Braziliya futbol ictimaiyyəti dərin düşüncələrə dalıb.
"Football-plus.az" xəbər verir ki, azarkeşlərin “səbr kasası daşıb”. Cənubi Amerikanın ən böyük ölkəsinin komandası uğursuzluq zolağından heç cür çıxa bilmir. DÇ-2026-nın seçmə turnirində ortabablar sırasında ləngər vuran Braziliya yığmasının regiondakı və dünya futbolundakı statusunu böyük ölçüdə itirməsinin çox müxtəlif səbəbləri var. İndi bəzi səbəblərə aydınlıq gətirməyin vaxtıdı.
Acınacaqlı vəziyyət
Beşqat dünya çempionu əslində seçmə mərhələyə əla başlamışdı: evdə Boliviyanı darmadağın edən (5:1) “selesao” səfərdə Peruya minimal hesabla qalib gəlməklə Argentina kimi startda iki qələbə ilə şərikli liderliyə nail olmuşdu. Lakin sonra başverənlər Fernando Dinizin başçılıq etdiyi komandada işlərin heç də qaydasında olmadığını göstərdi. “Sambaçılar” sonrakı 4 oyunda hesabına yalnız 1 xal yaza bildilər. Argentinaya qarşı son matçdakı məğlubiyyət (0:1) Braziliya yığmasının tarixinə iki antirekord kimi düşdü. Komanda seçmə turnirdə ilk dəfə öz meydanında uduzdu. Bundan əvvəl evdə keçirilən 64 oyun 51 qələbə və 13 heç-heçə ilə başa vurulmuşdu. İkinci üzücü fakt isə “selesao”nun ilk dəfə bu mərhələdə ardıcıl üç oyunda məğlub olmasıdı. Hazırda 6 oyuna 7 xal toplayan Dinizin komandası 10 iştirakçının yarışdığı yeganə qrupda 6-cı yeri tutur. Və indi məlum olur ki, Braziliyanın qalib gəldiyi Boliviya ilə Peru uyğun olaraq 3 və 2 xalla cədvəlin son iki pilləsini zəbt edənlərdi...
Adı səslənəndə istər-istəməz hamını az-çox təlaşa salan yığmanın belə acınacaqlı vəziyyətə düşməsinin obyektiv və subyektiv səbəbləri var. Ədalət naminə komandanın son iki seçmə oyunu ciddi itkilərlə keçirdiyini xatırlatmalıyıq: zarafat deyil, Diniz zədə səbəbindən Ederson, Kazemiro, Neymar və Rişarlisondan hər iki, Qabriel Jezus və Vinisius Junior kimi aparıcı oyunçulardan isə bir oyunda yararlana bilmədi.
Cari əsrdə yalnız iki “Qızıl top”...
“Sambaçılar”ın regionun ortababı görüntüsünü verməsinə təsir edən digər amillər də var. Braziliyalılar artıq çoxdandı dünyanın ən yaxşı futbolçusu seçilmirlər. Onların sıralarında Lionel Messi və Kriştiano Ronaldo kimi istənilən matçın gedişini dəyişə və komandanı sabit çıxışı ilə qalibə çevirə bilən futbolçu görünmür. Bəli, Neymar çox güclü oyunçudu. Amma onun milli formada indiyədək vuduğu 79 qolun heç biri Amerika Kubokunda və dünya çempionatında qələbəni təmin etməyibsə, 31 yaşlı hücumçunun fəaliyyəti Messi ilə Ronaldonun milli formada qazandıqları ilə müqayisə oluna bilməz. Neymar indiyədək “Qızıl top”u əlinə ala bilməyib. Ümumiyyətlə, bu mükafata cari əsrdə yalnız iki braziliyalı – Ronaldo ilə Kaka layiq bilinib. Bu isə Braziliya üçün çox-çox azdı. Deməli, böyük futbol ölkəsi artıq dünya miqyasında “1” nömrəli futbolçu yetişdirə bilmir. Son illər sabit çıxışı ilə seçilən Vinisius hələ ki belə zirvədən uzaqdadı. “Real”ın vingeri “France Football” həftəliyinin Messinin 8-ci (!) uğuru ilə nəticələnən son sorğusunda 6-cı yeri tutub. Erlinq Holann, Kilian Mbappe və Cud Bellingem Vinisiusun onlardan daha yaxşı oyunçu olması fikri ilə çətin ki, barışsınlar. Yeri gəlmişkən, bir il əvvəl sorğuda 8-ci olan Junior iki il öncə heç 30 namizədin siyahısına belə düşə bilməmişdi. 23 yaşlı braziliyalının çox istedadlı olduğu aydındı. Amma fakt budu ki, Neymarı nəzərə almasaq, milli komandada belə oyunçuların sayı uzaqbaşı üçə bərabərdi.
