Lozannada yerləşən İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya Olimpiya Komitəsinin (ROK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlüyündən müvəqqəti uzaqlaşdırılması ilə bağlı şikayətinə dair nə vaxt qərar verəcəyi bəlli deyil.
"Football-plus.az" xəbər verir ki, İAM-nın bununla bağlı yaydığı açıqlamada deyilir:
“Dinləmələr cümə günü başa çatıb. Bu məsələyə görə cavabdeh olan hakimlər kollegiyası hazırda müzakirə aparır. Tərəflərin qərarla bağlı nə vaxt məlumatlandırılacağı bəlli deyil”.
Xatırladaq ki, BOK oktyabrın 12-də Ukrayna torpaqlarında yaradılan qondarma qurumları – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı, eləcə də Zaporojye vilayətini tərkibinə daxil etdiyinə görə ROK-ün üzvlüyünü dayandırıb. Bu qərar o anlama gəlir ki, ROK bundan sonra milli olimpiya komitəsi kimi fəaliyyət göstərə və olimpiya hərəkatından maliyyə yardımı ala bilməz.