Keyfiyyətli yerli oyunçu çatışmazlığı, akademiyaların lazımi səviyyədə futbolçu yetişdirə bilməməsi bu qış fasiləsinin də aktual mövzularından oldu.
Ölkənin futbol klublarında çalışan hansı mütəxəssisi dindiririksə, dərhal giley-güzara başlayır. Axı, akademiyalarda potensiallı yerli futbolçu yetişdirmək üçün nə çatışmır? Buna hansı amillər mane olur? Bəlkə də problem gənclərdə və yaxud da akademiyaların şəraitində deyil? Görəsən, bu yöndə mütəxəssis çatışmazlığı da varmı? Sadalanan suallara cavab tapmaq üçün “Qarabağ”ın akademiyasının əlaqələndiricisi Aftandil Hacıyevlə danışdıq. Təcrübəli mütəxəssis suallara aydınlıq gətirməyə çalışdı:
“Hazırda klublarımızın akademiyalarının lazımi səviyyədə fəaliyyət göstərmədiyini düşünürəm. Bir çox yerli futbolçunun peşəkar səviyyədə yetişməsində problemlər yaşayırıq. Məncə, akademiyalara diqqət ayrılmalıdı və istedadlı futbolçuların itib-batmasının qarşısı alınmalıdı. Bu sahədə bir çox çatışmazlıqlar var. İstər akademiyalarda məşqçilərin, mütəxəssislərin yetərsizliyinin, istərsə də infrastrukturun və meydançaların lazımi səviyyədə olmamasının gənc futbolçuların yetişməməsinə birbaşa təsiri var. Bundan başqa, akademiyalar üçün beynəlxalq turnirlərin təşkili vacibdi. Bir çox futbolçular beynəlxalq turnirlərdə iştirak etdikdən sonra təcrübələrini artıra bilir. Bu baxımdan da akademiyalarımız beynəlxalq turnirlərdə daha çox iştirak etsələr, düşünürəm ki, gələcəkdə faydasını da görəcəklər. Ümumiyyətlə, son vaxtlar futbol çox dəyişib. İndi detallara daha çox fikir vermək lazımdı. Buna görə də müasir futbolun tendensiyalarına uyğun şəkildə futbolçuların maariflənməsi təşkil edilməli və akademiyalar institutlarla sıx əlaqədə olmalıdı. İstər idman institutlarıyla, istərsə də başqalarıyla qarşılıqlı işbirliyində olmalı, maariflənmə artırılmalıdı. Düşünürəm ki, buna ehtiyac var”.
Hacıyev eyni zamanda “Qarabağ” akademiyasındakı görmək istədiyi işlər barədə də fikirlərini bölüşdü:
“Qarabağ” akademiyasında səmərəli işlər görək üçün əlimizdən gələni edirik. Futbolçuların məşqlərinin sistematik şəkildə bir-birinə yaxın və əsas komandaya uyğun olan bir sistemdə qurulması üçün çalışırıq. Yəni gələcəkdə hər bir futbolçunun üst yaş qrupuna qalxdıqda istər məşq, istər oyun baxımından əziyyət çəkməsini istəmirik. Hətta əsas komandaya yüksələndə orda görəcəklərini akademiyada görə bilsinlər. Buna görə də əsas komanda ilə sıx əlaqədə olmağa çalışırıq”.
KAMAL SƏFƏR