Noyabrın 2-3-də AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Bakıda "Elite Club Programme" təhsil layihəsinə start verildiyindən xəbərdarsız.
Onda seminarda AFFA-nın, PFL-in və Misli premyer-liqasında mübarizə aparan klubların nümayəndələri iştirak etmiş, idarəçilik, təşkilatçılıq, klub təsərrüfatı ilə bağlı müxtəlif məsələlər müzakirə olunmuşdu.
Layihənin növbəti – ikinci sessiyası dekabrın 5-10-u aralığında Frankfurtda keçiriləcək. “Futbol+”in əldə etdiyi özəl bilgirə görə, PFL-in prezidenti Elxan Səmədov, texniki-idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev bu gün səhər saatlarında Almaniyaya yollanıb. Bu səfərin üzərində xüsusi dayanmaqda məqsədimiz var. İş ondadı ki, son günlər ölkə kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun dekabrın 21-də Xankəndidə keçiriləcəyi ilə bağlı söhbətlərin intensivliyi daha da artıb. Hətta dünən bununla bağlı Gənclər və İdman Nazirliyində hansısa məxfi iclasın keçirilməsinə aid xəbərlər də var. Maraqlıdı ki, AGİN-dən və PFL-dən iclasla bağlı açıqlama istəyimiz yenə uğursuzluğa düçar oldu. Heç kim bu mövzuda danışmaq istəmir! Oyunun təşkili yönündə işlər o qədər məxfi həyata keçirilir ki, adam təəccübünü gizlədə bilmir. Hər halda, ümid edək ki, məhz bu ay Xankəndi stadionu azərbaycanlı futbolçuları “ağuşuna alacaq”. Bu başqa məsələ ki, qarşıdakı günlərdə təşkilatçılıqla bağlı məsələlərin müzakirəsində PFL rəhbərliyi iştirak edə bilməyəcək. Bir qədər əvvəl vurğuladığım kimi, onlar Frankfurta yollanıb.
HUŞƏNG