• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mən də insanam və dostlarla yaxşı yeyib-içməyi xoşlayıram”

Dünya futbolu

13-02-2024, 22:0

Eden Azar futbol tarixində iz buraxmağı bacarsa da, onun karyerası heç vaxt birmənalı xatırlanmayacaq.

"Football-plus.az" xəbər verir ki, çünki belçikalı ulduz “Çelsi”də nə qədər zirvəni gördüsə, “Real”da da bir o qədər dibə endi! Ötən yay hamını şoka salaraq cəmi 32 yaşında karyerasını bitirmək qərarına gələn Azar indi azad həyatın zövqünü yaşayır. Çünki o, həmişə, hətta peşəkar yaşamağa məcbur olduğu dönəmlərdə də azadlığa, sərbəstliyə can atırdı. Bunu Azarın son müsahibəsindən də hiss etmək mümkündü. O, bugünlərdə Fransanın ünlü “Ekip” nəşrinə geniş və səmimi etiraflarla zəngin, eyni zamanda futbol dünyasında böyük ajiotaj doğuran müsahibə verib.

- Futbol sənin üçün hansı mənanı ifadə edirdi?
- Futbolun mənası mənim üçün həmişə bir olub: zövq almaq. Mənim üçün fərqi yox idi, istər yoldaşlıq oyunu olsun, istərsə də dünya çempionatının yarımfinalı. Mənim özəlliyim futbolu məhz zövq almaq üçün oynamağımda idi. İndi artıq açıq şəkildə etiraf edə bilərəm ki, futbola yanaşma tərzim peşəkar səviyyədə deyildi. Bir növ hər şeyə tüpürürdüm və istər meydanda, istərsə də ondan kənarda ürəyim istəyən hər şeyi edirdim. Karyeramın lap əvvəllərində belə özəlliyim ətrafdakıları qəzəbləndirirdi. Çünki onlar fərqli nəsildə böyümüşdülər və fərqli mentallığa malik idilər. Bir uşağın bu dərəcədə özünə güvənməsi xoş qarşılanmırdı. İndi hər şey başqa cürdü. Ona görə də böyüklərin arasına girib “topu mənə verin, hamınızı driblinqlə aldadacam” deyən 16 yaşlı yeniyetmələri ürəkdəm alqışlayıram. Onların qarşısında şlyapamı çıxarıram!

- Səni özündənrazı futbolçu saymaq olardımı?
- Bəzən hamını bezdirirdim. Elə olurdu ki, məşqdə butsumun iplərini də bağlamırdım. Amma başqaları dərhal anlayırdı ki, dilimə görə dilçəyim var. Sözü havaya atmıram. Topu mənə atırdılar. Bir qol, iki qol, üç qol... Hamısı məəttəl qalırdı. Həm mən xoşbəxt olurdum, həm də komanda. Bəzi qayda-qanunlara yumşaq desək, riayət etməyi xoşlamırdım. Amma meydandan kənarda hər kəs mənə hörmət edirdi. Paltardəyişmə otağında özünü “dartan”, hər şeyə etiraz edənlərdən olmamışam. Mən də hamı ilə birlikdə deyib-gülürdüm.

- Futbol oynadığın müddətdə ən çox nəyi bəyənirdin?
- Digər insanlarla, futbolçularla ünsiyyəti, emosiyaların mübadiləsini. Oyunları və titulları qazanmağı. Fanatları xoşbəxt görmək arzusunu. Marsel və Lill küçələrində indiyə qədər də insanlar məni görəndə “sənin dönəmindəki “Lill” əsrarəngiz idi” deyirlər. Eyni şey Londonda da baş verir. Dəfələrlə “Arsenal” fanatları mənə “səni izləmək bizim üçün çox xoş idi” deyiblər. Bu insanlar futbolu sevir.

