Karyerasını Səudiyyə Ərəbistanının təmsilçisi “Əl-Nəssr”də davam etdirən Kriştiano Ronaldonun fevralın 5-də 39 yaşı tamam olacaq.
"Football-plus.az" xəbər verir ki, amma o, hələ də məhsuldarlığı, qazandıqları (eləcə də qazanmadıqları) və açıqlamaları ilə gündəmi zəbt etməkdə davam edir. Bilindiyi kimi, ən son FİFA-nın “The Best” mükafatını Lionel Messi qazandığı halda, Kriştiano Ronaldonun adı heç namizədlər arasına da salınmamışdı. Halbuki müqayisə etsək 19 dekabr 2022 – 20 avqust 2023 aralığında, yəni FİFA-nın verdiyi mükafat üçün əsas götürüldüyü tarixdə Messi 32 rəsmi oyuna 24, Kriştiano isə 31 rəsmi oyuna 25 qol vurub! Ən əsası Messidən fərqli Ronaldo hamını qabaqlayaraq 54 qolla 2024-cü ilin ən məhsuldar oyunçusu oldu. Əvəzində portuqaliyalı superulduz ötən həftə “Globe Soccer Awards” mərasimində birdən-birə 3 mükafat qazandı. O, 2023-cü ilin nəticələrinə görə Yaxın Şərqin ən yaxşı futbolçusu, fanatların versiyasına görə ilin oyunçusu, eləcə də “Maradona” mükafatını qazanaraq ilin ən yaxşı bombardiri seçildi. Həmin mərasimdə Ronaldo qol sayında Holann və Mbappe kimi “əjdahaları” qabaqladığına görə özü ilə fəxr etdiyini bildirdi. Bugünlərdə isə Kriştiano Portuqaliyanın yüksək tirajlı “Rekord” nəşrinə geniş müsahibə verib. Onun xüsusilə 5 dəfə qazandığı “Qızıl top” və FİFA-nın “The Best” mükafatı barədə dedikləri maraq doğurub. Onun bu mükafatları boykot etməsi çoxdan məlumdu. Kriştiano Portuqaliya yığmasının kapitanı olsa da, yığma kapitanlarının səsverməsində artıq neçə ildi ki o yox, Pepe iştirak edir. Ronaldonun müsahibəsinin ən maraqlı hissələrini təqdim edirik.
* Daha öncə də vurğuladığım kimi, bu il qazandığım “Globe Soccer Awards” mükafatlarını əvvəl heç vaxt qazanmamışdım. Ona görə də şox şadam. Xüsusilə də Maradonanın adını daşıyan mükafatı əldə etmək məni ikiqat sevindirdi. Təəssüf ki, böyük heyranı olduğum Maradona artıq aramızda yoxdu. Avropada oynamağa alışmışam və orda daha bir neçə mükafat qazana bilərdim. Amma Yaxın Şərqdə bunu ilk dəfə bacardım. Şadam ki, mövsüm uğurlu alındı. Belə mükafatları əldə etmək həmişə xoşdu.
* 2023-cü ildəki məhsuldarlığım çoxlarını təəccübləndirdi. Xüsusilə də “Mançester Yunayted”dəki son aylarımda və yığmanın heyətində yaşadıqlarımdan sonra bəziləri mənim artıq bitdiyimi düşünürdü. Amma mən oyunlara çox yaxşı kökləndim. Luiş Kaştronun başçılığı altında “Əl-Nəssr”də əla mövsümöncəsi hazırlıq dönəmi keçirdim. Bu cür performans sərgiləməyimdə Kaştronun əməyi heç də az olmadı. O məni çox yaxşı motivasiyalandırdı. Bu, son deyil. Qollarımla həm “Əl-Nəssr”ə, həm də Porutqaliya yığmasına hələ çox yardım edə bilərəm. Qısası, şəxsi planda 2023-cü il mənim üçün möcüzəvi alındı.
* Zarafat deyil, 54 qol vurdum. Düzdü, bəziləri deyə bilər ki, Səudiyyə Ərəbistanında oynadığım üçün mənə qolları sıralamaq daha asandı. Amma bu işin əsl peşəkarları gözək bilir ki, istər Səudiyyə Ərəbistanında olsun, istərsə də Portuqaliyada, İtaliyada və ya İspaniyada qol vurmaq asan məsələ deyil. Qol elə həmişə qoldu. Bəli, məhsuldarlıq baxımından Holann, Mbappe və Keyni geridə qoymağımla fəxr edirəm.
* “Qızıl top” və FİFA-nın “The Best” mükafatı haqda nə düşünürəm? Bu mükafatlar artıq müəyyən mənada öz nüfuzunu itirməyə başlayıb. Biz gərək bütün mövsümü təhlil edək. Bu o demək deyil ki, Messi, Holann və ya Mbappe bu mükafatları qazanmağa layiq deyil. Sadəcə, mən artıq belə mükafatlara güvənmirəm! Baxmayaraq ki, özüm “Globe Soccer Awards” mükafatlarını qazandım. Ortada rəqəmlər və faktlar var. Onlar heç vaxt yalan danışmır. 2023-cü ilin ən çox qol vuran futbolçusu oldum və bu adı məndən artıq heç kim ala bilməz. Çünki bu, həqiqi və real göstəricidi. “Qızıl top” və ya “The Best” mükafatını bir də nə vaxtsa qazana bilərəmmi? Hamımız gözəl bilirik ki, bu və digər qurumlarda işlər necə təşkil olunub. Mən ilk növbədə klubuma və yığma komandama fayda vermək barədə düşünürəm. Mükafatı qazanmaq üçün yığmada və klubda uğurlu mövsüm keçirməlisən. Artıq belə şeylər haqda çox da düşünmürəm. Düzünü desəm, “The Best” mükafatının təqdimat mərasiminə, ümumiyyətlə, baxmadım.
