Lionel Messi 2023-cü ilin idmançısı seçilib.
"Football-plus.az" xəbər verir ki, o, “Time” jurnalının sorğusunda birinci yeri tutub.
“İnter Mayami”nin hücumçusu ABŞ nəşrinin təşkil etdiyi səsvermədə 1-ci yeri tutan ilk futbolçudu. Bu yay PSJ-ni tərk edərək Amerikaya üz tutan Messi hazırkı komandasında bütün turnirlərdə keçirdiyi 14 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə verib.
Yeri gəlmişkən, onunla bağlı olan digər xəbəri də nəzərinizə çatdırırıq. Lionel Skaloninin gələn yay Argentina yığmasından getmək ehtimalı gündən-günə artır. Bu mövzuda növbəti xəbər yayılıb. “The Athletic” qəzeti baş məşqçinin komandadan ayrılmaq istədiyini, buna səbəb kimi onun yığmanın kapitanı Lionel Messi ilə yola getməməsini iddia edir. Skaloninin artıq komandadakı mühitdən bezdiyi də vurğulanıb. Onu qəzəbləndirən hallardan sonuncusu noyabrda DÇ-2026-nın Braziliya ilə keçirilən seçmə oyununda baş verib. Onda Messinin matçın start fitindən əvvəl argentinalı fanatların polislə qarşıdurmasına görə komandanı meydandan çıxararaq paltardəyişmə otağına aparması baş məşqçidən icazəsiz edilib.
Skaloni və köməçiləri onun bu hərəkətindən bərk narazı salıb. Baş məşqçinin Braziliyaya səfərdə qalib gəldikləri oyundan (1:0) sonra yığmadakı gələcəyi ilə bağlı “Argentina millisinin böyük enerjisi olan, yaxşı bir məşqçiyə eytiyacı var. Mənim futbolu bir kənara qoyub düşünməli olduğum çox şey var” deməsi təsadüfi deyil.
Skaloninin Argentina millisindəki fəaliyyətini 2024-cü ildə keçiriləcək Amerika Kubokundan sonra başa vuracağı haqda xəbərlər indi daha tez-tez yayılır. Bəzi mənbələr “Real”ın mövsümün sonunda komandadan ayrılacaq Karlo Ançelottini məhz onunla əvəzləyəcəyini iddia edir. Artıq tərəflərin danışıqlara başladığı da bildirilir.