0
Van Dronqelen, 12. Holse, 54. Ntçam, 78-p.
Kayserispor – Ankaragücü 3:2
Nazon, 53. Janvye, 62. Mane, 90+3 – Bassoqoq, 45. Əfqan Bəkiroğlu, 45+4.
Qaziantep – İstanbul BŞ 0:2
Pyontek, 60. Abeid, 90+8.
Konyaspor – Hatayspor 3:0
Uğurcan Yazğılı, 52. Oğulcan Ülgün, 56.
Fatih Karagümrük – Alanyaspor 1:1
Aysserik, 24 - Əhməd Hassan, 90+5-p.
Sivasspor – Pendikspor 4:1
Meniq, 26. Canər Osmanpaşa, 59. Manay, 69. Koyta, 90+5 – Gökcan Kaya, 16.
1. Fənərbaxça 27 22 4 1 70-22 70
2. Qalatasaray 26 22 3 1 55-14 69
3. Trabzonspor 27 14 4 9 44-33 46
4. Beşiktaş 27 14 4 9 39-31 46
5. Kasımpaşa 27 11 6 10 48-50 39
6. Sivasspor 27 9 10 8 34-37 37
7. İstanbul BŞ 27 10 6 11 35-33 36
8. Çaykur Rizəspor 27 10 6 11 28-40 36
9. Antalyaspor 26 8 11 7 31-29 35
10. Kayserispor (-3) 27 10 8 9 35-38 35
11. Samsunspor 27 9 6 12 33-36 33
12. Adana Dəmirspor 27 7 11 9 39-36 32
13. Alanyaspor 27 6 12 9 32-40 30
14. Fatih Karagümrük 27 7 8 12 32-31 29
15. Ankaragücü 27 6 11 10 32-35 29
16. Hatayspor 27 6 11 10 32-37 29
17. Qaziantep 27 7 7 13 31-40 28
18. Konyaspor 27 6 10 11 26-39 28
19. Pendikspor 27 6 8 13 32-55 26
20. İstanbulspor (-3) 27 3 6 18 20-51 12
Bombardirlər: Ceko (Fənərbaxça) – 18, Tiam (Kayserispor/Pendikspor), İkardi (Qalatasaray), Manay (Sivasspor) – 14, Pyontek (İstanbul BŞ) – 13, Aytac Kara (Kasımpaşa), Buksa (Antalyaspor) – 12.
Növbəti turun oyunları martın 1-4-ü aralığında keçiriləcək: Adana Dəmirspor – Fatih Karagümrük, Antalyaspor – Qaziantep, İstanbul BŞ – Samsunspor, Beşiktaş – Qalatasaray, Ankaragücü – İstanbulspor, Çaykur Rizəspor – Kayserispor, Alanyaspor – Trabzonspor, Hatayspor – Fənərbaxça, Kasımpaşa – Sivasspor, Pendikspor – Konyaspor.
Turun rəqəmi
1 – iki yaxın dost olan Burak Yılmazla Əmrə Belözoğlunun komandalarının duelində tarixi olay yaşandı. İlk yarının sonlarında 2 qol buraxaraq fasiləyə 0:2 geridə yollanan “Kayserispor” 2-ci hissədə mükəmməl geridönüşə imza atdı. Burak Yılmazın başçılığı altında keçirdiyi 5-ci rəsmi oyunda da uduzmayan Kayseri təmsilçisi tarixində ilk dəfə fasiləyə 2 top geridə yollandığı superliqa matçından qələbə ilə ayrıldı! Maraq üçün bildirək ki, bu komanda elitada 28-ci mövsümünü keçirir.
Turun ulduzu
Mərt Hakan Yandaş (Fənərbaxça) – “Fənər”də bir çox futbolçunun barıtının tükənməyə başladığı zamanda Mərt əla forma yığıb. Təcrübəli futbolçu enerjisi və ən əsası vacib qollarda yaxından iştirak etməsi ilə komandanı həvəsdən düşməyə qoymur. Fredin zədəli olduğu, yeni transfer Kruniçin varlığı ilə yoxluğunun bilinmədiyi bu məqamlarda Mərt “Fənər” üçün göydədüşmə tapıntıdı. Ötən tur Rizədə sonradan meydana çıxaraq qələbə qolunun ötürməsini verən Yandaş bu dəfə komandası hesabda geridə ikən karyerasında ilk dəfə cərimə zərbəsindən olduqca vacib qol vurdu.
