"Zirə" - "Araz-Naxçıvan" oyununu izləyənlər arasında sənədli filmlər çəkən rejissor, Naxçıvan təmsilçisinin sabiq mətbuat katibi Tahir Tahiroviç də var idi.
O, matçı ayaqüstə izlədi. "Araz-Naxçıvan"ın həm "qartallar"la oyunda, həm də son 5 turda qələbə qazana bilməməsi haqqında fikirlərini öyrəndik:
"Zirə" ilə oyunda dominant tərəf biz idik. Oyuna 80 faiz nəzarət bizim əlimizdəydi. Sadəcə, əlimizə düşən fürsətləri qaçırdıq. Ümumilikdə son 5 turu götürsək, qələbə qazanmamışıq. Amma bunu faciəyə çevirmək, uğursuzluq zolağı adlandırmaq düz deyil. Çünki həmin 5 görüşdə pis oyun sərgiləməmişik. Ən azı heç-heçələr də qazanmışıq. Bu gün "Araz-Naxçıvan" sərgilədiyi oyunla çempionatımıza rəng qatır. Güclü rəqiblərə başağrısı olur. Təbii ki, bunun da memarı Azər Bağırovdu. Gənc mütəxəssis hələ bundan da böyük uğurlara imza atacaq. Qış fasiləsi ərəfəsindəki son iki turda da qələbə qazanılacaq. Ən azı gözləntim, istəyim, qənaətim budu. Çempionatın 2-ci yarısında daha güclü "Araz-Naxçıvan" görəcəksiz. İnanıram ki, komandamız ilk "3-lük" uğrunda sona qədər mübarizə aparacaq".
ABDULLA İSMAYILOĞLU