“Marsel”də baş məşqçi problemi yoluna qoyulub. Fransa klubuna yerli mütəxəssis təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun bazar ertəsi yaydığı məlumat doğru çıxıb. O, marsellilərin Jan-Lui Qasse ilə müqavilə bağlayacağını bildirmişdi. 70 yaşlı fransalı mütəxəssis bu vəzifədə fevralın 19-da istefaya göndərilən Cennaro Qattuzonu əvəzləyib. 46 yaşlı italiyalı “Marsel”ə ötən il təyinat almışdı. Komandanın Liqa 1-in sonuncu turunda “Brest”ə məğlubiyyəti (0:1) rəhbərliyi məşqçi dəyişikliyinə qərar verməyə vadar edib. Komanda hazırda Fransa çempionatında 22 oyuna 30 xalla 9-cu yeri tutur.
Qattuzoya xələfi seçilən Qassenin sonuncu komandası yanvarda qovulduğu Kot d’İvuar yığması olub. Təcrübəli mütəxəssis daha əvvəl ölkəsində “Monpelye”, “Sent-Etyen” və “Bordo”da da çalışıb.