Qapıçılar Alisson ilə Edersonun eyni anda meydanda ola bilmədiklərini də qeyd edək. Artıq 31 yaşlı Kazemironun əvvəlki yüksək səviyyəli formasını nümayiş etdirə bilmədiyi göz qabağındadı. Onun üçün milli formada böyük yolun sona çatdığını iddia etmək olar. “Mançester Yunayted”in dayaq yarımmüdafiəçisi üç ildən sonrakı dünya çempionatına, çətin ki, formasının zirvəsində yollansın (təbii ki, ilk növbədə DÇ-2026-ya vəsiqə qazanılmalıdı). Yığmanın dəyişməz müdafiəçisi Markinyos karyerasının son on ilini PSJ-də keçirib. Onun son 5 ildə səviyyə artımına nail olmadığını əminliklə söyləmək mümkündü. Komandanın cinahlarında çoxdandı Roberto Karlos və Kafu səviyyəsində müdafiəçilər yoxdu, hücumda isə “yeni Ronaldo” görünmür. Braziliya əvvəllər istedadlı oyunçuların sayına görə dünyada lider idi. Amma hazırda bu planda Fransa, İspaniya və İngiltərədən geri qalır. Hətta regionda Argentina da son vaxtlar üstünlüyü ələ almağa başlayıb. Bunu əzəli rəqiblə keçirilən son oyunların nəticəsi də sübut edir. 2021-ci ildə Braziliyada təşkil edilən Amerika Kubokunun finalında ev sahiblərini məğlub edən “albiselesta” noyabrın 21-də Rio de Janeyroda yenə minimal hesabla qalib gəldi. Bununla da “sambaçılar”ın seçmə turnirin ev oyunlarında 69 illik məğlubiyyətsiz seriyası sona çatdı!..
Dünya səviyyəli məşqçi problemi
Messi səviyyəsində futbolçu yetişdirmək mümkün deyilsə, vəziyyəti güclü məşqçinin sayəsində “sığortalamaq” olar. Amma dərd ondadı ki, milli komandanı son illər çalışdıran mütəxəssislərin heç biri dünya səviyyəli deyil. Bu, Braziliya yığmasında davam edən digər problemdi. Təsadüfi deyil ki, yerli futbol məmurları artıq milli komanda üçün əcnəbi məşqçi axtarışını zəruri sayır.
Son 25 ildə “selesao”nun başında dahi mütəxəssis görünməyib. Sonuncu dahi kimi Mario Zaqallonu xatırlamaq olar. Amma o, yalnız milli komanda üçün belə statusa malik idi. Zaqallo klub səviyyəsində böyük uğur qazana bilməyib. Amma ölkənin əsas komandası ilə baş məşqçi (1970) və əlaqələndirici (1994) kimi iki dəfə dünya çempionu olub. Daha bir dəfə isə Fransada keçirilən mundialın (1998) finalında yerli komandaya məğlubiyyətin üzüntüsünü yaşayıb. İndi 92 yaşında olan Zaqallo futbolla məhz milli komandanın əlaqələndiricisi kimi 2006-cı ildə vidalaşıb.
