Bəhlul Mustafazadə cümə axşamı Avropa Liqasının “Molde” – “Qarabağ” oyununda bərabərlik qoluna imza atmaqla azərbaycanlı futbolsevərlərə böyük sevinc bəxş etdi.
Axı ağdamlıların taleyi tükdən asılı idi. Və karyerasında ilk dəfə avrokuboklarda qol vuran müdafiəçi o ipi qırılmağa qoymadı. Bu qola ən azı Bəhlul qədər sevinən daha bir futbol adamı var. Əlbəttə, söhbət futbolçunun atası, hazırda “Kür-Araz”ı çalışdıran Ələmdar Mustafayevdən gedir. Ondan bu qolu necə qarşıladığını soruşduq:
“Çox çətin oyun oldu. Məğlub duruma düşmüşdük. Komandamız xarakter göstərərək son dəqiqələrdə hesabı bərabərləşdirdi. Bu qol milyonlarla azarkeşi rahatlatdı. Qolun kim tərəfindən vurulmasına o qədər də əhəmiyyət vermədim. Biləndə ki, Bəhluldu, çox qürur duydum. Oyundan sonra Bəhlulla danışdım. Amma daha çox komandanın oyunu haqqında. Bəlkə də bu qol “Qarabağ”ın Avroliqada pley-offa çıxmasını təmin etdi. Həmin gecə mənə çoxlu zəng oldu. Təbriklər bu günə qədər də davam edir”.
MİRKAMAL KAZIMZADƏ