- Ən çox hansı hərəkət sənə ruh yüksəkliyi verirdi?
- Topu rəqibin ayaqları arasından atmaq. Bütün oyunu pis keçirə bilərdim. Amma bir epizodda topu rəqibin ayaqları arasından atırdımsa, deməli, hər şey qaydasında idi (gülür). Hətta 0:3 hesabı ilə uduzduğumuz oyunda da bu hərəkəti etdikdən sonra kefim düzəlirdi. Amma bunu heç vaxt rəqibləri alçaltmaq məqsədilə etmirdim. Sadəcə, bu, mənim oyun tərzim idi. İndi övladlarıma “baxın “yutub”da, görün atanız nələr edir” deyə bilirəm. Ağırlıq mərkəzim aşağıda olduğu üçün məndən topu almaq çətinidi. Özümə o qədər güvənirdim ki, çəkinmədən hətta Van Diyklə də duelə girirdim. Müdafiəçilər ya qaydanı pozurdular, ya da yerə yıxılırdılar. Genetik cəhətdən bəxtim gətirib ki, baldırlarım və arxam böyükdü. Bunun mənə çox faydası dəyirdi. İndiki futbolçulardan Vinisiusun da belə özəlliyi var. Buna görə də ondan top almaq çətindi.

- “Pis oğlanlar” qarşına tez-tez çıxırdı?
- Premyer-liqada belələri var idi. Amma onlara pis deməzdim. Çünki ən azı oyuna hörmət edirdilər. İspaniyada isə futbolçular daha əsəbi və sərt idilər. Onlar az qala səni tapdalayıb keçirlər, sonra da yaxınlaşıb zarafatla “qəsdən etmədim” deyirlər.

- Bəs futbola görə stress yaşadığın anlar olub?
- Əsasən oyunla bağlı olan stresslər yaşamışam. Amma düzünü desəm, karyeramın sonlarında, yəni az oynadığım dönəmdə üzərimdə daha çox stress hiss edirdim. Çünki oynamalı və özümü göstərməliydim. Bəzən elə olurdu ki “özümü yaxşı hiss etmirəm, topu mənə atmayın” deyirdim. “Real”da hiss edirdim ki, topu qəbul etməmiş onu itirəcəm.

- Futbol sənin üçün bir iş idi?
- Xeyr, futbol mənim üçün bir oyun idi. Nə vaxt ki, oyun olmaqdan çıxdı, onda da karyeramı bitirdim! Təbii ki, futbolla dolanışığımı, ailəmi, həyatımı təmin etdiyimi bilirdim. Amma bu haqda düşünməməyə çalışırdım. Futbol mənim hobbim, oyuncağım idi.

- İstərdin ki, fərqli mentallığın olsun? Məsələn, Krişitano Ronaldodakı kimi işə yanaşma tərzi...
- Xeyr. Çünki bu, artıq mən olmazdım! Məsələn, mən heç vaxt oyun bitəndən sonra bir saatımı ayırıb soyuq vannaya girməzdim. Mən oyundan sonra dostumu da götürüb evə yolanmağa, kart oynamağa, pivə içməyə üstünlük verirdim. Bəli, mən məhz bu cürəm. Oyundan sonra orqanizmimi necə bərpa edirdim? Bağımızda uşaqlarımla iki saat topla oynayırdım. Kriştiano kimi olsaydım, özümü “yandırardım”. Yaxşı oynayırsansa, deməli, hər şey edə bilərsən. Mənim prinsipim məhz belə idi. Hər üç gündən bir trenajor zalına getmirdim. Gündə 3 saat fizioterapiya ilə məşğul olmurdum. Amma meydana çıxıb öz işimi görürdüm.

- Bəs pəhriz mövzusuna necə yanaşırdın?
- Bu məsələdə də də diqqətcil deyildim. Amma digər tərəfdən hər gün “Makdonalds”a da yollanmırdım. Sadəcə, pəhrizin əhəmiyyətinə önəm vermirdim. Mən də insanam və dostlarla yaxşı yeyib-içməyi xoşlayıram. Hətta elə olurdu ki, oyundan bir gün öncə normal şam edirdim və üstündən də bir şüşə çaxır içirdim. Sonra da uzanıb dincəlirdim. Pəhriz mənim üçün mənasız şeydi. Düzdü, qarşına 40 yaşa qədər oynamaq məqsədi qoyan futbolçular üçün bəlkə də pəhriz faydalıdı. Amma bu, mənlik deyil!

