Yığmamız AÇ-2024-ün seçmə mərhələsinin sonuncu oyununda səfərdə Belçikaya biabırçı hesabla məğlub oldu - 0:5.
Məğlub olmaq bəs deyil, matçdan sonra keçirilən mətbuat konfransında da baş məşqçi Canni de Byazi azərbaycanlı jurnalistlərin suallarına tap gətirməyərək, həmkarlarımızın ünvanına təhqir yağdırdı. "Football-plus.az" olaraq, bu məsələ ilə bağlı tanınmış millət vəkili Aqil Abbasla əlaqə saxlayaraq fikirlərini öyrəndik.
"Günah De Byazidə deyil, onu bura gətirənlərdədi. Gəldi, yedi-içdi, pulunu yığdı, indi də müvqaviləsindəki bəndə əsasən çıxıb gedir. Ola bilsin saxladılar da. Belçika ilə oyunda Eddi İsrafilova göstərilən "qırmızı" vərəqəni AFFA italiyalı məşqçiyə göstərməliydi. Heç Eddi də futbolçu deyil. Nə bilim, hardan tapıb gətiriblər".
Aqil bəy italiyalı mütəxəssisin Belçika ilə görüşdən sonra azərbaycanlı jurnalistləri "axmaq" adlandırmasını da sərt şəkildə tənqid etdi:
"De Byazi qələt edib, özü də nəslinin ağzı ilə ki, jurnalistlərə elə söz deyib. O, tək media nümayəndələrini deyil, birbaşa Azərbaycan xalqını təhqir edib. Jurnalist xalqın övladıdı. Yenə də deyirəm, qələt edir De Byazi. Onu ölkəmizə gətirənlərdən arxayındı, ona görə belə böyük danışır. İndi də görür ki, gedirəm, başlayıb...Yaxşı ki pis söyüş işlətməyib".
Tanınmış millət vəkili yığmanı kim çalışdırmalıdı sualına da belə cavab verdi:
"Milliyə gətirsinlər Rəşad Sadıqovu, Samir Abasovu, Ayxan Abbasovu, Tərlan Əhmədovu. Bunlara nə olub axı? Hamısı perspektivli gənclərdi. Millinin meydanda oynadığı futbola gəlincə, heyət yaxşıdı, meydanda sona kimi mübarizə aparıb can qoyurlar, ancaq bizim o vaxt məhlədə oynadığımız futbolu sərgiləyirlər".
CAVİD ƏLİYEV