"Turan Tovuz" Misli premyer-liqasının 22-ci turunda doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
"Football-plus.az" xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Gərgin oyun idi. Evdə seriyamızı davam etdirmək istəyirdik. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm idilər. "12-ci oyunçu" bu gün öz sözünü dedi. Futbolçularda bir az basqı var idi. Yuxarı pillələrdə ola bilərik. Çalışdıq ki, oyun nəzarətimizdə olsun. Futbolçularıma təşəkkür edirəm. İstədiklərimizi yavaş-yavaş görə bilirik.
- Qələbələr gəldikcə azarkeşlər avrokuboklara vəsiqə qazanmağı tələb etməyə başlayır. Bu, sizi qorxutmur?
- Yox, qorxutmur. Düzgün təhlil etsək, görərik ki, klub olaraq irəliləyiş var. Futbolçular basqını üzərlərindən ata bilib. Artıq evdə ev sahibi kimi oynaya bilirik. Yeni gələn oyunçular, adaptasiya... Bunda da irəliləyiş var. Bu işlər görüldükcə nəticə gələcək. Azarkeş hər zaman istəyəcək. Amma bizim planımız var. Pillə-pillə irəli getmək istəyirik. Bəzi məqamlar var ki, vaxt lazımdı. Bu gün lazımsız dəqiqədə qol buraxdıq. Oyun kontrolumuzda idi. Bunlara vaxt lazımdı. Azarkeşləri başa düşürük.
- Aleks tez zamanda komandaya uyğunlaşdı. Onun oyununu necə dəyərləndirirsiniz?
- Onu yayda transfer etmək istəyirdik, alınmadı. Gəncdi, istiqanlıdı. Komandada özünü elə aparır ki, sanki əsl tovuzludu. Amma tələsmək lazım deyil. Bu tempi saxlamaq çətin olacaq. Futbol çox çətin və maraqlıdı. Çalışırıq ki, onları yaxşı formada saxlayaq. Potensiallı futbolçudu, çox şey gözləyirik ondan.
- Ayxan Quseynovun Azərbaycan vətəndaşlığı alması məsələsi həll olunub?
- Xeyr. Yəqin ki, millinin baş məqşçisi istəməlidi ki, bu, baş tutsun.
- Başqa ölkələrdə doğulan azərbaycanlı futbolçular burada legioner limiti ilə oynayır. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədi?
- Əla mövzudu. Mənim təklifim odu ki, kənardakı azərbaycanlı futbolçular legioner sayılmasın. Türkiyəyə baxaq. Almaniyada doğulan oyunçular yerli statusla çıxış edir. Eldar Quliyev, Ayxan Quseynov zatən azərbaycanlıdı. Biz onlara yerli statusu verməliyik. Bu futbolçuları qazanmaq lazımdı. Digər ölkələrin akademiyasında böyüyüblər. Bizim uşaqlarla onlar arasında fərq də hiss olunur.
"Bizim uşaqlarla onlar arasında fərq də hiss olunur" - Ayxan Abbasov
Premyer-liqa / Manşet