Turun sitatı
Murat Sancak, “Adana Dəmirspor”un prezidenti: “Çox dəyərli “Adana Dəmirspor”lular, bu andan etibarən başqanlığı köməkçim Mətin Korkmaza həvalə edirəm. “Niyə”, “nə üçün” soruşmayın. Belə lazım olduğu üçün edirəm. Səbəbləri haqda mövsüm bitəndən sonra mətbuat konfransında danışacam. Sizdən xaişim budu ki, Mətin Korkmazın ətrafında birləşin və ona lazımi dəstəyi verin. Mənə hörmət edirsizsə və bu komandanı sevirsizsə, dəstəyinizi əsirgəməyin. Daha güclü sabahlar üçün ayrılıram. Haqqınızı halal edin. Mənim də haqqım varsa, halaldı. Allaha əmanət olun. Bu komandanın elitada qalacağına şübhəniz olmasın. Hər şeyin bu duruma çatmasına səbəbkar olanlarla isə birəbir mübarizəmi davam etdirəcəm”.
Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Kasımpaşa” son həftələrdə yüksəlişdə olan komanda idi. İlk yarıda iki-üç yüzfaizlik şansımız oldu. Onları qola çevrisəydik, intirqanı öldürüb rahat qələbə qazana bilərdik. İkinci hissədə dəyişiklik etməyə hazırlaşdığımız məqamda bu mövsüm ilk dəfə standart zərbədən qol buraxdıq. Bu epizoddan başqa rəqibin oyunboyu qol şansı olmadı. Bu qola reaksiya göstərərək təzyiqi artırdıq. Fanatlarımıza təşəkkür edirəm. Bizi yalqız qoymadılar. Geri düşməyimizə baxmayaraq, “Fənərbaxça”nın ruhuna yaraşan xarakter sərgilədik. Qalib gəlmək çox önəmli idi. Bu 3 xalı fanatlarımıza həsr edirəm. Penaltiyə gəlincə, oyundan sonra epizoda ən yaxın futbolçu olan Çağlarla danışdım. Topun yüz faiz ələ dəydiyini dedi. Top ələ dəyməsə, zatən Çağlara tərəf gəlirdi. Bu penaltidən başqa verilməyən aşkar bir penaltimiz də oldu. Paltardəyişmə otağında təkrarına baxdıq. Oostervoldenin epizodu təmiz penalti idi. Kruniç hələ tam formada deyil. Uyğunlaşmanı da başa vurmayıb. Səbirli olaq. Yaxın zamanda daha yaxşı bir Kruniç görəcəyik”.
Fernando Santuş, “Beşiktaş”ın baş məşqçisi: “Layiqli qələbə qazandıq. “İstanbulspor” əks-hücumlarda oynayan komandadı. Düzdü, bəzi anlarda yığcam oynamırdıq. Amma onlara əks-hücumlarda fürsət yaxalamağa imkan vermədik. Üzərində işləməli olduğumuz 3-4 məqam var. Onlardan biri sadə top itkiləridi. Tələskənliyə yol verib topu itiririk, üstəlik onu geri almaq üçün aqressivlik göstərmirik. Təbii ki, oyunumuzda yaxşı məqamlar da var. Amma inkişaf etmək üçün zəif cəhətlərin üzərində işləməliyik. Topa daha çox sahib olmağa çalışmalıyıq. Bunu da ancaq məşqlərdə çalışaraq edə bilərik. Komandanın irəlidə istənilən səviyyədə olmadığını deyənlərlə razı deyiləm. Bu gün 8 qol vəziyyəti yaratdıq. “Qalatasaray”la derbi? Qarşıda hələ kubokda “Konyaspor”la oyunumuz var. Ondan sonra “Qalatasaray” haqda danışarıq”.