Misli premyer liqasının 21-ci turunda "Sumqayıt"ın “Neftçi” ilə Mehdi Hüseynzadə adına stadionda qarşılaşacağını xəbər vermişdik.
Klubdan saytımıza verilən məlumatda bildirilmişdi ki, o vaxta qədər idman qurğusu PFL-in tələblərinə uyğun şəkildə hazırlanır. Bununla bağlı işlər oyun gününə qədər tamamlanmalıdı. Görəsən, hazırda bu proses necə irəliləyir? Hansı işlər bitib?
Bu suallarla yenidən "Sumqayıt"ın mətbuat xidmətindən rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:
"Yayınçı kanal üçün üç yerdə çəkiliş meydançası qurulub. Media nümayəndələri üçün xüsusi sektor ayrılıb. İşıqlandırma sisteminin tam yenilənib. Skayboksların qarşısındakı metal arakəsmələr şüşə ilə əvəzlənib. Sırf “CBC Sport” rahat, kəsintisiz çəkiliş və yayın etsin deyə, arenaya yüksək gərginlikli elektrik, həmçinin yüksək sürətli internet xətti çəkilib. Stadionun ətrafında və içərisində adicə göstəricilər – sektor, otaq, dəhlizlərdə dönüş və s. - yox idi. Bunları da biz hazırlayırıq. “CBC Sport” üçün olandan əlavə, ümumi internet xətti çəkilib. Nəzarət və təhlükəsizlik kameraları quraşdırılıb. Stadionun səs və görüntü (monitor) sistemi təkmilləşdirilib".
Zaur bəy stadionun indiki durumu ilə bağlı yeni fotolar da təqdim etdi.
GÜNAY SÜLEYMANOVA