- Con Obi Mikel səni gördüyü ən tənbəl və ən güclü futbolçu adlandırıb.
- Bəli, sözlərini eşitmişəm və bu, mənim xoşuma gəlib. Tənbəl olsam da, hər gün məşqdə iştirak edirdim. Özümü tam oyuna həsr edirdim. Gücüm tükənirdi. Ona görə də həftəboyu tam güclə məşq edə bilmirdim. Məşqdə də güc qoysaydım, orqanizmim artıq buna tab gətirə bilməzdi. Bəzən məşqçilər məni gənclərə pis örnək olmaqda günahlandırırdılar. Onların fikrincə, gənclər də mənə baxıb tam güclə məşq etmirdilər. Amma fərq ondadı ki, mənim kimi var güclə məşq etmədikdən sonra meydanda xarüqələr yaratmağı heç də hər kəs bacarmıdı. Həm də nəyə görə kiməsə örnək olmalıydım? Hərə özünə görə idi. Sadəcə, deyirdim ki, məndən əl çəkin...

- “Real”la müqavilə imzaladığın dönəmdə ilk məşqə 5 kq artıq çəki ilə gəlmişdin...
- “Çelsi”dəki son mövsümüm çox uğurlu keçmişdi. Özümə “artıq “Real”dayam və bəlkə də sonuncu dəfə tətili ürəyim istəyən kimi keçirmək fürsətim var” dedim. Ona görə də hər yay olduğu kimi, yenə özümü buraxdım... İngiltərədə keçirdiyim 7 ildə mövsümün gedişində heç vaxt dincəlmək fürsətim olmurdu. Yalnız 3-4 həftəlik yay tətilim olurdu. Həmin yay da doyunca yedim və içdim. Amma “Çelsi”dən fərqli “Real”da hər şey ilk gündən kəllə-mayallaq getdi. Sonluq da pis bitdi.

- Bəlkə də sonda, sadəcə, belə həyat tərzinin qurbanına çevrildin?
- Xeyr! Əksinə, karyeramı erkən başlamağın, ilk illərdə üzərimdə çox və dayanmadan işləməyin, ayağıma çox zərbələr almağın qurbanına çevrildim. Nə gəldi yeməyin qurbanına çevrilmədim. Düzdü, bunu dilə gətririrəm, amma sübut edə bilmirəm. Əlbəttə, adamlar belə sonluqla üzləşməyimi özümə qarşı diqqətcil davranmamağımla əlaqələndirəcək. Hər kəs istədiyini düşünə bilər. “Real”da zədələr məndən əl çəkmədi. Hətta elə olurdu ki, haramın və nə üçün ağrıdığını bilmirdim. Sadəcə, çarpayıdan qalxırdım və özümə əziyyət verdiyimi anlayırdım. Çünki orqanizmim yorulmuşdu, artıq tab gətirə bilmirdi. Son illərdə orqanizmim mənə tez-tez “bu zibili at getsin, özünü qoru” deyirdi.

- Təmiz istedad baxımından elə bir futbolçu varmı ki, onu özündən üstün sayırsan?
- Fərdi keyfiyyətlərə görə yalnız Messini deyə bilərəm. Onun “Barselona”dakı oyunundan böyük zövq alırdım. Tarixin ən dahi futbolçusudu. Ondan top almaq mümkün deyildi. Bəlkə də Neymarı da istedad baxımından üstün saymaq olar. Kriştianonun titulları və nailiyyətləri mənimkindən çoxdu. Bu baxımdan üstündü. Amma təmiz istedad və futbol baxımından onu özümdən üstün saymıram! Eyni sözləri Benzema, Modriç, Kroos, De Bruyne haqda da deyə bilərəm. Əldə etdiklərinə görə məndən öndədilər. Onlar futbolla yaşayırlar.

- Hansı dönəmdə özünü ən güclü sayırdın?
- Mourinyo (2014/15) və Konte (2016/17) ilə çempion olduğumuz mövsümlərdə. Eləcə də Sarri ilə keçirdiyimiz 2018/19 mövsümündə. Amma ən yaxşı oynadığım dönəmlərdə də “Çelsi” ilə ÇL-i qazana bilmədim. Məsələn, 2012-də Droqbanın etdiyi kimi “Çelsi”ni ÇL-də uzağa daşıya bilmədim. Buna görə də ürəyimdə xal qalıb. Üstəlik mən ayrılandan sonra onlar ÇL-i qazandılar. Ona görə də əminliklə deyirəm ki, qarşıdakı AÇ-ni Belçika qazanacaq (gülür).