* Vətənimə qayıdacammı? Artıq Portuqaliyaya qayıtmağın heç bir mənası yoxdu. Bir neçə gündən sonra 39 yaşım tamam olacaq. Bu ili, eləcə də 2025-ci ili “Əl-Nəssr”də keçirməyi planlaşdırıram. Hər halda, bunu hər şeydən çox arzulayıram. 40 yaşımdan sonra nələr olacağını isə birlikdə görəcəyik. Əslində 40 yaşıma qədər yüksək səviyyədə oynaya bilmək mənim əsas hədəflərimdən biri idi. Sonra hər şey qaydasında olsa və bir problem yaşamasam, 41 və ya 42 yaşıma qədər oynamaq barədə də düşünə bilərəm. Amma bu haqda dəqiq bir söz deyə bilməyəcəm. Bir şeyi dəqiq bilirəm ki, Portuqaliya çempionatına qayıtmaq barədə düşünmürəm.
* İstəməzdim ki, vətənimə qayıtmaq mövzusu ətrafında süni ajiotaj yaradılsın və insanların bununla bağlı ümidləri yaransın. Çünki az öncə də dediyim kimi, həm bu, həm də növbəti ili “Əl-Nəssr”də keçirməyi planlaşdırıram. Səudiyyə Ərəbistanında xoşbəxtəm. Burda mənə hörmət və sevgi ilə yanaşırlar. Yerli çempionatın çox yaxşı potensialı var və o, durmadan inkişaf edir. Çoxları düşünür ki, burdakı durum bir neçə il öncə Çində yaranmış duruma bənzəyir. Amma burda hər şey fərqlidi. Səudiyyə Ərəbistanının DÇ-2034-ə evsahibliyi etmək hüququnu qazanması da təsadüfi deyil. Bu o deməkdi ki, ən azı qarşıdakı 10 ildə buranın futbolu və çempionatı inkişaf edəcək. 2-3 ildən sonra Səudiyyə Ərəbistanı çempionatı dünyanın ən güclü liqalarından birinə çevriləcək.
* Mənə doğma olan “Sportinq”in bu mövsümdəki çıxışını bir neçə dəfə izləmişəm. Yaxşı təşkilatlanmış, möhkəm komandadı. Üstəlik başlarında da nə istədiyini gözəl bilən və oyunçuları yaxşı idarə edən güclü mütəxəssis dayanıb. “Sportinq” bu mövsüm çox baxımlı futbol sərgiləyir. Onların oyunu fanatların xoşuna gəlir. İstərdim ki, belə də davam etsinlər və bu il çempion olsunlar.
* Karyeramı nə vaxt bitirəcəyimi məndən tez-tez soruşurlar. Dostlarımla bu haqda söhbət edərkən həyatın çox dinamik olduğunu deyirəm. Yəni sabah nə olacağını heç kim bilmir. Məsələn, karyeramı bu mövsümün sonunda da bitirə və ya daha 2-3 il də oynaya bilərəm. Demək istəyirəm ki, nə olacağını bilmirəm. Dürüst olmağa çalışıram. Başım və bədənim oynamağa imkan verdiyi müddətdə futboldan zövq almaqda davam edəcəm. İndi özümü əla hiss edirəm. Həm klubumda, həm də yığmamda xoşbəxtəm. Ən sevdiyim işi görməkdə, yəni qollar vurmaqda və yaxşı oynamaqda davam edirəm.
* AÇ-2024? Mənim üçün qələbəyə namizədlərdən biri və ya favorit sayılmaq eyni şeydi. Nəzərə alaq ki, eynilə AÇ-2016-da olduğu kimi, Portuqaliyanın bu dəfə də yaxşı çıxış etmək üçün əla potensialı var. 8 il öncəki turnirdən əvvəl biz favoritlər arasında göstərilmirdik. Amma o qələbədən sonra hər kəs Portuqaliyaya fərqli gözlə baxmağa başladı. Hərçənd bu, prinsipial əhəmiyyət daşımır. Sadəcə, qələbəyə köklənmək və hər matçda sona qədər döyüşmək lazımdı.
* Yığmamızın baş məşqçisi Roberto Martinesin “Ronaldo 1000 qol həddinə çatmaqdansa, daha bir AÇ-ni qazanmağa üstünlük verərdi” açıqlamasını eşitmişəm. Mən futbol tarixinin ən yaxşı bombardiriyəm. Yəni 900 və ya 1000 qol vurmaq arasında prinsipial fərq yoxdu. 1000-ə çatmamış öncə 900-ə çatmalıyam. Amma bəziləri 1000 qol həddinə çatmağım haqda elə danışır ki, sanki artıq bunu reallaşdırmışam.
* Artıq elə bir yaşdayam ki, indiki günlə yaşamaq istəyirəm. Keçmişdə yaşadıqlarım məni belə düşünməyə vadar edir. İndi futboldan zövq almağım üçün ən gözəl zamandı. 2023-də vurduğum 54 qol sizə asan görünməsin. Buna nail olmaq üçün çox əmək sərf etməli, üzərimdə işləməli oldum. Amma “Əl-Nəssr”dəki komanda yoldaşlarımın da əməyini unutmuram. Bu qolları məhz onların sayəsində vurdum. 1000 qol həddinə çatmaq və ya AÇ-ni qazanmaq arasında seçim etməli olsam, əlbəttə, düşünmədən ikinci variantı seçərəm.
ƏLİ RAUFOĞLU