“Rayo Valyekano”da baş məşqçi dəyişikliyi zərurətə çevrilib.
Fransisko Rodriges artıq bu komandanı çalışdırmır.
İspaniya klubu onunla müqaviləni qeyri-qənaətbəxş nəticələrə görə pozub. 45 yaşlı mütəxəssis komandanı ötən ilin yayından çalışdırırdı. Onda Andoni İraolaya xələf olan Rodriges La Liqanın son turunda “Malyorka”ya məğlubiyyətdən (1:2) sonra istefaya göndərilib. Ölkə çempionatında keçirdiyi son 14 oyunda yalnız 1 qələbə qazanan paytaxt komandası hazırda 24 oyuna 24 xalla 14-cü yeri tutur.
Rodrigesin yerinə İnyiqo Peres təyinat alıb. Onunla imzalanan müqavilənin detalları haqda hələlik məlumat verilmir. 36 yaşlı Peresin 2022/23 mövsümündə “Rayo Valyekano”nun məşqçi korpusuna daxil olduğunu qeyd edək.