- Bəs karyeranın ən yaxşı oyunu hanısıdı?
- DÇ-2018-in 1/4 finalında Braziliyaya qarşı. Fiziki və psixoloji cəhətdən o qədər güclü idim ki, meydanda sanki uçurdum. Düzdü, qol və ya məhsuldar ötürmə ilə fərqlənmədim. Amma insanlara əsl Azarı göstərə bildim. Məhz həmin oyunda həmişə arzusunda olduğum futbolçu idim. Qol vurmadan da yaxşı oynamağın mümkün olduğunu göstərdim. Elə oyunçular var ki, qapının önündə dayanıb, sadəcə, ayağını irəli uzatmaqla 2-3 qol vurur. İnsanlar da onlara heyran qalır. Sadəcə, onların məhsuldarlığı yaxşı komandada oynamaları ilə bağlıdı, vəssalam. Düzdü, onlar fanatlara və komandaya lazım olanı verir. Amma mənim gözümdə belələri güclü futbolçu deyil.

- “Real”a keçidin yanlış addım idi?
- İndi bunu demək asandı. Amma mən uşaqlıqdan Zidanın fanatıydım. “Real”ı da Zidana görə sevirdim. Həm də “Santyaqo Bernabeu”nun, ağ formanın başqalarında olmayan xüsusi şarmı var idi. Sadəcə, o kluba uyğun gəlmədim. Amma bu, mənim arzum idi. “Real”da oynamadan karyeramı bitirə bilməzdim.

- Son illərdə əziyyət çəkirdin?
- Xeyr. Belə deməyə haqqım yoxdu. Bəxtim gətirib ki, bu sahədə oldum və çoxlu pul qazandım. İnsanlar pul qazanmaq üçün hər gün mübarizə aparırlar. Ona görə də heç nədən şikayətlənməyə haqqım yoxdu. Hətta oynamadığım, zədəli olduğum dönəmdə də. Düzdü, depressiyaya düşmürdüm. Sadəcə, elə bir məqam çatdı ki, artıq bu işi görməyə özümdə güc, enerji, motivasiya və istək tapa bilmədim. Ən əsası futboldan artıq zövq almırdım. Ona görə də davam etməyin mənası yox idi.

- Karyeranı belə tez bitirməsən, başqa yerdə çoxlu pul qazanmaq fürsətin olardı.
- Nə üçün? 10 milyon artıq qazansam, nə dəyişəcəkdi? Təbii ki, bu, böyük pullardı. Amma bunu istəmirdim. Xoşbəxt olmaq üçün elə də çox şeyə ehtiyac duymuram. Uşağımı məktəbə aparıram, həyətdə futbol oynayıram. Kiçik oğlumun 2 yaşı olmasına sevinirəm, qolf, tennis oynayıram. Hərdən özüm üçün qaçıram. Seriallara, cizgi filmlərinə baxıram. Bunlar hamısı kiçik şeylər kimi görünsə də, mən məhz belə həyatı sevirəm. Futbollara artıq baxmıram. Yalnız qardaşıma görə “Anderlext”in oyunlarına baxıram. Mənim karyeram gözəl bir hekayədi. Razıyam ki, sonluq faciəvi alındı (gülür). Axı bəzən kitab oxuyanda da düşünürsən ki “bu nə axmaq sonluqdu? Niyə hər şey məhz belə bitdi”. Sonra da baxırsan ki, həmin kitab bestsellerə çevrilib. Mən kənd mühitində böyümüş kiçik bir oğlanam. Futbolda mənə lazım olan zövqü və emosiyaları yaşaya bildim. Karyeram əla idi. Bu, əsl bestsellerdi!

- 2019-cu ildə “karyeramı bitirdikdən sonra divanda uzanıb “çipsi” yeyə-yeyə uşaqların necə oynadığına baxacam” demişdin...
- Bəli, uşaqlarım ürəkləri istədikləri kimi oynayırlar. Bəzən digər valideynlərin öz övladlarına “nəyin bahasına olur-olsun, qalib gəlməlisən” dediklərini eşidirəm. Bu, düzgün deyil. Hər kəs gördüyü işdən zövq almalıdı. Əminəm ki, belə düşünən yeganə insan deyiləm. Sadəcə, bəziləri bunu dilinə gətirməkdən çəkinir. Futbol oynayırsansa, qol vurub-vurmamağının nə fərqi var? Sadəcə, oyundan zövq al. Diqqət mərkəzində olmaq, komandanın ən yaxşısı sayılmaq xoşuma gəlirdi. Amma buna ehtiyacım yox idi. Peşəkar futbolu bəyənirdim. Amma 100 faiz deyə bilərəm ki, artıq ora qayıtmaq istəmirəm.