Visente Feola ilə Tele Santana da güclü mütəxəssis olublar. Hətta futbola jurnalistikadan gələn və Zaqallo üçün DÇ-1970-də unikal çempion heyəti formalaşdıran Saldanya da qısamüddətli karyerasına baxmayaraq, yüksək səviyyəli çalışdırıcı kimi tanınıb. Yığmanın sonrakı baş məşqçiləri isə mübahisəli personajlar kimi yadda qalıb. Hətta komandanı DÇ-1994-də qələbəyə daşıyan Karlos Alberto Parreyra ilə Karlos Dunqanın ümumi səviyyəsi də mübahisə doğurub. Bu baxımdan DÇ-2002-nin qalibi olan Luis Felipe Skolari ilə Titeni də bütün dövrlərin əfsanəvi mütəxəssisi adlandırmaq çətindi. Yığmanın tarixinin ən biabırçı məğlubiyyəti məhz Skolarinin dövründə qeydə alınıb: Braziliyada təşkil edilən DÇ-2014-ün yarımfinalında Almaniya qarşısında darmadağın olan (1:7) “selesao” heç 3-cü yeri belə tuta bilməyib. Evdə belə alçaldıcı məğlubiyyətə yalnız iradəsiz komanda uğraya bilərdi. Yığmaya 2016-22-ci illərdə başçılıq edən Titenin iki dünya çempionatını boşa verməsi və yeganə qazancının 2019-cu ildə Amerika Kubokunda qələbə olduğunu da xatırladaq. O, Qətərdə ötən ilin sonunda keçirilən mundialın 1/4 finalında Xorvatiyaya məğlubiyyətdən dərhal sonra istefaya yollanmışdı.
Bir neçə ay başsız qalan komanda DÇ-2026-nın seçmə turniri ərəfəsində Dinizə tapşırıldı. Məlumunuz olsun ki, 49 yaşlı mütəxəssisin yığmaya təyinatı müvəqqəti xarakter daşıyır. Belə ki, Diniz hələ də “Fluminenese”ni çalışdırır. Braziliya Futbol Konfederasiyası (BFK) onunla müddəti 2024-cü ilin iyununa qədər razılaşdırılan müqavilə bağlayıb. Bir neçə ay əvvəl yerli mediada bu təyinatla bağlı yayılan xəbərlərdə BFK-nın Karlo Ançelotti ilə şifahi razılıq əldə etdiyi də vurğulanmışdı. İddiaya əsasən, titulları aşıb-daşan italyan mütəxəssis cari mövsümün sonunda “Real”dan ayrılıb Braziliyaya yollanacaq. Ancaq don Karlo bir neçə həftə əvvəl bu iddiaya kölgə salan qısa açıqlamasında İspaniya klubunda qalıb işləməyə hazır olduğuna işarə vurmuşdu. Bəlkə də arada şifahi razılıq var. Amma belə razılaşma hələ təyinatın 100 faiz rəsmiləşəcəyi demək deyil. Don Karlonun istənilən halda “sambaçılar”ın oyunlarını izlədiyini düşünmək olar. Bəlkə də parlaq karyerasının sonuncu mərhələsini Cənubi Amerikada keçirdi...
Hazırkı Braziliyada əfsanəvilik çatışmır
Hazırkı Braziliya yığmasında əfsanəvilik xüsusiyyəti də çatışmır. Halbuki komandanın dünya futbolunda lap çoxdan formalaşan imicində bu keyfiyyət də əsas rol oynayıb. Bu yerdə Pele və Qarrinçadan tutmuş Ronaldoya qədər bir çox əfsanəvi futbolçunun adını yada salmaq olar. Amma ölkə futbol ictimaiyyətinin Neymara o, hələ yeniyetmə və gənc yaşlarında olarkən bəslədiyi böyük ümidlər puç olub. Özünü superbombardir kimi göstərən, milli formada dahi Pelenin 77 qolluq rekordunu arxada qoyan hücumçu həlledici oyunlarda adi oyunçuya çevrilir. Neymarın simulyasiyaları və göz yaşları Bebetonun yeni doğulan övladına görə yaşıl meydandaca bayram etməsi, Roberto Bacconu təşviyə salan Taffarelin qeyri-adi baxışı və Ronaldonun DÇ-2002-dəki başgicəlləndirici fintləri deyil. Braziliya məhz əfsanələri ilə sehirli komanda imici qazanıb.
Onlar artıq çoxdan arxada qalıb. Davamçıları isə uzun müddətdi görünmür. Ölkə futbolu Neymardan “yeni futbol kralı” formalaşdıra bilmədi. Milli komandada, sadəcə, koloritlik çatışmır. Ümumi ustalıq səviyyəsi aşağı düşüb. Ronaldo, Rivaldo və Ronaldinyo səviyyəcə Antoni, Rodriqo və Rişarlisondan aşkar üstündü. Neymarın isə DÇ-2026-nı fantastik səviyyədə keçirib Braziliyaya 6-cı çempionluğu qazandırmaq şansı minimuma, bəlkə də sıfra bərabərdi...