ƏLİ RAUFOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-08-2023, 21:0

Azar qəti qərara gəlib

Dünya futbolu

13-08-2023, 22:0

Azarın yolu haradı?

Dünya futbolu

22-03-2022, 12:0

Azarın ''El Klasiko'' performansı: sıfır!

Dünya futbolu

2-08-2023, 16:0

Azar futbolu tərk etməyə məcburdu?

Dünya futbolu

30-03-2022, 22:0

Azar üçün mövsüm bitdi

Aktual
86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
“Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
“Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
Son xəbərlər
  • Bu gün, 13:23
    "Neftçi"nin transfer qadağası aradan qaldırıldı
  • Bu gün, 12:52
    ''Əl-Hilal'' İnzaqi ilə ilk titulunu qazandı
  • Bu gün, 12:29
    “Qarabağ” veteranlar arasında yarışda qalib gəldi
  • Bu gün, 12:23
    UEFA ''Fənərbaxça''ya cəza verəcək?
  • Bu gün, 12:00
    Cəlal əvvəldən sona qədər oynadı
  • Bu gün, 11:43
    "Çox güman, “Sabah” “qızıl dubl” edəcək" - Aslan Kərimovun final proqnozu
  • Bu gün, 11:39
    AFFA-nın Lisenziya Komissiyasının iclası keçirildi
  • Bu gün, 11:23
    İki cüdoçumuz mübarizəyə başlayır - "Böyük Dəbilqə"
  • Bu gün, 10:00
    Mahir şans qazandı, "Kayzerslautern" qələbə
  • Dünən, 23:51
    'Risk etmək istəmədik, çünki zədəlilər ola bilərdi" - Valdas Dambrauskas
  • Dünən, 23:20
    "Bu gün bir az bəxtimiz gətirdi" - Azər Bağırov
  • Dünən, 22:45
    “Həmin iddialar əsassızdı və faktlara uyğun deyil” – “Araz Saatlı”nın pulsuz qalmasına izahat
  • Dünən, 22:06
    Türkiyəli ulduz üçüncü dəfə dizindən əməliyyat olunacaq
  • Dünən, 21:35
    "Rəşad Sadıqovdan üzr istəyirəm" - Jorj Kaşkilya
  • Dünən, 21:25
    "Zirə" Qubada büdrədi, "Sabah" "Kəpəz"ə uduzdu - YENİLƏNİB
  • Dünən, 20:51
    "May ayında palçıqda futbol oynayırıq" - Rəşad Sadıqov
  • Dünən, 20:20
    Millimiz Rumıniyaya böyük hesabla uduzdu
  • Dünən, 19:56
    Arda Turanlı ''Şaxtyor''un avrokubok macərası yarımfinalda başa çatdı
  • Dünən, 19:25
    Tanınmış məşqçi xanım taksi sürücüyə pul əvəzinə seks təklif etdi!
  • Dünən, 18:54
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 18:48
    39 yaşında klubunu dəyişdi
  • Dünən, 18:09
    DÇ-2026 üçün maraqlı vakansiya
  • Dünən, 17:55
    Riad Rəfiyev sınaq müddəti
  • Dünən, 17:38
    Mourinyo “Real”a hansı şərtlər irəli sürüb?
  • Dünən, 17:03
    86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
  • Dünən, 16:43
    Kubok gözəlləməsi: açıq məşq də olacaq, mətbuat konfransı da!
  • Dünən, 16:31
    "İmişli" - "Zirə" - START HEYƏTLƏRİ
  • Dünən, 16:08
    Luis Enrike futbolçularını ad gününə dəvət etdi, amma....
  • Dünən, 15:49
    “Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
  • Dünən, 15:23
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 14:46
    “Hall Siti”ni artıq türk klubuna çevirmişik” - Acunun növbəti hədəfi nədi?
  • Dünən, 14:11
    “İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
  • Dünən, 13:49
    Kubokun finallarında azarkeş sayı 300 minə çatacaq! – stadionun tribunaları tam dolsa...
  • Dünən, 13:14
    Çuameni Valverdeni niyə döydü? - davanın təfərrüatı
  • Dünən, 12:38
    “Trabzonspor” Azərbaycana gəlir?
Daha çox
Oxunub: 196
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 172
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 164
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 163
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 144
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə